Rasionunda düyü üstünlük təşkil edən ölkələrdə COVİD-19 virusu nisbətən aşağı templə yayılır və bu xəstəlikdən sağalanlar daha çoxdur!
Həqiqətən, karonavirusun dünyanı cənginə aldığı bir zamanda “Evdə qal” çağrışına qoşulmaqdan başqa çarəmiz yoxdur. Amma türk qardaşlarımız demiş, bardağın o biri tərəfindən baxanda, gərək “çarəmiz yoxdur” deməyək, çünki evdə qalmaq hələ tam çarəsiz olmaq deyildir. Bu, ən azından qlobal miqyaslı bir bəla ilə mücadilə edən insanlarımıza, ilk növbədə isə həkimlərimizə, polislərimizə dəstək olmaqdır. Qoyulan karantin qaydalarını anlayışla qarşılamaq və onlara ciddi riayət etmək lazımdır.
Əlbəttə, evdə qalmaq, Allah verəndən yeyib-içib saatlarla televizorun qarşısında oturmaq, telofonla danışmaq və ya yataqda şellənmək yox, əksinə, istəmədən düşdüyümüz bu vəziyyətdən özümüz, ailəmiz üçün səmərəli istifadə etməliyik. Ömürdən-gündən gedən qızıl vaxtımızdan faydalanmaq üçün kim nə bacarırsa, kimin əlindən nə gəlirsə ev şəraitində onunla məşğul olmalıdır.
Həkimlərin də deməyinə görə, belə xəstəliklərlə mübarizədə ən vacib məsələlərdən biri immunitetin gücləndirilməsidir, onun üçün imkan daxilində yaxşı qidalanmaq, ondan daha mühümü isə insanın öz psixoloji durumunu qorumasıdır, yəni ruhdan düşməmək, ümidi itirməməkdir.
Buna nail olmaqdan ötrü insanlar, yəni əsas etibarılə kişilər hər hansı bir fiziki işlə, məsələn, evin, evdəki əşyaların təmiri, həyət varsa, həyətin abadlığı, təmizliyi, bağ varsa, bağın becərilməsi kimi işlərlə və ya, yaradıcılığa meylli insanlar belə bir fürsətdən yararlanıb nəsə, məsələn, rəsm, toxuma, oyma və s. sənət növlərilə məşğul ola bilərlər. Əlindən bu kimi işlər gəlməyənlər isə heç olmasa, kitab, eləcə də internetdəki maraqlı faydalı yazıları oxuyub, öz dünyagörüşlərini zənginləşdirə və öyrəndiklərini, bildiklərini digərləri ilə bölüşə bilərlər. Nəticədə hamımız “hər bir zərərdə bir xeyir var” deyiminə uyğun olaraq bu gözögörünməz bəladan bir qədər az ziyanla qurtula bilərik.
Karonavirusun yayılmasında, inkişafında və verdiyi zərərin miqyasında yaranmış vəziyyət xeyli suallar doğurur. Təbii ki, bu sualların cavabını tapmaq üçün dünyanın hər yerində çoxlu sayda elmi qurumlar, laboratoriyalar, alimlər, həkimlər yorulmadan axtarışlar edir, tədqiqatlar aparırlar.
Mənim sahəm olmasa da, baş verənlərə biganə qalmayaraq, evdə olduğum bu müddətdə, demək olar ki, hər gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və ayrı-ayrı ölkələrin statistik məlumatlarını oxuyur, rəqəmləri təhlil edir, yoluxmanın yayılma xəritələrini müqayısə edir, ölkələrin coğrafi və iqlim şəraiti, eləcə də kənd təsərrüfatı, xüsusilə qida məhsullarının istehsalı və istehlakına dair məlumatları tutuşdurur və bunlar arasında hər hansı əlaqənin olmasını araşdırıram.
