Uzun illər tariximizə, tarixin yaddaşı olan toponimlərimizə (yer adlarımıza) biganəliyimizdən hiyləgər qonşularımız öz çirkin məqsədləri üçün çox məharətlə istifadə ediblər. Hələ sovet dönəmində alban məbədlərimizi erməniləşdiriblər, göz yummuşuq, neçə-neçə yer adlarımızı dəyişdiriblər, dinməmişik. Gələcək işğalçı niyyətlərini həyata keçirmək üçün gizlin-gizlin hazırlaşıblar, əhəmiyyət verməmişik...
İllər öncə Qarabağda - Tərtər çayının sol sahilində, Keçəldağın ətəklərində geoloji-axtarış işləri aparırdıq. Tonaşen kəndində dəstəmiz üçün baza olaraq bir ev kirayələmişdik. Tonaşen – meşənin içində, dərə-təpəlikdə salınmış kiçik bir kənddir. Vaxtılə bizim geoloqlar burada barit yatağı aşkar edib, geoloji-kəşfiyyat işləri aparmış və yatağın ehtiyatlarını hesablamışlar. Barit - ağ rəngli mineraldır, neft sənayesində quyuqazma işlərində ağırlaşdırıcı maddə kimi istifadə edilir. Kəndin içində, maşın yolunun üst tərəfindəki yamacda uzunluğu 20, qalınlığı bir metrə yaxın çox gözəl bir barit damarı, adi insana heç nə deməsə də, geoloqa gəl-gəl deyirdi. Amma bizim məqsədimiz barit yox, mis, qızıl və digər metal yataqları axtarmaq idi. Bu səbəbdən iş planına uyğun olaraq, kəndin qərbində, Torağayçayın sol sahilində kiçik bir dərədəki süxurlara da baxmaq lazım idi. Geoloji xəritəyə görə həmin yerdə mis filizləşməsi üçün əhəmiyyətli olan intruziv (dərin maqmatik) süxurların çıxışları olmalıydı. 
Axşamdan gedəcəyimiz yeri və marşrutu dəqiqləşdirdik. 1:25000 miqyaslı topoqrafik xəritədə həmin yerə qədər maşın yolu işarəsi vardı. Səhər tezdən QAZ-66 markalı yük maşını ilə ora yollandıq. Yol əvvəl Tərtər, sonra isə Torağayçayın sol sahili boyu gedirdi. Yolun alt tərəfi uçurum, üst tərəfi  dik yamac və hər iki tərəfi də sıx meşəlik idi, həm də əyri-üyrü olduğundan uzaqları görmək mümkün olmurdu. Adam qəribə hisslər keçirirdi, sanki sonu görünməyən dolanbac və dar yaşıl dəhlizlə gedirdik. Yol torpaq (qrunt) olsa da yaxşı qalmışdı, elə bir maneəyə rast gəlmədən irəliləyirdik. Yolboyu arabir bizim üçün ciddi əhəmiyyət kəsb etməyən Yura yaşlı vulkanik süxurların çıxışları müşahidə edilirdi.
Xeyli getməyimizə baxmayaraq, yolun sonu görünmürdü. Məni maraq götürmüşdü: bu nə yoldur, nə üçün çəkiblər, hara gedir və s. bu kimi suallar başımda dolaşırdı. Xəritədə bu tərəflərdə heç bir yaşayış məskəni qeyd edilmirdi, yalnız bir kilsə işarəsi vardı. Həqiqətən, bir qədər getdikdən sonra yoldan azacıq aralıda, nisbətən düzəngah yerdə, daşları qaralmış qədim bir kilsə göründü. Yəqin ki, alban kilsəsi idi, çoxdan fəaliyyətsiz olduğundan ətraflarını meşə ağacları basmışdı. Kilsənin yaxınlığında, doğrudan da, bizim üçün maraqlı olan intruziv süxurların çıxışları vardı, onlardan analiz üçün nümunələr götürdük. Amma hər tərəf torpaq qatı və meşə ilə örtülü olduğundan intruziv və vulkanik süxurların təmaslarını müşahidə etmək mümkün olmadı. 
