Bu iqtisadi rayonun tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər inzibati rayonlar daxildir. Qarabağ iqtisadi rayonunun şəraiti, iqlim ünsürləri və torpaq - bitki örtüyünün müxtəlifliyi bu ərazidə kənd təsərrüfatının bir sıra sahələrinin inkişaf etməsinə səbəb olmuşdur. Kənd yaşayış məntəqələrinin salınmasında da ərazinin relyefi və maili forması başlıca rol oynayır.Ərazini tədqiq edərkən kəndlərin təsərrüfat tiplərini və morfoloji - genetik quruluşunu əsas götürdük.

      Bu baxımdan,kəndlərin tipologiyasını 6 ixtisaslaşma kənd təsərrüfatı tipli kəndlərə ayırmaq olar:

  1. Heyvandarlıq tipli kəndlər;
  2. Heyvandarlıq, pambıqçılıq, taxılçılıq və baramaçılıq tipli kəndlər;
  3. Üzümçülük və bağçılıq tipli kəndlər;
  4. Meşəçilik və meşə materialı tədarük edən kəndlər;
  5. Taxılçılıq, quşçuluq və bostançılıq tipli kəndlər;
  6. Şəhərətrafı tərəvəzçilik, bağçılıq və quşçuluq tipli kəndlər.
  7. Heyvandarlıq tipli kəndlərə regionun əksər ərazilərində rast gəlinir. Ağdam, Bərdə, Xocavənd, Ağdərə, Füzuli, Xocalı, Ağcabədi və Tərtər inzibati rayonlarında əsasən köçəri heyvandarlıqla məşğul olurlar. Hər ilin aprelin 25-30 arası on minlərlə qara­mal, qoyun-keçi və ilxı Murovdağ, Ala qaya, Haça-yurd, Dəvəboynu kimi dağ yamaclarının yaylaqlarına qaldırılırdı.
  8. Heyvandarlıq, taxılçılıq və baramaçılıq tipli kəndlər də əsasən Xocavənd, Əskəran, Tərtər, Füzuli, Bərdə və Ağcabədi inzibati rayonların ərazisində geniş yayılmışdır. Bu tip kəndlərə bəzən Şuşa və Ağdamın ərazisində də rast gəlmək olur.

III. Üzümçülük və bağçılıqla məşğul olan kəndlər 1960 - cı illərdən başlamışdır. Əsasən Ağdərə, Xocavənd, Füzuli, Ağdam, Cəbrayıl inzi­bati rayonlarının ərazilərində yayılmağa başlamışdır. Bu rayonların əhalisinin 80 - 85 %-i üzümçülük və heyvandarlıq, 15 - 20 % - i isə bağçılıqla (əsasən çəyirdəkli meyvəçiliklə) məşğul olurlar.

  1. I Meşəçilik və meşə materialı tədarük edən kəndlər. Bu tip kəndlərə regionun üç inzibati rayonun­da rast gəlinir və onların əhalisinin 60-65 %-i meşə tədarükü ilə məşğul olurlar. Regionda 1990-cı ilin məlumatına görə, cəmi 139 min ha meşə sahəsi olmuşdur ki, bu da Azərbaycan Respublikası meşələrinin 6,2%-ni təşkil edirdi.
  2. Taxılçılıq, bostançılıq, quşçuluq tipli kəndlər Bu tipli kəndlərə; Füzuli, Tərtər, Bərdə, Ağdam və Ağcabədidə rast gəlinir.
  3. Şəhərətrafı tərəvəzçilik, bağçılıq və quşçuluqla məşğul olan kəndlər. Bu tip kəndlərə Xankəndi, Şuşa, Ağcabədi, Qırmızı Bazar, Ağdam, Füzuli və qismən də sənaye mərkəzləri ətrafında rast gəlinir.

