Bu yazının yazılmasında dahi torpaqşünas və təbiətsevər akad. H.Ə.Əliyevin 1982 və təkrarən 2007-ci
ildə çap olunmuş “Həyəcan təbili” kitabında göstərilmiş insanlığa məxsus sağlam həyatına yönəldilmiş fikir və
mülahizələrinə ithaf edilmişdir.

Xalqımızın dünyanın başqa xalqları kimi tarixən torpağı ana, əkin-şumlamaya yararlı torpaqları çörək-qida mənbəyi adlandırmaqla onu həmişə böyük məhəbbətlə sevmiş, yağı düşmənlərdən qorumuşlar. Tarixi təcrübələrdən məlum olmuşdur ki, xalqımız ta qədim zamanlarda əkin-şumlamaya yararlı torpaqları qoruyub qayğısına qalmaqla yanaşı onların münbitliyini daima yüksək səviyyədə saxlamağa çalışıblar. Budur, o səbəbdəndir ki, ana təbiətin doğma yurdumuza bəxş etdiyi torpaq sərvəti yüksək münbit halda bizə qismət olmuşdur. Hal-hazırda isə biz torpaqşünas-ekoloq mütəxəssislər tarixin bizə miras qoyduğu bu əvəzsiz sərvəti göz bəbəyi kimi qoruyub münbit halda gələcək nəsillərə ötürməliyik. Bu da şübhəsiz mütəşəkkil qaydada ümumxalq qayğısı hesabına ola bilər.          Ölkəmizin ərazisinin bir torpaqşünas-ekoloq kimi tədqiq edilərək əminliklə belə qənaətə gəlinmişdir ki, həqiqətən ana təbiət doğma Azərbaycana yüksək münbitliyə malik torpaq sərvəti bəxş etmişdir. Bu sərvət xalqımızın milli varlığı və fəxri, söz və sənət ustalarımızın ilham mənbəyi, kənd əməkçilərimizin əmək meydanı, təbiətşünas alimlərimizin tədqiqat obyektidir. Elmi-texniki tərəqqinin sürətli inkişafı əl əməyinin mexanikləşdirilməsinə səbəb olmuşdur ki, bu da öz növbəsində torpaq örtüyünə əlavə bir amil kimi öz təsirini göstərmiş və göstərməkdədir. Bu amilin təsiri nəticəsində müəyyən yerlərdə torpaq örtüyü qismən və ya tamamilə pozularaq yararsız hala salınır. Son zamanlar aparılmış tədqiqatlar onu göstərmişdir ki, buna qətiyyən yol vermək olmaz ona görə ki, torpaq elə bir təbii sərvətdir ki, onu miqdar və sahə etibarılə istənilən qədər çoxaltmaq mümkün deyil. Həqiqətən bu sərvət zəngin olmaqla təbiətinə görə çox rəngarəngdir. Təsadüfi deyildir ki, ana təbiətin xalqımıza bəxş etdiyi bu sərvətin respublikamızın ərazisində 95 tipi və yarımtipi onların, 1570-dən çox növü inkişaf tapmışdır. Bunu təbiətin xalqımıza bəxş etdiyi canlı muzey adlandırmaq olar.

Məlum olduğu kimi, respublikamızın ümumi ərazisinin 51,5% kənd təsərrüfatı üçün yararlı sahədən ibarətdir ki, bunun da 3-də 1 hissəsi əkinin payına  düşür. Bundan bəlli olur ki, respublikamızda əkin sahəsi bir o qədər də geniş əraziyə malik deyil. Ona görə də, təsərrüfat fəaliyyətləri torpağı becərmə işləri ilə  bağlı olan bütün torpaq mülkiyyətçiləri yadda saxlamalıdırlar ki, kəhraba buğdanı, pambığı, tərəvəzi, yem və qeyri qiymətli bitkiləri bitirən əkin sahəsi torpaq fondumuzun nadir incisidir.