Qəribə idi, kilsədən sonra da bu keyfiyyətli və eyni zamanda, müəmmalı yol davam edirdi. Demək, yol yalnız kilsəyə getmək üçün çəkilməyib. Yolun uzanmağı marağımı bir qədər də artırdı: görəsən bu yol hara qədər gedir? Ehtimal etmək olardı ki, yolu nə vaxtsa buralarda işləyən geoloqlar çəkib. Doğrudan da, Böyük və Kiçik Qafqaz dağlarında keçilməz dağ kəndlərimizin bir çoxuna avtomobil yolunu məhz oralarda geoloji-kəşfiyyat işləri aparmış geoloqlarımız çəkiblər. Məsələn, Daşkəsən rayonunda Təzəkənddən Qaşqaçay yaylağına maşın yolunu 1985-ci ildə bizim dəstənin maliyyəsi hesabına rəisimiz Rəfail Ələsgərov (Allah ona rəhmət eləsin!) çəkdirmişdi. Məqsəd, Qoşqarçay mis-porfir yatağında buruq-qazm işləri aparmaq üçün, ağır texnikanın ora gəlməsini təmin etmək idi... Nə isə, bu ehtimalın doğru olması inandırıcı görünmürdü, çünki bu tərəflərin geoloji xəritəsində, nəinki hər hansı yataq, heç onun təzahürü belə qeyd olunmamışdı. Yəni, geoloqların bura yol çəkməsi üçün elə bir ciddi əsas yox idi. Elə isə, nə məqsədlə çəkmişdilər bu xəlvət yolu? 
Dəstəmiz sürücü ilə birlikdə 7 nəfərdən ibarət idi. Təmas süxurlarını axtarıb tapmaq üçün bir qədər də irəli getməyə qərar verdik. Razılaşdıq ki, sürücü, Cəmşid və Afəs maşının yanında qalsın, dördümüz isə qabağa gedək. Ətraflara baxa-baxa xeyli irəlilədik, lakin köklü (ana) süxurlar qalın torpaq qatı ilə örtülü olduğundan maraqlı bir çıxış görə bilmədik və uşaqlar geri qayıtmağımızı məsləhət bildilər. Mən razılaşmadım: təmas süxurlarını görmək və yolun haraya qədər getməyini bilmək ümidi ilə axtarışı davam etdirməyə qərar verdim. Allahverdi və İsmayıl geri döndülər. Malik isə mənimlə getmək istədiyini bildirdi (Malik Məmmədov tələbə yoldaşımdı, hazırda "AzərQold” şirkətində işləyir). İkimiz yol boyu rast gəldiyimiz süxurları çəkiclə sındırıb baxa-baxa xeyli irəlilədik və qəti əmin oldum ki, buradan o yana intruziv və vulkanik süxurların təması ola bilməz. Deməli, geri qayıtmaq lazımdır, amma yolun hara getməsini bilmək marağı məni maqnit kimi özünə çəkirdi. Dayandıq, dinşədik, ətraf tam sakitlik idi, arabir quşların səsi və dərənin dibindən zəif su şırılltısı eşidilirdi. Olduğumuz yeri dəqiq müəyyən etmək üçün xəritəyə baxdım. Maşından xeyli aralanmışdıq, artıq qərar vermək lazım idi: irəli, yoxsa, geri? Bu barədə Malikin fikrini öyrənmək məqsədilə:
-  Hə, nə deyirsən, irəli gedək, yoxsa, qayıdaq?- deyə ondan soruşdum.
-  İrəlidə nə var ki?
-  Bilmirəm, elə mən də onun üçün deyirəm də, gedək görək nə var, bu yol hara gedir. 
-  Özün bil, gedirsən gedək, amma günorta olub, yemək vaxtıdır, bizim isə yeməyə heç nəyimiz yoxdur. Məncə, qayıtsaq yaxşıdır.