     Ümumiyyətlə, Qarabağ iqtisadi rayonunda kəndlər respublikanın aqrar yönümlü olması ilə yanaşı, tikinti,yenidənqurma və abadlıqla bağlı irəli sürülən plan­lar üzrə inkişaf etdirilməlidir. Bu, hətta kəndlərin coğrafiyasının və morfoloji - genetik quruluşunun öyrənilməsi yuxarı təşkilatların kənd məntəqələrinə ayrılan kapital qoyuluşunun realizə olunmasında da başlıca rol oynaya bilər. Bunları nəzərə alaraq, İqtisadi rayonun sosial - iqtisadi potensialını son 40 - 50 ildə araşdırdıqda məlum olur ki, ermənilərin yaşadığı kəndlərin iqtisadi mənzərəsi azərbaycanlıların yaşadığı kəndlərdən dəfələrlə üstün olmuşdur. Hazırda kəndlərin köhnə plan və sxemlərindən yalnız həmin yerlərin tarixi - etnoqrafik və arxeoloji qazıntılar baxımından öyrənilməsində və coğrafi axtarışların həyata keçirilməsində istifadə etmək mümkündür (xəritə sxem N°1). Buna görə də kəndlər bütün komponentlər çərçivəsində yeni plan və sxemlər tərtib edilib həyata keçirilməlidir. Bunları nəzərə alıb keçmişdə, yəni 1988-ci illərdə bu iqtisadi rayonun kənd məntəqələrini  təsnifat baxımından 18 morfoloji - genetik tipə ayrılmasını ləğv edib, yeni təsnifatı əsas götürmək lazımdır (perspektiv planda).

İkinci Vətən müharibəsindən sonra şanlı qələbənin nəticələrini əsas götürərək regionun bütün sənaye, kənd təsərrüfatı, nəqliyyatı və s. sahələri ilə yanaşı yaşayış məntəqələrinin yenidən qurulması və abadlığı haqqında yeni planların həyata keçirilməsi təxirə salınmazdır.

Erməni təcavüzü nəticəsində dağıdılan və yerlə-yeksan edilən yaşayış məntəqələrinin yerində yeni şəhər tipli qəsəbələrin salınması, onlarda yeni infrastrukturların yaradılması birmənalı olaraq qarşıya qoyulmalıdır. Azərbaycanlılar yaşayan bir sıra kənd təsərrüfatı tipli məntəqələr olduğu kimi bərpa edib, əhaliyə verilməlidir. Viran qoyulmuş bəzi perspek­tivli kəndlər müasir sənaye və kənd təsərrüfatı tipli qəsəbələrlə əvəz olunmalıdır.

İqtisadi rayonun kəndlərinin funksional tipindən, təbii - coğrafi şəraitindən asılı olaraq onların morfoloji-genetik quruluşunu nəzərə alıb, aşağıdakı 11 tipə bölmək olar:

  1. Nizam məhəlli planı olan ən iri və iri kəndlər. Bunlar çay və su hövzələri ətrafında yerləşərək əhalisinin sayı 3-5 min nəfər və yaxşı həyətyanı torpaq sahəsinə malikdirlər. Bu tip kəndlərə regionun düzən və dağətəyi ərazilərində rast gəlinir. Ağdərədə-Ləvənarx, Xocalıda - Ballıca, Füzulidə - Yuxarı Əbdürəhmanlı sxem (x).
  2. Yaxşı planlı küçələri olan iri və böyük kəndlər düzən, dağətəyi və dağüstü yaylalarda geniş yayılmışdır. Bunlar çay ətraflarında, arx və avtomo­bil yolları ətrafında yerləşərək əsasən sovet dövründə salınmışdır. Bu tip kəndlər digərlərindən bir neçə küçəli olması ilə fərqlənir. Əsas tikililər baş küçədə yerləşir. Belə kəndlərdən Kasapet, Gerker və s. Kəndlər əsasən Kasapet çayının sol sahilində və Ohu - Ah- puz silsiləsinin cənub - şərq yamacında yerləşmişdir. Xocavəndin Tuğ kəndi. 

Bu tip kəndlər böyük, orta, bəzən isə iriölçülü olub, sistemsiz küçələri və tikintiləri ilə fərqlənir. Bu kəndlər qədimi olub, küçələri müxtəlif istiqamətlidir.