Karonavirus pandemiyasının ÜST tərəfindən hər gün təzələnərək internetə qoyulan yayılma xəritəsinə baxın. Mavi rəngin çalarları ilə verilmiş bu xəritə dünya ölkələrində hər milyon nəfərə düşən yoluxanların sayını göstərir. Ən tünd rəng Qərbi və Şimali Avropa ölkələri və Amerikanı, ən zəif rənglər isə Asiya, Afrika və Latın Amerikası ölkələrini əhatə edir.Bu o deməkdir ki, birincilərdə hər 1 milyon ölkə əhalisinin 1000 nəfərindən çoxu, ikincilərdə isə cəmi 200 nəfərə qədəri bu yoluxucu xəstəliyə düçar olubdur.
Xəritələrdən də göründüyü kimi, yoluxmanın daha çox yayıldığı ərazilər inkişaf etmiş ölkələr, onların daha qabaqcıl bölgələri və əhalisi sıx olan böyük şəhərləridir ki, həmin yerlərin gəlişmiş nəqliyyat infrastrukturu əhalinin miqrasiya imkanlarını genişləndirir və nəticə etıbarılə bu da xəstəliyin sürətlə yayılmasını şərtləndirir.
Təbii ki, xəstəliyin yayılmasının bir çox digər səbəbləri var, məsələn, immunitetin zəif olması, gigiyena və karantin rejiminin tələblərinə əməl olunmaması, inzibati tədbirlərin zəifliyi, yaşın çox olması, yanaşı xəstəliklərin mövcudluğu və s. Prinsip etibarılə bu kimi amillər hər bir ölkədə bu və ya digər dərəcədə ola bilər, millətin, xalqın ənənəvi qida rasionundan başqa. Hər bir millətin özünəməxsus mətbəxi yüz, bəlkə də min illərlə formalaşır. Bu səbəbdən qida rasionu hər hansı bir ölkədə və ya regionda xəstəliyin yayılmasına təsir edən əsas amillərdən olması mümkündür.
Apardığım təhlillər onu göstərir ki, rasionunda düyü üstünlük təşkil edən ölkələrdə COVİD-19 virusu nisbətən aşağı templə yayılır və bu xəstəlikdən sağalanlar daha çoxdur! Bu, mənim subyektiv fikrimdir, kimsə razılaşmaya bilər.
Statistikaya müraciət edək: ən çox düyü istehlak edən ölkələr əsasən Asiya, nisbətən Afrika və Latın Amerikası ölkələridir. Dünya düyü istehsalının (təxminən 500 mln.ton) 90%-ni dünya əhalisinin 60%-ni (4.5mlrd.) təşkil edən Asiya ölkələrinin əhalisi istehlak edir. İnternet məlumatlarına görə, adambaşına illik düyü istehlakı Çində 120 kq, Yaponiyada-104 kq, Pakistanda 98 kq, Hindistanda 66 kq, Kubada 40 kq, İtaliyada 6,3 kq, ABŞ-da 2.5 kq, İngiltərədə cəmi 1.1 kq, keçmiş SSRİ-də isə 6 kq idi. Fərqə fikir verirsinizmi?
Bu xüsusda, A.Skrınnikovun 2018-ildə çıxmış “Asiya pəhrizi: yapon alimləri düyünü piylənmə ilə mübarizənin köməkçisi addlandırmışlar” məqaləsi diqqət çəkir. Məqalədə Şotlandiyanın Qlazqo şəhərində keçirilən insan piylənməsi üzrə Avropa konfransında bir qrup yapon aliminin təqdim etdiyi düyü əsaslı yeməklərin istifadəsi və artıq çəki arasındakı əlaqəyə həsr olunmuş məruzədən danışılır.