Malik tərəddüd etsə də, mən getməkdə israrlı idim. Artıq məni ərazinin geologiyasından çox, yolun sonu maraqlandırırdı. 
- Yaxşı, istəyirsən sən qayıt, mən bir az gedib geri dönəcəm. Xəritəyə görə yol qabaqda sona çatmalıdır. 
- Onda birlikdə gedək, amma tez qayıdaq, - deyə Malik könülsüz  dilləndi.
- Hə, tez qayıdarıq, yəqin ki, uşaqlar da nigarandırlar, - deyərək razılaşdım.
Nəhayət, yol meşənin içində, nisbətən düzənlik bir yerdə görünməz oldu, itdi. Ətraf əsasən iri fıstıq, vələs və palıd ağaclarından ibarət sıx meşəlik idi. Fikirləşdim ki, yolu yəqin odun qırmaq üçün çəkiblər. Doğrusu, bu versiyaya da inanmaq olmurdu, çünki yol asfalt olmasa da, mükəmməl idi, heç mənim əvvəllər gördüyüm dağ-meşə yollarına oxşamırdı, hətta bəzi yerlərdə kənarları bərkidilmişdi. Bir az da irəli getdik və qəfil xorultu səsi bizi diksindirdi. Baxıb görürük ki, qabaqda, ağacların dibində bir sürü donuz eşələnir. Düzü, əvvəl qorxduq, elə bildik, çöl donuzlarıdır. Özünümüdafiə instinkti ilə tez çəkiclərimizi çiynimizə qaldırıb hazır vəziyyət aldıq. Sonra diqqətlə baxdıq və onların ev donuzları olduğunu anladıq. Donuzlar heç bizə fikir vermədən başlarını aşağı salıb fıstıq, palıd qozaları tapıb yeyirdilər. Adamın ağlına gəlməzdi ki, əldən-ayaqdan uzaq bir yerdə, meşənin ortasında ev donuzlarına rast gələsən. Deməli, burada kimsə olmalı idi, yoxsa, bu qədər donuz sahibsiz ola bilməzdi. Bir qədər də irəlilədik. Artıq aclıq və susuzluq ozünü büruzə verirdi. Dünyanın sonunu xatırladan bu xəlvət guşədə kiməsə rast gəlmək möcüzə olardı. Bir neçə metr də qabağa getdik və irəlidə bir koma göründü. Komaya 25-30 metr qalmış dayanıb  ucadan səsləndik:
-  Burda kimsə var? 
Cavab gəlmədi. Komaya bir az yaxınlaşıb yenidən səsləndik. Komadan bir kişi çıxdı, anlaqsız kimi komanın ağzında durub bizi qəribə, bir az da narazı nəzərlərlə seyr etməyə başladı. Deyəsən, gözlərinə inanmırdı, gördüyünün yuxu və ya gerçək olduğunu ayırd etməyə çalışırdı.
- A kişi, bu donuzlar sənindir? – deyə ucadan soruşdum. O, sanki yuxudan ayıldı, cavab verməyərək asta-asta bizə sarı gəldi, yaxınlaşıb çiynimizdə tutduğumuz çəkicləri ehmalca aşağı saldı. Hiss elədik ki, o da bizim qəfil gəlişimizdən bərk qorxub. Qarşılıqlı qısa sorğu-sualdan belə məlum oldu ki, o, Qrişa adında yaşlı bir ermənidir, burada kolxozun donuzlarını saxlayır. Malik qarabağlı olduğundan ermənilərlə danışmaq təcrübəsi vardı:
-  Axpercan, yeməyə nəyin var, yaman acmışıq,- deyə ondan soruşdu.
-  Nə, yemax?- Qrişa sanki ağır eşidirmiş kimi dilləndi. Görünür belə bir sualla ona müraciət etməyimizi heç gözləmirdi.
-  Hə,  deyirəm yeməyə bir şey var?- Malik sualını hündürdən təkrarladı.