S.Vurğunun “Çörək bol olarsa basılmaz vətən” kimi poetik deyimi torpağın doğurduğu buğda çörəyinin həmişə ən qiymətli ərzaq, bütün nemətlərin meyarı olduğunu müqəddəs kəlam kimi nəinki çörəyə, buğdaya, eyni zamanda bu neməti bitirən torpağa həsr edilmiş ən humanist yanaşmadır.

         Bəlli olduğu kimi, torpaq əbədi və uzunmüddətli istifadə tərzinə görə “Torpaq islahatı haqqında” qanunun (1966) illərinə müvafiq olaraq müəyyən kateqoriyaya ayrılmaqla dövlət tərəfindən torpaq istifadəçilərinin istifadəsinə verilmişdir. Bununla da, torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri yüksək miqdarda məhsul istehsal etmək üçün müxtəlif meliorativ, aqrotexniki, aqrokimyəvi tədbirlər həyata keçirməklə torpağa öz təsirlərini gücləndirirlər. Bu tədbirlər birtərəfli və başdansovdu aparıldıqda torpaqda təkrar şorlaşma, bataqlaşma, səthi yuyulma və sonda deqradasiya kimi pis əlamətlər meydana gəlir. Bəzən də yüksək münbitlik xassəsinə malik torpaq sahəsində yaşayış məntəqələri, ictimai binalar, sənaye obyektləri, yollar tikməklə bitkiçilik üçün çox qiymətli sahə əvəzsiz olaraq itirilir. Buna görə də layihəçi mütəxəssislər yaşayış məntəqələrini, təsərrüfat obyektlərini və qeyri binaların tikinti işlərini layihələşdirərkən çalışmalıdırlar ki, həmin obyektlər əkin sahəsində salınmasın. Əgər bu, tutarlı səbəb üzündən mümkün deyilsə tikinti işləri aparılacaq əkin sahəsinin müəyyən qalınlıqda münbit torpaq qatı əvvəlcədən qazılıb ambarlaşdırılmalıdır. Tikinti işləri başa çatdırıldıqdan sonra anbarlaşdırılmış münbit torpaq kütləsindən küçə və həyətlərin yaşıllaşdırılmasında istifadə edilməsi yüksək səmərə verir.

Son vaxtlar əkin sahəsi az olan və iqtisadi cəhətdən geridə qalmış dağətəyi zonada yerləşən torpaq mülkiyyətçilərinə kömək məqsədilə terras yolu ilə zəif mayilli yamaclarda meyvə, üzüm bağlarınin və meşə zolaqlarının salınması barədə dövlətimizin müvafiq qərar və sərəncamları vardır. Buna görə də ya`xşı olardı ki, ağır zəhmət və çoxlu vəsait tələb edən dağ yamaclarında terraslaşdırmada torpaqlaşdırma üsulundan istifadə edilsin. Bununla bir tərəfdən çoxlu vəsaitə qənaət olunur, digər tərəfdən isə anbarlaşdırılmış münbit torpaq kütləsindən təkrar istifadə edilməsi üçün şərait yaranar.

         Suvarma kanallarının, beynəlxalq, respublika və yerli əhəmiyyətli magistral yolların təmir edilməsi, eləcə də yenidən çəkilməsi zamanı geniş sahələrdə münbit torpaq qatı pozulur. Bir qayda olaraq magistral yolun özülünün ətraf sahəyə nisbətən yüksəyə qaldırılması üçün yolun kənarlarına münbit torpaq kütləsi sıyrılıb yığılır. Bu minvalla uzun çəkən tarixi dövrdə əmələ gəlmiş torpaq qatı bir tərəfdən məhv edilir, digər tərəfdən torpaq qatı siyrilmiş sahədə alaq və başqa zərərli bitkilər inkişaf tapmaqla ətraf sahələrə ziyanverici təsir göstərir.

         Paleotorpaqşünas alimlərin tədqiqatlarından bəlli olmuşdur ki, 6 mm qalınlığında münbit torpaq qatının əmələ gəlməsi üçün 100 il optimal ekoloji şəraitə malik vaxt lazımdır, bu hesabdan 15 sm qalınlığında münbit torpaq qatının əmələ gəlməsi üçün isə 2500 il vaxt gözləmək lazımdır. Vaxtilə çəkilmiş su kanallarının və şose yollarının müəyyən bucaq altında olan döngələrinin aradan qaldırılması zamanı bir tərəfdən münbit torpaq qatı pozulmaqla müəyyən qədər faydalı sahə zəbt edilirşə, digər tərəfdən köhnə yolun asfalt örtüklü döngələr yerlərində qalırlar. Belə olduqda əlaqədar təşkilatlar çalışmalıdırlar ki, köhnə yolun asfalt örtüyünü aradan qaldırıb, münbit torpaq qatı ilə əvəz etsinlər, istifadəsiz su kanallarını hamarlamaqla yararlaşdırıb torpaq istifadəçilərinə versinlər.

         Yeraltı və yerüstü xətt tikintiləri, xüsusən su, neft və qaz kəmərləri çəkilən zaman münbit torpaq qatı qazılıb, əvvəlcədən nəzərdə tutulmuş çalalarda anbarlaşdırılmasının böyük əhəmiyyəti vardır. Dağ-mədən axtarış işləri adətən respublikamızın dağlıq vilayətlərində daha intensiv aparılır. Bu işlər görüldükdə torpağın üst münbit qatı pozulmaya məruz qalır. Əlbəttə, dağ-mədən axtarış işləri əlvan və qara metallurgiya sənayesinin mövcud təlabatından irəli gəlir. Bununla belə qazıntı işləri qurtardıqdan sonra əlaqədar təşkilatlar həmin sahələrdə münbit qatının bərpası işlərinin aparılmasını yaddan çıxarmamalıdırlar.

         Respublikamızda torpaq sərvətindən səmərəli istifadə etmək, onun kəmiyyət və keyfiyyət qeydinin aparmaq məqsədilə torpaqşünas-ekoloq, meliorator, coğrafiyaşünas, hidroloq və başqa mütəxəssislər iri miqyaslı tədqiqatlar aparırlar. Bu tədqiqatlar zamanı torpaqları xəritələşdirmək və onun aqrokimyəvi xüsusiyyətlərini müəyyən etmək üçün külli miqdarda müxtəlif dərinlikdə torpaq şurf, açma üsulu ilə şaxtalar və kəsimlər qazılır. Əksər hallarda düzənlik relyef şəraitinə malik olan otlaq və əkin massivlərindən tədqiqat aparılarkən torpaqqazan maşınlardan istifadə edilir. Belə hallarda tədqiqatçılar qazılmış quyulardan nümunə və monolik götürdükdən sonra onun doldurulmasını yaddan çıxarırlar. Bununla da qazılmış quyu və quyudan çıxarılmış torpaq kütləsi əkinin və ya otlağın faydalı sahəsini azaltmış olur. Digər tərəfdən də torpağın mexanizasiya ilə becərilməsinə əsaslı maneçilik törədir. Uzun müddətli təcrübələrdən bəlli olmuşdur ki, belə işlər səmərəsiz aparıldıqda və qazılmış torpaq quyusu 2 m2 sahəni əhatə edərsə, onda 220 qram mal-qara tərəfindən yeyilən yaşıl ot kütləsi və ya 6 qram zülal, 3 milliqram karotin, 0,6 qram mineral maddə itirilmiş olur. Torpaq-qazıntı işləri başdansovdu aparıldıqda münbit torpaq qatının pozulması ilə yanaşı, torpağın tərkibində olan və bitki üçün lazım olan çox qiymətli digər qida maddələri də itirilmiş olur.