  1. Böyük və iri, bəzən orta ölçülü olub, sistemsiz küçələri və tikintiləri ilə fərqlənir. Bunlar da nisbətən qədimi olub, küçələri də əyri və çarpazdır.

Bu tip kəndlərə regionun suayrıcılarında və hamar ərazilərində rast gəlmək olur. Evlər əsasən ikimərtəbəli olub, tikintisində daş, kərpic və ağac materiallarından istifadə edilmişdir. Birinci mərtəbə daş və kərpicdən, ik­inci mərtəbəsi isə ağac materiallarından hazırlanmışdır. Digərlərindən fərqli olaraq bu tip kəndlər nəqliyyat yollarının ətrafında salınmışdır. Məs: Xocavənd rayonu­nun Hasi və Şuşakənd kəndi sxem (c), Şuşanın Qarabulaq (Ə) sxemli kənd və s.

  1. İri, ən böyük və böyükölçülü kəndlər. Kəndlərdə evlər əsasən dağınıq və sistemsiz yerləşmişdir. Kəndlər bir baş küçəli olub, çox da uzun olmayan yolu isə çınqıllı örtüklə örtülmüşdür. Evləri daşdan olub, funda­mental tikililərdən ibarətdir. Evlərin çoxu zirzəmilidir. Belə kəndlərə Ağdərə rayonunun Həsənqaya, Ağabəylicə və s. sxem (ğ) göstərmək olar.
  2. İri və böyük nizamsız planı olan, daxildə tikintiləri seyrək şəkildə yerləşən kəndlər. Bu tip kəndlərə çay, arx və kanallar ətrafında rast gəlinir. Əsasən Xocavəndin Muğanlı kəndi, Xocalının Şuşakənd və digər kəndlərini misal çəkmək olar. Bu kəndlərin əhalisinin tərkibini azərbaycanlılar təşkil edir. Küçələri ensiz və darısqaldır.
  3. Böyük və ortaölçülü kəndlər. Kəndlər ərazi üzrə qeyri-bərabər, dağınıq şəkildə dağətəyi və təpəlik ərazilərin bağlı-bağçalı sahələrində yerləşmişdir. Belə kəndlərə Şuşanın Daşaltı kəndi sxem (Q), Xocalının Ballıca, Aranzəmi və Xocavənd rayonlarının ərazisində də rast gəlmək olur, misal üçün Tuğ kəndi.
  4. Ortaölçülü, nizam planı və bir neçə küçəli orta dağlıq ərazilərdə salınmış perspektivli kəndlər.
  5. Sistemsiz planı olan kəndlər. Bu tip kəndlər balaca və ortaölçülü olub, əhalisinin sayı 100 nəfərdən 250 nəfərə qədər təşkil edir.
  6. Kiçik və xırdaölçülü kəndlər. Əhalisinin sayı 50 - 100 nəfər.
  7. Xırda, heç bir planı olmayan perspektivsiz kəndlər. Əhalisinin sayı 25 - 50 nəfər.
  8. Cırtdan ölçülü kəndlər. Əhalisinin sayı 1 - dən 25 nəfərə qədər olur.

Nəticə olaraq onu qeyd etmək olar ki, ermənilər son 30 ildə iqtisadi rayonun istər məntəqələrinin tipologiyasında və istərsə də onların morfoloji - gene­tik quruluşunda gələcək üçün heç bir ölçü nümunəsi qoymayıblar. İqtisadi rayon ərazisində bütün təsərrüfat sahələri, meşə və bağlarda olduğu kimi, şəhər və kənd məntəqələrinin morfoloji - genetik quruluşu da dağıdılıb, yerlə-yeksan edilmişdir. Bunları aradan qaldırmaq üçün yeni planlar, yeni tipli məntəqələrin salınması gündəmdə olmalıdır. 

Qarabağ iqtisadi rayonunda kənd yaşayış məntəqələrinin funksional tipləri və onların morfoloji - genetik quruluşu 

        AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya institutunun aparıcı elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev

        AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi,

coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sadıqov 

Yer və insan elmi-nəzəri jurnalı №01(17)-2022, səh. 89-92