R.M. Yüzbaşov Şamaxı şəhərində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu coğrafiya ixtisası üzrə bitirmişdir. 1938–1941-ci illərdə Azərbaycan EA sistemində (SSRİ EA-nın Azərbaycan filialı) aspiranturada oxumuşdur.

R.M. Yüzbaşov 1931–1933-cü illərdə Azərbaycan Maarif Komissarlığında təlimatçı, 1933–1935-ci illərdə Əmircan qəsəbəsində məktəb müəllimi, 1941–1945-ci illərdə Sovet Ordusu sıralarında olmuş, 1945–1949-cu illərdə Respublika Nizami adına Tarix muzeyində elmi hissə üzrə müdir müavini vəzifələrində işləmişdir. 1949–1951-ci illərdə müstəqil tərcüməçi kimi fəaliyyət göstərmiş, 1951–1952-ci illər Azərbaycan EA-nın nəşriyyatında redaktor, 1955–1957-ci illərdə Ədəbiyyat və Dilçilik İnstitutunda kiçik elmi işçi, 1958–1977-ci illər Azərbaycan EA Coğrafiya İnstitutunda elmi işçi, baş elmi işçi olmuşdur.

1962-ci ildə «Azərbaycan coğrafiya terminlərinin tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və coğrafiya elmləri namizədi alimlik dərəcəsi adı almışdır.

1976-cı ildən ömrünün sonunadək Azərbaycan EA Coğrafiya İnstitutunda «Coğrafi adlar» şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. Azərbaycanda coğrafi terminlərin elmi və milli mahiyyətinin araşdırılması və coğrafiya elminin tarixinin öyrənilməsi sahəsində məşhur alim kimi tanınır. Onun Azərbaycanda coğrafi terminlərin, yer adlarının düzgün və elmi təhlilinə dair çap etdirdiyi çoxlu elmi əsərləri indidə yüksək qiymətləndirilir. Yüzlərlə yer adlarının təhrif olunmasını və onların Azərbaycan xalqına məxsus olduğunu sübut etmişdir. Yüksək vətənpərvər və milli qürura malik tanınmış alim idi.