Məlum olduğu kimi, son zamanlar Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı 1975-ci il xəritəsindən istifadə ilə bağlı fikirlər səsləndirilir.

Bəs, sözügedən xəritə Azərbaycanın maraqlarına cavab verirmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirdi ki, bu, daha çox siyasi məsələdir. 

"Yəni bizim hökumət də, Ermənistan hökuməti də bu məsələ üstündə müəyyən üstünlüklər qazanmaqdan ötrü siyasi manevrlər edirlər. Hərə ortaya bir xəritə artır. Bu məsələyə çox girmək istəmirəm. Çünki bilavasitə siyasətin içinə girirsən. Siyasət isə dövlətin siyasi təşkilatları tərəfindən idarə olunur. Yəni burada hər hansı bir vətəndaş kimi söz demək olar, amma diletant fikri çox da demək doğru deyil. 1974-75-ci ilin xəritələrindən istifadə etməyi mən də demişəm, çünki o xəritələr əslində əvvəlki dövrün xəritələrinin bir növ yenilənmiş variantıdır. Yəni topoqrafik əsas qalmaqla bir də görürsən əlavələr edirlər" - deyə o, qeyd etdi.

M.İsmayılov əlavə etdi ki, xəritə məsələsində ölkəmiizn mövqeyi aydındır.

"Bizim hökumət dəfələrlə izah edib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Biz hansı sərhədlər daxilində BMT-yə girmişiksə, onu istəyirik. Yəni bizim hökumət belə deyir. Amma indi arada bu dəhliz söhbətləri işi xeyli qarışdırıb. Ermənistan, məsələn, boynuna götürdüyü Zəngəzur dəhlizini vermək istəmir" - deyən coğrafiyaşünas alim hesab edir ki, Azərbaycan hökuməti delimitasiya məsələsində müvəffəqiyyət əldə etmək üçün müəyyən manevrlər etməlidir.

https://redaktor.az