Qış ayında olmağımıza baxmayaraq, hava şəraiti yazı xatırladır. Qonşu ölkələrdə qar yağır, Azərbaycanda isə ötən gün 23 dərəcə istilik müşahidə olunub...
Hətta bəzi rayonlarda alça ağacının bar verməsi, qoz ağacının çiçək açması ilə bağlı xəbərlər də alırıq. Fəsilə uyğun olmayan, anormal hava şəraitinin səbəbi nədir? Bu tip hava şəraiti insan səhhətində hansı fəsadları yarada bilər?
AMEA-nın Coğrafiya İnstitunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlama verib.
“Hazırda artıq qışın ilk ayındayıq lakin digər illərə nəzər saldıqda fərqli iqlim göstəriciləri müşahidə edirik. Regionlarda və paytaxtda da hökm sürən isti hava kütlələrinin səbəbi qonşu ölkələrdən də ölkəmizə gələn soyuq hava kütlələrinin azalmasıdır. Qonşu ölkələrin ən soyuğu hesab olunan Rusiyada da bir neçə gün qabaq 26 dərəcəyə yaxın istilik müşahidə olunub. Bu amillərin hər biri Azərbaycanda da havanın bu cür formalaşmasına təsir göstərib”.
Ekspert bildirib ki, hava şəraitinin bu cür anomal keçməsinin ən böyük fəsadlarından biri elə ağacların vaxtından əvvəl çiçək açması və bu kimi digər proseslərdir.
“Hazırda mövsumi yaşıl ağaclar yarpaqlarını tökməli idilər. Ağacın yarpağını tökməsi üçün isə torpağın temperaturunun 5 dərəcədən aşağı olması lazımdır. Hazırda ağaclar yarpağını töksə də budaqlarda hüceyrə suları var. Mütləq şəraitdə hava dəyişilməlidir. Çünki artıq şimal axınları Azərbaycana doğru irəliləməlidir. Hazırda qarşılaşdığımız hal uzun çəkməyən hava fasilələridir. Şimal axınları Azərbaycana gəlsə, bu ağaclarda da həmin budaqlarda olan hüceyrə suları ağacı yaş saxlayır. Qəflətən düşən şaxta, adətən, meyvə ağaclarının meyvə budaqlarını vurur. Bu ağac gələcəkdə az bar gətirir”.
Məsələyə tibbi baxımdan yanaşaraq suallarımızı professor Adil Qeybullaya da ünvanladıq. Fəsilə uyğun olmayan hava şəraiti insanların səhhətində problemlər yarada bilər?
“Bu gün dünyada ümumi olaraq qlobal istiləşmə gedir. Bu, bütövlükdə götürəndə Yer kürəsindəki canlılar üçün olduqca ziyandır. Əlbəttə, onların sağlamlığında öz təsirini göstərməyə bilməz. Ümumiyyətlə, qlobal istiləşmə insan sağlamlığını, canlıları təhdid edən 10 əlamətdən biri kimi qeydə alınıb. Bildiyiniz kimi ayrı-ayrı ölkələrə müxtəlif vaxtlarda xarakter olmayan havanın mövcud olması, bu gün də Bakıda qış ayında belə bir havanın olması bunu bir daha sübut edir. Əlbəttə, bu, ayrı-ayrı növlərin dəyişməsinə, sıradan çıxmasına gətirib çıxara bilər. O cümlədən insan sağlamlığına da neqativ təsirini göstərməkdədir. Bütövlükdə qlobal istiləşmənin, iqlim dəyişkənliyinin səbəbi birbaşa insanların fəaliyyəti ilə bağlıdır ki, bu da dövr edərək onların özlərinə ziyan vurur”.