Geoarxeologiya bir çox suallara aydınlıq gətirməkdə əvəzsiz rol oynayır 
Məlumdur ki, son elmi yeniliklər, adətən, öyrənilmə predmeti eyni və ya müxtəlif olan elmlərin qovuşuğunda, təmasında baş verir. Yer və texniki elmlər, humanitar və tibb elmlərinə və ya əksinə, nüfuz edərək biri-birilərini zənginləşdirir və bu zaman yeni elm sahələri meydana çıxır, nəticədə insanlar özləri və ətraf mühit haqqında daha dolğun informasiya əldə etmiş olurlar. Bu baxımdan arxeoloji tədqiqatların aparılmasında təbiət elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli rol oynayır. 

Bu gün müasir arxeologiyanı geoarxeoloji tədqiqatlar aparmadan təsəvvür etmək mümkün deyil. Məşhur rus geoarxeoloqu V.Kuzminin dediyi kimi: arxeologiyada "qazdım - sənədləşdirdim - dərc elədim” prinsipi ilə işləmək artıq çoxdan köhnəlmişdir.

Geoarxeologiya – yer elmlərinə məxsus tədqiqat üsullarından istifadə etməklə, arxeoloji məsələlərin öyrənilməsidir. Bunu, yer elmlərinin arxeologiyaya dəstəyi və ya qədim keçmişə fərqli bucaq altından baxışı kimi də başa düşmək olar. Yer elmləri deyəndə isə ilk növbədə geologiya, coğrafiya, geomorfologiya, torpaqşünaslıq və s. elmlər nəzərdə tutulur.
Geoarxeoloji tədqiqatlar - elmi araşdırmalarda son vaxtlar AMEA rəhbərliyi tərəfindən də tez-tez xatırlanan, dəstəklənən və təşviq edilən multidissiplinar yanaşmanın bariz nümunəsidir. Təəssüf ki, respublikamızda bu sahə ilə sistemli şəkildə məşğul olan nə bir laboratoriya var, nə də bir mütəxəssis. Düzdür, ölkəmizdə ötən əsrin axırlarında geoloqlardan akademik Mirəli Qaşqay, akademik Ələşrəf Məmmədov, kimyaçı-arxeoloq, professor İsa Səlimxanov, son zamanlar isə AMEA-nın Təbiət-Tarixi Muzeyinin  və Arxeologiya və Etnoqrafiya İnstitutunun bəzi əməkdaşları bu istiqamətdə ara-sıra tədqiqatlar aparsalar da, bu, sistemli deyil, epizodik xarakter daşıyır. Halbuki, Avropa ölkələrində, hətta Rusiyada, Qazaxıstanda və digər keçmiş sovet respublikalarının bəzilərində artıq bu məsələlərlə ciddi şəkildə məşğul olan institutlar, laboratoriyalar, mərkəzlər və s. mövcuddur. Hətta Rusiyada gəncləri bu sahəyə yönəltmək və yeni mütəxəssislər nəsli yetişdirmək üçün 2014-cü ildən başlayaraq, hər il Miass şəhərində Rusiya Elmlər Akademiyası Ural bölməsinin Mineralogiya İnstitutunda "Geoarxeologiya və arxeoloji mineralogiya” adlı gənclərin elmi məktəbi təşkil edilir və orada nəinki Rusiya, həm də digər ölkələrdən mütəxəssislər və məktəblilər iştirak edirlər. 
Geoarxeologiya elmi bir istiqamət kimi XIX əsrin ortalarından formalaşmağa başlamış və XX əsrin ortalarında artıq Şərqi Avropada və Şimali Amerikada xeyli inkişaf etmişdir. İngilis geoloqu Çarlz Layyelin "İnsanın keçmişi” (1863) və rus alimi A.A.İnostrantsevin "Ladoqa gölü ətrafının daş dövrü insanı” (1882) kitabları qədim insan və ətraf mühit haqqında ilk fundamental əsərlərdir.
arici alimlərdən U.F.Libbi, Luis S.B.Liki, Meri D.Liki, K.Renfrü, P.Ban, K.Battser, R.Teylor, M.Aytken və digərləri, eləcə də rus alimlərindən Q.F.Mirçinik, V.İ.Qromov, B.A.Kolçin, qazax alimi Alan Medoev və başqaları geoarxeologiyanın inkişafında əvəzsiz xidmətlər göstərmişlər. "Geoarxeologiya” termin olaraq ilk dəfə 1973-cü ildə K.Battser tərəfindən təklif edilmişdir. Son zamanlar Rusiyada S.M.Tseytlin, L.D.Sulerjitski və A.A.Veliçko kimi tanınmış alimlər bu sahəni xeyli irəli aparmışlar. Hazırda bu istiqamətdə Y.V.Kuzmin, M.B.Şunkov, V.V.Zaykov, A.P. Derevyanko, Renato Sala, Q.T.Bekseitov və digərləri aktiv fəaliyyət göstərirlər. Onların əməkləri sayəsində Sibirin və Qazaxıstan çöllərinin ilk insan məskənləri kompleks tədqiq edilmiş, daş dövrü insanlarının əraziyə gəlişinin dəqiq tarixi, istifadə etdikləri daş alətlərin mənbəyi, yaşadıqları ərazinin paleoekologiyası, iqlimi, bitki örtüyü  və s. öyrənilmişdir.
Təbiət elmləri mütəxəssislərinin bilavasitə iştirakı ilə bu gün dünyada məşhur olan neçə-neçə tarixi abidənin "bioqrafiyası” mükəmməl şəkildə öyrənilmiş, yaşı və istifadə olunan materialların mənbəyi dəqiq müəyyənləşdirilmişdir. Məsələn, eramızın əvvəllərində, 79-cu ildə indiki İtaliya ərazisində Vezuvi vulkanının dəhşətli püskürməsi nəticəsində yaxınlıqdakı qədim Pompey və daha bir neçə şəhər əhalisi ilə birlikdə vulkan külləri və daşlarının altında qalaraq məhv oldu. Dünya neçə yüz illər onlardan xəbərsiz yaşadı və nəhayət, arxeoloqlar o şəhəri qazıb tapdılar və geoloqlarla, seysmoloqlarla, vulkanoloqlarla, bioloqlarla, kimyaçılarla və digər təbiət mütəxəssisləri ilə birlikdə tədqiq edib, turistlərin ixtiyarına verdilər. Başqa bir misal: neçə yüz illər idi ki, İngiltərənin cənubunda Uoltşir qraflığı ərazisində təxminən 4500 il əvvəl inşa edilmiş məşhur Stounhenc meqalit kompleksinin nəhəng daşlarının haradan gətirildiyi arxeoloqlar üçün bir sirr olaraq qalırdı. Axı, ətraf Solsberi çöllərində yumşaq təbaşir tərkibli süxurlardan başqa bərk heç nə gözə dəymir. Nəhayət, 19-cu əsrin axırlarında geoloqlar tərəfindən müəyyən edildi ki, hər birinin uzunluğu 2-2,5 m, çəkisi təqribən 4 ton olan və riolit, dolerit tərkibli vulkanik süxurlardan ibarət "mavi daşlar” adlanan bu sal daşlar 220 km uzaqdan – Uelsin Prezeli təpələri kimi tanınan dağlarından gətirilmişdir. Necə, hansı yolla – quru, yoxsa dənizləmi, bax, bu sualın cavabı hələ də müzakirə və mübahisə predmeti olaraq qalmaqdadır. Bəs, hər birinin çəkisi təxminən 35 ton, uzunluğu 10 m olan  bərk qumdaşı tərkibli "sarsenlər” haradan gətirilib? - Məlum oldu ki, onlar da 30 km şimalda yerləşən Malboro təpələrindən gətirilmişdir. Bax beləcə, arxeoloq və geoloqların birgə tədqiqatlarının nəticəsində tarixin, üstü qalın sirr təbəqəsi ilə örtülmüş daha bir səhifəsi oxunmuş oldu.
Digər bir misal: dünyaca məşhur Misir ehramlarının (piramidalarının) tikintisində istifadə olunmuş sal daşların mənbəyinin harada olması və hətta onların təbii daş olmaları alimlər arasında sonsuz mübahisələrə səbəb olurdu. Hətta Josef Davitovitsa adlı bir fransız kimyaçısı sal daşların süni şəkildə alındığı, yəni beton kimi yerində töküldüyü barədə fikir irəli sürmüşdü. Lakin geoloqlar həmin daşları petroqrafik, kimyəvi və paleontoloji cəhətdən tədqiq edərək, tərkiblərinin təbii yolla əmələ gəlmiş əhəngdaşı, qumdaşı, qranodiorit və dioritdən ibarət olduğunu müəyyən etmişlər. Digər geoloq alim, ABŞ-ın Tolido Universitetinin (Ohayo ştatı) professoru Ceyms Xarrell isə uzun illər apardığı gərgin tədqiqat işlərinin nəticəsində Nil çayı vadisində 128 qədim daş karxanasının olduğunu aşkarladı və onlardan 89-nun əhəngdaşı, 36-nın qumdaşı və digər 3-nün isə gips, anhidrid yatağı olduğunu müəyyən etdi. Bununla da möhtəşəm Misir piramidalarının tikintisində işlənmiş xammal mənbələrinə dair mübahisələrə son qoyuldu.
Təbiət elmlərinin metodları ilə nəinki tarix və arxeologiyada, eləcə də dinşünaslıqda uğurlu elmi nəticələr əldə edilmişdir. Məsələn, amerikalı professor H.Gouv tərəfindən aparılmış radiokarbon14 analizlərinin köməyi ilə İsa Məsihə aid edilən məşhur Turin əbasının yaşının əslində təxminən 14-cü əsrə uyğun gəldiyi müəyyən edilmişdir. Düzdür, din xadimləri bu faktla razılaşmasalar da, nəticə üç müxtəlif laboratoriyada yoxlanılaraq öz təsdiqini tapmışdır. Və ya başqa misal: III-IV əsrlərdən etibarən xristianlar tərəfindən İncildə adı çəkilən Sina dağı ilə bu gün Misrin Sina yarımadasının mərkəzində yerləşən Sina (Cəbəl Musa, Tur) dağının  eyniləşdirilməsini təbiət mütəxəssəsləri doğru hesab etmirlər. Onlar Musa peyğəmbərin tayfası ilə birlikdə fironun əsirliyindən qaçarkən yolda Allaha dua etmək üçün çıxdığı dağın Sina yarımadasının şərqində yerləşən Haşim-əl Tarif dağı olduğu qənaətindədirlər, çünki 80 yaşlı Musa peyğəmbərin hündürlüyü 2285m olan Sina dağına qalxa bilməsi və Allahın 10 Əmrini (Tövrat) oradakı bərk qranit tərkibli daş löhvələrə yazması mümkünsüz görünür. Haşim-əl Tarif dağının nisbətən alçaq (hündürlüyü 874 m) olması, ətrafda yüz minlərlə insanın yerləşməsi üçün geniş ərazinin mövcudluğu və ən əsası, orada yazmaq üçün yumşaq daşların – travertinlərin olması bunları deməyə imkan verir. Məşhur yəhudi və xristian din xadimləri deyilənlərlə razılaşsalar da, oturuşmuş ənənənin pozulmamasının tərəfdarı olduqlarını bildirirlər.
Məlumdur ki, insanlıq tarixinin üç böyük dövründən ikisinin adı o dövrlərdə ən çox istifadə olunan metalla bağlıdır: Tunc və Dəmir dövrləri. O da məlumdur ki, Azərbaycan ərazisində həmin dövrlər ümumilikdə təxminən 2500 il sürmüşdür. Bu müddət ərzində məişətdə və əkinçilikdə istifadə olunan külli miqdarda metalı demirəm, ordunun təminatı üçün nə qədər metal sərf olunduğunu təsəvvür edirsinizmi? Bir döyüşçünün silah-sursatının (zireh, qılınc, qalxan, nizə və s.) çəkisi ortalama 15-20 kq olardısa, 100 minlik ordunun silahlanması üçün 2000 ton metal lazım idi. O dövr üçün çox böyük olan bu qədər metal haradan əldə edilirdi? Hansı mədənlərdən, hansı üsullarla hasil olunurdu o metallar? Niyə o filiz yataqları bu gün bizlərə məlum deyil? Mənbələrdə üstündən adətən sükutla keçilən bu suallara aydınlıq gətirmək üçün ölkəmizdə də geoarxeologiya elmi istiqamətinə diqqət yetirməli, onu inkişaf etdirməliyik. 
Mövzu ilə əlaqədar daha bir maraqlı tədqiqat haqqında bu yaxınlarda internet səhifələrində oxudum. Türkiyənin məşhur Marmaris istirahət məkanının yaxınlığında yerləşən Kleopatra adasında (türklər ona Sedir adası deyirlər) kiçik bir ərazini əhatə edən qızılı qumların guya, vaxtilə Roma sərkərdəsi Mark Antonio tərəfindən Misir çariçası Kleopatranın şərəfinə Misirdən gəmilərlə gətirildiyi söylənilir. Amma geoloqlar tərəfindən aparılmış tədqiqatlar bunun belə olmadığını, yəni qumların yerli şəraitdə əmələ gəldiyini və tərkibcə Misir qumlarından fərqləndiyini sübut etmişdir və əsrlərdir formalaşmış əfsanənin reallığa söykənmədiyi məlum olmuşdur.
Geoarxeoloji tədqiqatlarda üç əsas məqsəd güdülür: birincisi və ən əsası – arxeoloji abidənin nisbi (stratiqrafik) və mütləq yaşının təyin edilməsi; ikincisi - arxeoloji abidəni formalaşdıran təbii proseslərin öyrənilməsi; üçüncüsü – qədim insanın yaşadığı ətraf mühitin (landşaftın) bərpası.
Bəs görəsən, bu məqsədlərə çatmaq üçün hansı elmi metodlardan istifadə olunur? Məqsəddən asılı olaraq, hər bir konkret obyektin öyrənilməsində fərqli metodlar tətbiq edilir. Onları təyinatına görə iki böyük qrupa bölmək olar:
1. Geoloji-geomorfoloji, bioloji metodlar. Bu qrupa stratiqrafik, litoloji, petroqrafik, mineraloji, paleontoloji, paleobotaniki (palinoloji, karpoloji), paleocoğrafi, landşaft-geomorfoloji və s. metodlar daxildir ki, onların köməyilə obyektin nisbi yaşını və o dövrün paleocoğrafi şəraitini müəyyən etmək mümkündür.
2. Fiziki-kimyəvi, geoxronoloji metodlar. Bu qrupa radiokarbon, radiometrik (uran, kalium-arqon və s.), dozimetrik (lyumenesent, elektron-paramaqnit rezonans), paleomaqnit və arxeomaqnit, trek, izotop (karbon, azot, kükürd, oksigen, stronsium, qurğuşun), kimyəvi, geokimyəvi və s. üsullar daxildir ki, onların köməyilə obyektin mütləq yaşını və maddi tərkibini öyrənmək mümkündür.
Məsələn: qurğuşun izotopundan istifadə etməklə filizin, eləcə də obsidianın geokimyəvi analizi ilə ibtidai daş alətin xammal mənbəyini və ya karbon, azot və kükürdün stabil izotopları ilə paleodietanı, yəni qədim insanın nə yeyib-içdiyini təyin etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, bu metodların tətbiqi heç də ucuz başa gəlmir və bahalı avadanlıqlarla bərabər, onu lazımi səviyyədə idarə edə bilən mütəxəssislər də olmalıdır. İstənilən halda, tariximizin daha mükəmməl öyrənilməsini arzulayırıqsa, ölkəmizdə geoarxeologiya istiqamətinin inkişafını təmin etməliyik və ilkin olaraq aşağıdakı addımların atılması məqsədəuyğun olardı:
AMEA-nın Arxeologiya və Etnoqrafiya, və ya Geologiya və Geofizika və ya Coğrafiya İnstitutunda geoarxeologiya şöbəsi və ya laboratoriyası yaratmaq;
Şöbəyə (laboratoriyaya) arxeoloqlarla bərabər, arxeologiyaya həvəs göstərən təbiət elmləri mütəxəssisləri (geoloq, geomorfoloq, geokimyaçı, bioloq, fizik, torpaqşünas və s.) cəlb etmək;
Rusiya və Qazaxıstanın bu sahədə tanınmış elmi müəssisələri və universitetləri ilə əlaqə yaratmaq və gənc kadrları təcrübə keçmək üçün o yerlərə ezam etmək;
Geoarxeologiya sahəsində tanınmış mütəxəssisləri məruzələr etmək üçün respublikamıza dəvət etmək;
Geoarxeologiyaya aid beynəlxalq elmi konfranslarda aktiv iştirak etmək;  
Universitetlərdə geologiya fakültəsinin tələbələrinə ümumi arxeologiyadan, gələcək arxeoloqlara isə ümumi geologiyadan mühazirələr oxumaq və s. 
Göründüyü kimi, geoarxeologiya qədim, xüsusilə yazıyaqədərki dövr tarixi abidələrinin tədqiqi üçün çox geniş imkanlara, müxtəlif metodlara malik bir elmi istiqamət olaraq, keçmişin öyrənilməsinə etibarlı dəstəkdir. Biz də onlardan istifadə etməklə, ilk növbədə, YUNESKO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli Tarixi-Bədii Qoruğunu, habelə, qədim insan məskənlərini, mağaralarımızı, o cümlədən Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, geoarxeoloji metodları tətbiq edərək öyrənməklə daha dolğun və inandırıcı nəticələr əldə edə bilərik. 
 
 
Rəşid FƏTƏLİYEV
geologiya-mineralogiya elmləri namizədi,
AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya
İnstitutunun aparıcı elmi işçisi
Bakı, 10.06.2019-cu il
"Kaspi"  qəzeti, 3 iyul 2019-cu il