-  Ara, gedax, baxax görax, nə taparıx,- deyə o bizi komasına dəvət etdi.
Koma nə koma, Rabinzon Kruzonun koması bunun yanında oliqarx villası idi. Dar, üçbucaq şəkilli komaya güclə yerləşdik. Komada hər şey – masa, oturacaq, çarpayı və s. yonulmamış meşə ağaclarından düzəldilmiş, komanın üstü isə yaş yarpaqlı budaqlarla örtülmüşdü. Kişi tavandan asılmış torbadan çörək və yaşıl sarımsaq çıxarıb masaya qoydu və - ha, durmayın, yeyin,- dedi. Yenicə çörəklə sarımsağı yeməyə başlamışdıq ki, Qrişa nə fikir elədisə, əyilib künc tərəfdən yekə bir qazanı götürüb qoydu masanın üstünə və:
-  Bilirəm, siz musurmanlar bunu yemirsiniz, amma başqa bir şey yoxdur, - deyib qazanın qapağını götürdü. 
Gözlərim bərəldi, az qaldı huşumu itirəm. Maliklə bir-birimizə baxdıq. Qazanın içində bişmiş yekə bir donuz başı vardı, qulaqları da üstündə. Yemək adına ömrümdə belə müdhiş bir mənzərə görməmişdim. Malik donuz xaşını göstərib:
-  Bu nədi bizə verirsən, başqa bir şey yoxdur? 
-  Ara dedim, axı, başqa heç nə yoxdur. Görürəm acsınız, yiyacaxsınız, qorxmayın, yiyın, heç zad olmaz.
Maliki bilmirəm, kolbasanı nəzərə almasaq, mən ömrümdə donuz əti yeməmişdim. Təbii ki, bu, müsəlmanlığa sədaqətdən deyil, ənənədən gəlirdi, ehtiyac duymamışdım. Bir müddət nə edəcəyimizi bilmədən qazana baxa-baxa qaldıq. Malik onların xasiyyətlərinə deyəsən yaxşı bələd idi:
-  Axper, sən ehtiyatlı adama oxşayırsan, bir bax gör başqa nə var?- deyə bir daha soruşdu. Axper də yenə bir söz demədi, əyilib arxadan bir litrlik dolu şüşə və 3 stəkan çıxarıb masanın üstünə qoydu:
-  Ha, bu da tut arağı, özüm çəkmişəm,- deyib stəkanları ortasına qədər doldurdu və, - için, sonra baxarıq,- dedi.
Bir-iki loxma sarımsaqla çörək yemişdik, mədəmizin şirə ifrazı daha da artmışdı. Ət yemək istəsək də, donuzun qulaqları iştahımı qaçırdırdı. Stəkanları boşaltdıq, tut arağı boğazımızı yandıra-yandıra mədəmizə gedib çatdı və bizə dəli bir iştah gətirdi. Mən tərəddüd içində qalmışdım və baxdım ki, Malik donuz başının boyun hissəsindəki ətlərdən bıçaqla kəsib xırda-xırda yeyir. Daha bir badədən sonra - "Allah günahımdan keçsin”- deyərək mən də cib bıçağımı çıxarıb boyun ətlərindən kəsib yeməyə başladım. Yedik doyduq, vəziyyət düzələndən sonra ermənidən soruşuram ki, "sən hansı kənddənsən?”. Dedi ki, "Həsənrizdən”.
-  O nə kənddir elə?- təəccüblə soruşuram.
-  Aterkin əvvəlki adıdır,- deyir.
-  Həsənriz nə deməkdir?
-  Deyirlər, bu kəndi Həsən və Rza adlı iki qardaş salıb, ona görə də adı Həsənriz qalıb. Kənddə yaşlı adamlar belə deyirlər.
-  Bəs, o  qardaşlar kim idi?
-  Onlar musurman idilər, sonra bizim babalar İrandan gəldilər və bu kəndin bir qırağında yerləşdilər. 
-  İndi necə, kənddə müsəlman var?