Məruzədə bildirilir ki, Kiotolu professor Tomoko İmainin rəhbərliyi ilə əhalisi 1milyon nəfərdən çox olan dünyanın 136 ölkəsində aparılan tədqiqatlar göstərib ki, gündə öz rasionunda orta hesabla 150 qram düyü istifadə edən insanlarda, onu, demək olar ki, istifadə etməyənlərdən (gündə 14 qram) fərqli olaraq, piylənmə və digər xəstəliklər, o cümlədən xərçəng, şəkər, ürək-damar və tənəffüs yollarının xroniki xəstəlikləri bir neçə dəfə az müşühidə edilir.
ÜST-ün verdiyi məlumatlarda da covid-19 infeksiyasına yoluxmuş xəstələr arasında ən çox ölüm hallarına məruz qalanlar məhz bu xəstəliyi daşıyan insanlardır. Ölüm hallarının yaşlı adamlar arasında ən çox olması da, uzun ömür sürmüş bir insanın bu xəstəliklərdən hər hansı birini və bir neçəsini daşıması təbiidir.
T.İmainin komandasının tədqiqatları nəticəsində müəyyən olunub ki, dünyada adambaşına gündə ən çox düyü yeyən Banqladeş (473q), Laos (443q) və Kamboca 438q), ən az yeyən isə Fransa (14q), Amerika və İngiltərə (19q) əhalisidir.
İndi ÜST-ün karonavirusun dünya üzrə yayılma cədvəlində və ya xəritəsində aprelın 13-nə olan məlumatlarına nəzər yetirək: hər 1 milyon əhaliyə görə yoluxanlar –Banqladeşdə 5 (cəmi 803), Kambocada 8 (cəmi 19), Laosda 3 (cəmi19 nəfər).
Bunlar həm də Cinə ən yaxın ölkələrdir və digərlərində -Vyetnam, Myanma, Tailand, Tayvan, nəhəng Hindistan və Pakistan, Filippin və İndoneziya kimi ölkələrdə də hələ ki, vəziyyət təxminən belədir.
Baxmayaraq ki, xəstəlik ilk dəfə Çində aşkar edilmiş və oradan dünyaya yayılmışdır, amma bu ölkə xəstəliyi ram etməyi bacarmış və ümumi yoluxanların sayı 82160 nəfər olmuş, onlardan cəmi 3341 nəfər dünyasını dəyişmiş və 77663 nəfər isə sağalmışdır.
Ölənlər ümumi yoluxanların 4.7%-ni, sağalanlar isə 94.53%-ni təşkil edir. Bu göstəricilər digər düyü həvəskarı olan ölkədə - Cənubi Koreyada müvafiq olaraq 2.06% və 70.67%; İranda isə 6.24% və 61.01% təşkil edir.
İranda ölənlərin sayının ümumi yoluxanlara münasibətdə Çin və Cənubi Koreyaya nisbətən bir qədər artıq olması, sağalanların isə bir qədər az olması, cənublu qonşumuzların elə bizim kimi, qida rasionlarında həm düyü, həm də çörək məhsullarından istifadə etmələri ilə izah etmək olar.
Bu sxemdə Yaponiyanın mövqeyi uyğunsuz kimi görünə bilər, belə ki, bu ölkədə ölənlərin hədsiz az (1.67%) sayı ilə bərabər, həm də sağalma hallarının da qonşu ölkələrə nisbətən çox az olması (10,64%) Yaponiyada orta yaş həddinin xeyli yüksək olması (84 il) və hədsiz yaşlı insanın sağalma resurslarının tükənməsi ilə əlaqələndirmək mümkündür.
İndi Qərb ölkələrinin statistikasına nəzər salaq: düyü yeməyib, makarona hədsiz meyilli İtaliyada ümumi yoluxanların 12.73%-i ölmüş, cəmi 21.88%-i isə sağalmışdır.
Düyünü ən az istifadə edən ölkələrdən biri olan Fransada bu göstəricilər müvafiq olaraq 10.86% və 20.50%, Amerikada isə 3.94% və 5,82% təşkil edir.