         Respublikamızın alçaq dağlıq zonasındakı boz-qəhvəyi, qəhvəyi və ya çəmən-qəhvəyi torpaqlarından qazılıb kənara atılmış bir ton münbit torpaq kütləsində orta hesabla 35 kq üzvi çürüntü (humus maddəsi), 15 q mənimsənilən fosfor, 45 q hidroliz olunan azot, 240 q mübadiləsi kalium kimi qiymətli qida maddələri vardır. Bu hesablamanın bir hektar sahəyə görə (20 sm dərinlik üzrə) aparmış olsaq, həmin rəqəmlər bir neçə min dəfə çoxalar. Ona görə də torpaq qazıntı işləri görülərkən torpaqların münbit qatı anbarlaşdırılaraq gələcəkdə istifadə üçün saxlanılmalıdır.

Uzun illərdir ki, respublikamızın ərazisində filiz və qeyri-filiz yataqları aşkara çıxarılıb istismar edilir. Bu yataqların istər yeraltı, istərsə də açma üsulu ilə istismar nəticəsində geniş əraziyə malik sahələrdə münbit torpaq qatının pozulması ilə yanaşı filiz saflaşdırma zamanı tullantılardan ibarət və hər bir canlı varlıqdan məhrum olmuş süni təpələr, yüksəkliklər (terrikonlar) əmələ gəlir. Həmin terrikonlar bir tərəfdən münbit torpaq qatına malik sahələri basdırmış, digər tərəfdən isə ətraf mühitə zərərli təsir göstərir. Belə ki, həmin terrikonların səthi suda asan həll olunan və suyun qarşılıqlı təsiri ilə zəhərli birləşmələr əmələ gətirən kimyəvi turşu və duzlarla zəngindirlər. Həmin birləşmələr leysan yağışları və qarın intensiv əridiyi zamanı daha təhlükəli olurlar. Yağış və qar suları ilə axıdılan zərərli birləşmələr otlaqlara, su hövzələrinə, çaylara və nəhayət kənd təsərrüfatı sahələrinə aparılıb çökdürülür. Bu proses nəticəində ətraf mühitə - yer atmosferinə, torpaq örtüyünün bitki və heyvanlar aləminə dəyən zərər ətraf mühitin mühafizəsi ilə məşğul olan mütəxəssislərin narahatlığına səbəb olmuşdur.

Təbiətdə insanların təsərrüfat fəaliyyəti nəticəsində baş verən bu cür zərərli proseslərin qarşısının alınması üçün əməli tədbirlər hazırlayıb həyata  keçirilməsinin artıq vaxtı çatmışdır. Bu baxımdan dağ-mədən tullantılarından əmələ gəlmiş təpə və yüksəkliklərin səthində torpaq bərpaedici-rekultivasiya işlərinin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Bu halda irəli sürülən tədbirlər konteksinindən ən vacibi zonaya müvafiq qısa müddət ərzində çim qatı əmələ gətirən çoxillik otların toxumlarını səpməli, kol və ağac növlərindən istifadə edərək yaşıllaşdırma işləri aparılmalıdır. Bu tədbirin həyata keçirilməsindən sonra gözlənilən nəticə əldə olunmadıqda təcrübədə özünü doğrultmuş anbarlaşdırılmış torpaqlardan istifadə etməklə torpaqlaşdırma üsulundan istifadə olunmalıdır. Uzun müddət aparılmış təcrübələrdən məlum olmuşdur ki, torpaqlaşdırma üsulu ilə dağ-mədən tullantılarında torpaq bərpaedici işlərin səmərəsi daha çoxdur.

