Son vaxtlar ölkənin ümumtəhsil məktəblərində baş verən neqativ hallar, qalmaqallarla bağlı sosial şəbəkələrdə bir çox məlumatlar, videolar yayımlanır.

Bəzi videolarda dərs prosesi zamanı müəllimlərlə şagirdlər arasında yaranmış xoşagəlməz hallar öz əksini tapır. Baş verən hallarla bağlı şagirdlərlə yanaşı müəllimləri də günahlandıranlar var. Bununla bağlı isə son vaxtlar adətən müəllimlərin cəzalanmasının şahidi oluruq. 

Doğurdanmı bu gün məktəblərdə müəllimlərlə şagirdlər arasında baş verən münaqişənin günahkarı müəllimlərdir? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında dosent Ənvər Əliyev bildirdi ki, illərlə, 30-40 il dərs deyən bir müəllimi valideynin tərbiyə etmədiyi bir uşağın xatirinə tədrisdən yayındırmaq qətiyyən düzgün bir fikir deyil: 

“Dünyanın elə ölkələri var ki, orada cəmi 10-15 il işləyən müəllimlər pensiyaya çıxır, yetərincə də pensiya alırlar. Elmə, təhsilə münasibət kəskinləşməlidir. Bu kəskinliyin fonunda dayanan isə yalnız diqqətin artırılmasıdır.Burada həm maliyyə, həm də təhsil cəhətdən diqqət yetirilməlidir. Yeni "Təhsil haqqında” qanun layihəsi hazırlanmalıdır. Müəllim millətin gələcəyini müəyyənləşdirən, planlaşdıran, gələcəyinə işıq saçan bir təbəqədir. Onlara yalnız əməkhaqqı verməklə iş düzəlmir, gərək onların da iş prosesi normal olsun.

Çətin tərbiyə olunan uşaqları digər uşaqlardan ayırmaq lazımdır. Müəllim bu cür uşaqlara şillə vurmaq yox, elə bir rəy yazmalıdır ki, bu sinifdə həmin uşağın olması Azərbaycan təhsil sisteminə xəyanətdir. Çətin tərbiyə olunan uşaqlar təhsilini digər uyğun məktəbdə davam etdirməlidir. Azərbaycan təhsilini, elmini təsadüfi adamlar ucbatından bada vermək olmaz. Bu gün orta məktəbdə vəziyyət acınacaqlıdır". 

Ənvər Əliyevin sözlərinə görə, bu sahədə qanunlarda, xüsusilə də İnzibati Xətalar Məcəlləsində boşluqlar var:

“Mahiyyətcə dərs pozulur və heç kimin ixtiyarı yoxdur ki, 45 dəqiqədə o dərsi pozsun. Həmin 45 dəqiqə pozulursa, mahiyyət etibarilə dərsi pozan adam cəza almalıdır.

Əgər uşaq dərsi pozursa, müəllimin nə günahı var? Müəllim heç vaxt normal, tərbiyəli, dərsin gedişinə mane olmayan uşağı cəzalandıra bilməz. Demək ki, bu uşağın günahıdır. Ancaq uşaq dərs prosesini pozur, müəllim cəza alır. Ona görə də dərs prosesini pozan şagird mütləq cəzalanmalıdır ki, müəllim onunla məcbur qalıb əl-qol davasına çıxmasın. 

Həmin məktəbin hər bir otağına kamera qoyulmalıdır. Məktəbin təhlükəsizliyi ilə məşğul olanlar, kameranı izləməli və həmin prosesə nəzarət etməlidir. Bunun başqa yolu yoxdur.

Müəllim uşaqları sakitləşdirərkən müəyyən metodlardan istifadə edəndə də, etməyəndə də cəzalanırlar. Burada çıxış yolu odur ki, kameraya düşən uşaqlar haqqında tədbir görülməlidir. Bu İnzibati Xətalar Məcəlləsində xuliqanlıq kimi qeydə alınmalıdır. Həmin uşaqlar üçün ayrı məktəblər açılmalıdır. Heç bir qanuna uyğun gəlmir ki, 40 il çalışan müəllimə tərbiyəsiz uşağa görə cəza verilsin. 

Cəzanı o prosesi pozan şəxs almalıdır. Qeyd etdiyim kimi mexanizmlə məktəbdə qayda yaratmalıyıq. Müəllim o halda cəzalana bilər ki, o dərsi keçməyib, yaxud tərbiyəli uşağa əl qaldırıb. O ki qaldı bəzi uşaqlara, onların valideynləri də cəzalanmalıdır. Bir uşağı tərbiyə edən valideyn cəzalandırılmır. Ancaq 40 uşağa dərs keçən müəllimə cəza verilir. 

Elə qayda tətbiq etmək lazımdır ki, burada valideynlərin də məsuliyyəti olsun. Valideyn zəhmət çəkib gəlib kamerada uşaqlarının törətdiyi hərəkətləri izləməlidir. Nəyə görə ona cəza verilib? Ümumiyyətlə, Azərbaycanda dərs prosesi həm universitetdə, həm də orta məktəblərdə lazımi qaydada getmir. Orta məktəb uşaqlara biliklərin əsaslarını öyrədir. Əgər bu mərhələ normal qurulmursa, digər pillələrdə də öz təsirini göstərəcək. 

Bu neqativ hallara qarşı ciddi mübarizə aparılmalıdır. Məktəblərdə dəmir intizam olmalıdır. Belə problemlərin qarşısı alınmalıdır, dərsi, mühiti pozan şəxs cəza almalıdır”.

Nigar Abdullayeva
                                                                                                                                                                                                                                                                     

                                       Cebhe.info