-  Yox. Onlar sonra yavaş-yavaş başqa kəndlərə köçdülər.
Bax, belə-belə işlər! Aterk kəndində yaşayan erməni kəndə Həsənriz deyir, biz isə Aterk. Əslində, Qafqazın 1903-cü il tarixli xəritəsində bu kənd elə Həsənriz kimi yazılmışdı, lakin Sovet dönəmindəki bütün xəritələrdə nədənsə Həsənriz dönüb olmuşdu Aterk. Hətta, yadımdadır o kənddən Bakıya birbaşa avtobus işləyirdi, qabağında da iri hərflərlə yazılmışdı: Aterk-Bakı. Düzdür, müstəqillik dövrü xəritələrində həmin kəndin adı artıq Həsənriz kimi qeyd edilsə də, ermənilər onu Aterk yazmaqda davam edirlər. 
Görünür, toponimlərimizin taleyinə, tariximizə illərcə biganə olmuşuq, düşmən də bundan xaincəsinə bəhrələnib. Ermənilər, nəinki Ermənistan ərazisində, hətta Qarabağda  öz çirkin işlərini indi də davam etdirirlər. AMEA-nın  akad. H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları son 25 ildə Qarabağ ərazisində təxminən 280 toponimin dəyişdirildiyini bildirirlər. 
Bəli, bu yol əhvalatı düz 40 il bundan əvvəl Qarabağda baş vermişdi. İndiki rakursdan baxanda o vaxt fikir vermədiyimiz üç məqam diqqət çəkir:
Birincisi, "o xəlvəti yolu kimlər və nə məqsədlə çəkmişdi” sualı mənə tam aydın olmasa da, indi fikirləşirəm ki, biz fil qulağında yatanda ermənilər o gizlin yoldan öz gələcək məkrli planlarını həyata keçirmək üçün istifadə edirdilər. Bəlkə də oralarda məxfi ideoloji və diversiya məqsədli təlim-məşq toplantıları keçirirdilər.
İkincisi, məlum oldu ki, ermənilərin Aterk adlandırdığı böyük bir kəndi vaxtı ilə azərbaycanlı Həsən və Rza adlı iki qardaş salıb və uzun müddət onların adı ilə Həsənriz adlanıbdır. Sonralar Qarabağdakı digər coğrafi adlarımız kimi onun da adı erməniləşdirilərək dəyişdirilib. Amma "Azərbaycan toponimləri” adlı sanballı ensiklopedik lüğətdə, nədənsə "Həsənriz” sözünü Həsən və Rza ilə deyil, Xaçen knyazı Həsən Cəlalın adı ilə əlaqələndiriblər. 
Və ücüncüsü, yalançı erməni tarixçilərindən fərqli olaraq, erməni kəndlisi səmimiyyətlə etiraf etdi ki, həmin kəndə onun babaları vaxtılə İrandan gəlmişlər və sonra da yerli azərbaycanlı əhalini yavaş-yavaş sıxışdırıb o kənddən çıxarmışlar. Bu da ermənilərin Qarabağa sonradan gəlməsinin və erməni şovnizminin bariz nümunəsi!
Göründüyü kimi, nankor qonşularımız tariximizi silmək, onu təhrif etmək üçün uzun illər gizlin-gizlin, oğrun-oğrun fəaliyyət göstəriblər.
Beləcə, xain qonşularımız ciddi-cəhdlə tariximizi saxtalaşdırmaqla məşğul olanda biz: -"Qalada yatmış idim, top atdılar oyanmadım” - xalq mahnısı oxuyurduq. Düzdür, son 30 ildə az-çox oyanmışıq, amma yuxudan tam ayılmamışıq, yarımyuxuluyuq. Mənfur düşmənlə mübarizə etmək, ona qalib gəlmək və torpaqlarımızı işğaldan azad etmək üçün tam oyanmalıyıq. Tam oyanmaq, yəni ayılmaq arzusu ilə, cənablar! 
 
Rəşid Fətəliyev
12 Fevral 2019