Aydındır ki, filiz və qeyri-filiz, neft və qaz yataqlarının istismarı, eləcə də onların emalı zamanı əmələ gəlmiş süxur tullantıları, mineral maddələr və neftlə çirklənmiş torpaq qarışıqlı qrunt yığınları münbit torpaq qatını pozmaqla ətraf mühitin təbii estetik görkəminə də mənfi təsir göstərir. Həmin tullantıların səthlərinin bərpası üçün lazım olan münbit torpaq kütləsinin mənbəyinin aşkar edilməsi də vacib məsələdir. Bu halda əsas məsələ tikilməkdə olan su qovşaqlarının, su anbarlarının və boru kəmərlərinin altında  qalmaq ehtimallı sahələrin münbit torpaq qatı ola bilər. Daha doğrusu müəyyən qalınlıqda (əsasən 20-35 sm) torpaq kütləsi qazılıb anbarlaşdırıldıqdan sonra tullantıların səthlərini torpaqlaşdırmağın böyük əhəmiyyəti vardır. Bununla süni su anbarları altında qalmalı olan münbit torpaq qatı əvəzsiz itirilməz, digər tərəfdən dağ-mədən tullantılarının səthləri torpaqlaşdırmaqla təbii estetik görkəmli yaxşılaşdırılar, ən əsası az münbitliyə malik torpaq sahələrinin münbitləşdirmək olar. Abşeron yarımadasında neft və qazın çıxarılmasında, eləcə də onların emalı zamanı geniş sahələrdə münbit torpaq qatı pozularaq yararsız hala salınmışdır. Şübhəsiz, bu cəmiyyətimizin maye və qaz yanacağına olan tələbatından irəli gəlmişdir. Neftin, qazın və tikinti materiallarının çıxarılması nəticəsində torpaq örtüyü pozulmuş sahələrin bərpa edilməsi qayğısına qalmaq yaddan çıxarılmamalıdır. Bu sahələrin bərpası üçün meliorativ işlər aparıldıqdan sonra torpaqlaşdırma üsulundan istifadə edilməsinin yüksək səmərə verdiyi aydınlaşdırılmışdır.        

Son on ildə Azərbaycan dövlətinin təbiətin mühafizəsinə, xüsusən torpaq sərvətindən səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirir. Bakı şəhərinin ətrafında yaşıllaşdırma və Abşeron yarımadasında texnogen pozulmuş torpaqların bərpası – rekultivasiya işlərinin aparılması barədə Azərbaycan Respublikası direktiv orqanları tərəfindən kifayət qədər kompleks tədbirlər planı hazırlanmışdır ki, bu da torpaq sərvətinə olan diqqət və qayğının təzahürüdür. Son vaxtlar Bakı şəhərində öz bədii-estetik görkəmini itirmiş park, bağ və yaşıllıqların bərpası məqsədilə görülən işlər hamımızı sevindirir. Köhnəlmiş park və bağların yaxşılaşdırılması, xüsusilə yaşıl otluğa malik “yaşıl xalı” yaratmaq məqsədilə görülən işlər bakılıların sevincinə səbəb olmuşdur. Yaşıl ot örtüyünün yaradılması üçün respublikamızın müvafiq torpaq-iqlim zonalarında çimli torpaq kütləsi gətirirlir. Əlbəttə, bu tədbir təqdirəlayiqdir. Lakin bununla belə, çimli torpaq kütləsi gətirilərkən elə etmək lazımdır ki, bu və ya digər sahənin münbit torpaq örüyü pozulmasın. Adətən çimli torpaq kütləsi dağ və dağətəyi zonalardan gətirilir. Belə halda park və bağlarda  yaşıl otlu örtük yaratmaq naminə müəyyən qədər sahədə münbit torpaq qatı pozulmuş olur. Bunun üçün yaxşı olardı ki, yenə qazıntı işləri aparılan zaman və tikilməkdə olan su hövzələrinin altında qalacaq sahələrdən, anbarlaşdırılmış torpaq kütləsindən istifadə edilsin.

Son vaxtlar respublikamızın müxtəlif vilayətlərində kənd təsərrüfatında suvarma əkinçiliyinin daha da inkişaf etdirilməsi üçün suvarma qurğuları, su anbarını və sututarlarının yaradılması geniş vüsət almışdır. Bu isə öz qaydasında maddi nemətlər bolluğunun yaradılmasında irəliyə atılmış cürətli addım olmaqla yanaşı, təbiətə qayğıkeş münasibətdən xəbər verməsi əlbəttə sevindiricidir. Mingəçevir, Ceyranbatan, Tərtərçay, Xanbulançay, Ağstafaçay, Şəmkir, Taxta körpü, Araz çayı üzərindəki Naxçıvan, Şahbuz rayonunda Batabat su anbarları milyon hektardan çox dəmyə torpağın suvarılması üçün imkan yaradır. Bu Sovet hakimiyyəti illərində Azərbaycan Respublikasına uzun müddət rəhbərlik etmiş və ölkəmizdə müstəqillik əldə edildiyi ilk illərdə prezident olmuş ulu öndər H.Əliyevin və indiki zamanda ölkə prezidenti İ.Əliyevin məqsədyönlü müdrik siyasəti sahəsində mümkün olmuşdur.

Torpaqşünas-ekoloqlar, hidroloqlar, melioratorlar, landşaftşünaslar və təbiətin mühafizəsi ilə məşğul olan başqa mütəxəssislər yadda saxlamadırlar ki, münbit torpaq qatına malik pozulmuş və pozulmaqda olan, eləcə də su anbarları altında qalacaq geniş sahələr potensional enerji xammalı hesab olunur. Bu xammaldan səmərəli və məqsədəuyğun istifadə etməklə onun qayğısına qalmaq hamımızın borcudur.

Odur ki, torpağın harayını anlayaraq, onun həyəcanının tərkibində baş verən təbii və antropogen proseslərin təsir gücünün yumşaldılması üçün nə etməliyik? Bəri başdan onu demək istərdim ki, yer şarının quru hissəsinin üst qatını örtən, kövrək və münbitlik xassəsi kəsb edən torpaq təbii-tarixi cism olmaqla olduqca çox mürəkkəb və qəliz, eləcə də onun daxilində baş verən proseslərin tədqiqatçılara çox da məlum olmayan təbii varlıqdır. Və o, həm də bitki aləmi üçün, daha doğrusu onların normal inkişaf etməsi üçün qida maddələrinin akkumlyasiyasını və sintezini həyata keçirən açıq funksiyalı sistemidir. Bir çox məşhur torpaqşünas tədqiqatçıların fikirlərinə görə torpağın harayı haqqında dərin biliklərə malik olmaq üçün torpaq örtüyünün təbiətdə mövqeyi, onların haray qaldırmasının “canında” hansı amillərin rolunun daha çox olduğuna aid səhih məlumatlara nail olmaq lazımdır. Digər tərəfdən isə tarixən torpaqəmələgəlmədə və onun münbitlik kimi xassələrə malik olması və onların idarə olunması yollarının həll olunması üçün torpaqşünas tədqiqatçı hökmən yer və təbiət elmləri, xüsusən coğrafiya, geologiya, geomorfologiya, iqlim, biologiya, kimya, fizika, elementar riyaziyyat və həmçinin tarix elmləri haqqında məlumatlı olmalıdırlar. Əks təqdirdə torpaq harayı haqqında dəqiq fikir söyləmək və onu yaradan səbəblərin təsirini neytrallaşdırmaq üçün metodik tövsiyələrin hazırlanması mümkün deyil.

Bəli, torpaq təbiətin çox qəliz möcüzəsi olmaqla bitki aləmi üçün əvəzsiz sərvət olan torpaq-bitki örtüyünün bəd fəsadlardan qorumaq üçün çoxsaylı tədbirlər sistemi mövcuddur. Onların hamısının bu yazıda sadalamağa ehtiyac duymadığmızdan onlardan ən mühümləri haqqında məlumat vermək bizə elə gəlir ki, kənd əməkçiləri üçün faydalı olar.

