Professor H.B. Əliyev 1918–1926-cı illərdə BDU-nun İqtisadiyyat fakültəsində təhsil almış, 1939-cu ildə coğrafiya sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir.
1964-cü ildə professor elmi adı almışdır.
1930-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda «Coğrafiya» kafedrasının müəllimi, 1939-cu ildən həmin kafedranın müdiri və İnstitutun elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.
1938-ci ildə sabiq SSRİ EA Coğrafiya İnstitutunun Azərbaycan filialında «İqtisadi Coğrafiya» şöbəsinə rəhbərlik etmişdir.
1945-ci ildə AMEA Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
1948-ci ildən BDU-nun Geologiya-coğrafiya fakültəsində «İqtisadi coğrafiya» kafedrasının, 1960-cı ildən Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasının müdiri, 1980-ci ildən həmin kafedranın elmi məsləhətçisi olmuşdur.
O, 3 dərsliyin, 2 monoqrafiyanın, 120-dən çox məqalənin müəllifidir. Rəhbərliyi ilə elmlər namizədləri hazırlanmışdır. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1939–1951-ci illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin, 1939–1957-ci illərdə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialının sədri olmuşdur.
1970-ci ildə SSRİ Coğrafiya Cəmiyətinin fəxri üzvü seçilmişdir. Bakı Dövlət Universitetinin və Geologiya-coğrafiya fakültəsinin Elmi Şuralarının üzvü olmuşdur.