Zeynalova Səidə Marif qızı landşafşünaslıq (2-00-23) ixtisası üzrə elmi tədqiqatlar aparır. O, 1998-ci ildə “Cənub-Şərqi Qafqazın cənub yamacının arid landşaftlarının indikasion deşifrlənməsi” mövzusunda coğrafiya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Hazırda “Геодинамические закономерности формирования ландшафтов западного побережья Каспийского моря “ mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
S.M.Zeynalova arid və semiarid komplekslərin landşaft-indikasiya metodu ilə deşifrlənməsi üzrə tanınmış mütəxəssisdir. O, bu problemə həsr olunmuş çoxlu elmi məqalələrin müəllifi olmaqla bərabər, ölkəmizdə və ölkədən kənarda keçirilmiş elmi konfranslarda uğurla çıxış etmişdir. Bu istiqamətdə onun 50-dən artıq elmi məqaləsi çap olunmuşdur.
S.M.Zeynalova 1996-cı ildən institutda yerinə yetirilən müxtəlif istiqamətli elmi-hesabat işlərinin məsul icraçılarından biridir. O, bu tədqiqat işlərində müasir landşaftların differensiasiyası, palçıq vulkanlarının yayıldığı ərazilərin ekoloji vəziyyətinin öyrənilməsi, arid, semiarid komplekslərin landşaft indikasiya metodu ilə öyrənilməsi problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Onun tərəfindən Kiçik Qafqazın müasir landşaftlarının ekoloji vəziyyətinin öyrənilməsi və onlara antropogen təsirlərin optimallaşdırılması, Xəzər dənizi sahillərinin, Böyük Qafqazın şimal-şərq və cənub-şərq yamaclarının, Kür-Araz ovalığının müasir landşaftlarının differensiasiya qanunauyğunluqlarının, ekoloji potensialının qiymətləndirilməsi, ekoloji müxtəlifliyinin tədqiqi istiqamətində apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir.
S.M.Zeynalova Cənub-Şərqi Qafqazın cənub yamacının arid landşaftlarının tədqiqi istiqamətində apardığı tədqiqatlar xüsusilə fərqlənir. Bu ərazi ilk dəfə olaraq onun tərəfindən aerokosmik şəkillərin indikasiya deşifrlənməsi metodu əsasında öyrənilmiş və regionun ayrı-ayrı hissələri üçün iri miqyaslı (1:100 000) xəritələr tərtib olunmuşdur. Onun tərəfindən ilk dəfə olaraq arid geosistemlərin tədqiqi üçün etalon deşifrləmə əlamətləri hazırlanmışdır. Bu etalon deşifrləmə əlamətlərindən istifadə etməklə Ceyrançöl-Acınohur alçaq dağlığı arid geosistemlərinin ekoloji potensialının qiymətləndirilməsində də, istifadə olunmuşdur.
Onun Böyük Qafqazın cənub-şərq hissəsinin arid landşaftlarının ekoloji potensialının tədqiqi (2006) böyük maraq doğurur. O, regionun landşaftlarını ayrı-ayrı komponentlər üzrə tədqiq etmiş və nəticədə ərazinin ekoloji potensialını qiymətləndirmişdir.
Hazırda S.M.Zeynalova Xəzər dənizinin qərb sahillərinin arid və semiarid geosestemlərin formalaşması və inkişafı problemi üzərində işləyir. Onun “Xəzər dənizinin qərb sahilləri geosistemlərinin landşaft-ekoloji xüsusiyyətləri” elmi məruzəsi “Xəzər dənizi regionunun coğrafi problemləri və ərazilərin davamlı inkişafının öyrənilməsi yolları” (2014) mövzusunda Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyalarının coğrafiyanın fundamental problemlərinə həsr olunmuş Birləşmiş Elmi Şurasının XVIII sessiyasında çıxışı çox yüksək səviyyədə dinlənilmişdir.
S.M.Zeynalova coğrafiya elminin tədrisi və təbliğinin fəal təşkilatçısıdır. O, BDU-nin Coğrafiya fakültəsində müxtəlif fənlərdən bakalavr və magistrlara mühazirələr oxuyur.