  • ilk növbədə torpaq üzərində mülkiyyət münasibətlərindən asılı olmayaraq respublikamızın vahid torpaq fondunda bütün müqabildən olan deqradasiyani və səhralaşmanı yaradan amillər haqqında dəqiq məlumat əldə olunması üçün irimiqyaslı torpaq-bitki örtüyünün müasir durumu üzərində bir neçə istiqamətlərdə monitorinq müşahidələri və korrektura tədqiqatları aparılmalı;
  • xüsusi mülkiyyətçilərin və fermer təsərrüfatlarının istifadəsində olan torpaqların, xüsusən əkinaltı torpaqların bitkiləri üçün vacib qida elementləri ilə (N, P, K) təmin olunma dərəcələri haqqında dəqiq məlumat əldə olunması məqsədilə aqrokimyəvi tədqiqatlar aparılmalı və alınan nəticələrə əsasən aparıcı kənd təsərrüfatı bitkilərin həmin qida elementlərinə və üzvi gübrələrə olan tələbinə müvafiq gübrə dozalarının təyin edilməsi;
  • becərilən bitkiləri zərərvericilərdən və zərərli həşəratlardan müdafiə məqsədilə verilən kimyəvi preparatlar torpaqlarına çirklənmə dərəcələrini müəyyən etmək üçün və onların zərərli təsirlərinin aradan qaldırılması üzrə irimiqyaslı korrektura tədqiqatlarına başlanılmalıdır;
  • təkrar şorlaşmaya, şoranlaşmaya, şorakətləşməyə məruz qalmış və gələcəkdə bu proseslərə məruz qalma ehtimalı olan torpaqda qrunt sularının səviyyəsinin aşağı salınması üçün dren və kollektor şəbəkələrini hökmən işlək vəziyyətə gətirmək;
  • örüş-otlaq sahələrində hökmən növbəli otarma sistemini tətbiq etməli, təkrar şorlaşmaya, şoranlaşmaya, şorakətləşməyə qarşı mübarizə məqsədilə payız fəslində yağıntılar qabağı dövrdə, torpaqlarda 50-60 sm dərinliyində hər 5-10 m-dən bir pazlı kotanla şırım və yarıqlar açmaqla eyni vaxta malalama işlərini həyata keçirməli. Bundan sonra hər 200-300 md-ən bir həmin şırımlı yarıqlarda zonaya müvafiq ağac və kol bitkilərindən ibarət meşə zolaqlarının salınmasının həyata keçirilməsinə başlanılmalıdır;
  • yamaclı sahələrdəki əkinaltı torpaqlarda səthi, qobu eroziyasının qarşısının alınması üçün yamacların eni istiqamətində qaratikan, böyürtikan və yemişan kolları qarışıqlı torpaqqoruyucu yaşıllıq zolaqlarının salınması işləri hökmən həyata keçirilməlidir. Külək eroziyasının qarşısının alınması üçün quraqlığa və şorluluğa davamlı kol bitkilərindən yulğun, atlı çərən, oduncaqlı şorangə qarışığından ibarət hər 100-200 m-dən bir küləyin əsmə istiqamətinin əksinə bufer zolaqlarının salınmasını həyata keçirildikdə sovrulmasının qarşısı asanlıqla alına bilər;
  • əkinaltı sahələrdə məhsul yığıldıqdan sonra tarlalardakı bitki qalıqlarının qətiyyən nə yandırmaq, nə də onu kənarlaşdırmaq olmaz, əvəzində yaxşı olardı ki, həmin qalıqlar dərindən yay yandırıcı şumlama aparmaqla şumaltı qatda qalması təmin edilsin. Bu minvalla torpaq örtüyündə yaranan “haray” həyəcanının qarşısı asanlıqla alına bilər ki, bununla da həm azalmaqda olan münbitlik mühafizə olunar, həm də bol məhsul əldə edilməsinin əbədi bünövrəsi qoyulmuş olar.
Qəşəm Yaqubov,
AMEA akad. H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,  a.ü.f.d, dosent.
Gülnar Hacıyeva,
həmin İnstitutun elmi işçisi 
 "Elm" qəzeti, 06 sentyabr 2019-cu il,