Bu sırada İspaniyada həm ölüm hallarının çox (10.32%), sağalanların da digər qonşu ölkələrə baxanda bir qədər artıq olması (38.19%), ispanların italyan və fransızlardan fərqli olaraq, bir qədər çox düyü və az çörək məmulatı tükətmələri ilə izah edilə bilər.
Avropa ölkələri arasında Almaniya ən uğurlu vəziyyətdə görünür. Belə ki, bu ölkədə karonavirusun çox geniş yayılmasına (1 mln.-a 1528 nəfər) baxmayaraq, ölənlərin sayı çox az (2.36%), sağalanların sayı isə qonşularla müqayisədə xeyli yüksəkdir (50,29%). Almanların düyüyə münasibəti haqqında bilgimiz olmasa da, bu ölkədə tibbin və həkimlərin yüksək səviyyəsi haqqında kifayət qədər məlumatlıyıq.
Bəs, nə üçün isti, tropik ölkələrin əhalisi öz yemək rasionlarda daha çox düyüdən, soyuq, şimal ölkələrdə isə daha çox buğdadan, mülayim iqlimli subtropik ölkələrdə isə hər ikisindən istifadə edilir?
Bunun kökləri qədim ənənələrə söykənir. Ortada bir iqlim amili var. Ta qədimdən insanlar başa düşmüşlər ki bəzi qidalar onlara istilik bəziləri isə soyuqluq gətirir. Tibet həkimləri bütün qida məhsullarını insan orqanizminə təsirinə görə isti, az isti, soyuq, çox soyuq və s. olmaqla yeddi dərəcəyə (növə) bölürlər. Bu siyahıda buğda isti, düyü isə çox soyuq qida növü kimi qeyd edilir. Bax, elə buna görə şimallılar buğda, cənublular isə düyü yeməklərini üstün tuturlar.
Düyü başqa nə kimi məziyyətlərə malikdir?
Düyü taxılkimilər ailəsinə daxil olan dənli bitkidir, tərkibi B qrupu (B1, B2, B3 və B6) , PP, E vitaminləri və karotinlə zəngindir və insan orqanizmi üçün vacib olan bir neçə mikroelementlər, o cümlədən fosfor, kalium, dəmir, sink, kalsium, selen və yod var.
Qeyd etmək lazımdır ki, digər dənli bitkilərdən fərqli olaraq, düyüdə bitki mənşəli zülal-qlüten yoxdur. Məlumdur ki, insan orqanizmində müəyyən allergik reaksiyalara və fəsadlara səbəb olan qlüten ən çox buğdanın, o cümlədən yediyimiz çörəyin tərkibindədir. Yəqin, şərqlilərin düyüyə üstünlük vermələrinin bir səbəbi də budur. Sübut olunmuşdur ki, düyü, xüsusən onun təmizlənməmiş növü, orqanizmi şlaklardan və toksinlərdən təmizləyən ən yaxşı qida məhsuludur, həm də az kalorili (350-370) olduğundan, arıqlamaq istəyənlər üçün dietoloqlqr onu məsləhət görürlər. Yadımdadır, o vaxt Çernobıl qəzasında radiasiya şüalanmasına məruz qalmış insanlara düyü yemək tapşırılmışdı.
Təhlillərdən göründüyü kimi, düyünü karonavirusun yayılmasına əngəl ola bilən, yoluxan xəstələrdə isə onun nisbətən yüngül keçməsini şərtləndirə bilən qida məhsulu kimi dəyərləndirmək olar. Lakin şübhısiz ki, mənim gəldiyim bu nəticənin müvafiq sahə üzrə tədqiqatçı alim və mütəxəssislər tərəfindən ciddi araşdırılmasına ehtiyac var və inanıram ki, Azrərbaycan da bir Şərq ölkəsi olaraq bu bəladan ağrısız, az zərərlə çıxacaq və insanlarımız tezliklə normal həyata qayıdacaqlar.
Rəşid Fətəliyev
AMEA, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent