Quruyan Xəzər:  Sahil ölkələr çox təhlükəli sınaq qarşısındadır

 
 
“1977-ci ildə Xəzər dənizinin səviyyəsi 3 metr aşağı düşmüşdü. 1977-1995-ci illər də isə qalxma dövrü oldu. 2005-ci ildən indiyə qədər dəniz 2,40 sm aşağı düşüb. Demək olar ki, 1977-ci ildəki kritik dövrə yaxınlaşmışıq”.
Bu sözləri AzVision.az-a açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Xəzər dənizinin səviyyəsinin getdikcə azalmasından danışarkən deyib. Onun sözlərinə görə, azalmanın nə zamana qədər davam edəcəyi barədə alimlərin müxtəlif tədqiqatları mövcuddur:



“Alimlərin verdiyi proqnoza görə, əsrin sonuna qədər dəniz 9-18 metr aşağı düşə bilər. Coğrafiya İnsititunun bu sahədə məşğul olan mütəxəssisləri bu proqnoza çox da müsbət yanaşmır. Çünki həmin modellərdə bir sıra vacib amillər nəzərə alınmayıb.



Həmin amillərlə bağlı bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlayn şəklində debat keçirdik. Onlar özləri də bildirdilər ki, tədqiqatlarda bir sıra məsələlər nəzərə alınmadığı üçün müəyyən qədər səhvlər ola bilər. Ancaq istənilən halda, dənizin səviyyəsinin 9-18 metr aşağı düşməsindən söhbəti gedirsə, o deməkdir ki, Xəzər dənizi, eyni zamanda sahil ölkələr çox təhlükəli sınaq qarşısındadır”.



Müsahibimiz Xəzər dənizinin nə vaxtsa dəniz statusundan çıxıb gölə çevrilə biləcəyi fikrinə inanmadığını bildirib: “Burada bir neçə məsələ var. Xəzərin səviyyəsi artanda onun səthi artmaqla yanaşı böyük əraziləri əhatə edir və buxarlanma olur. Buxarlanma artdığı üçün səviyyə təzədən düşməyə başlayır. Xəzərin səviyyəsi çox düşəndə artıq onun səthi azalır.



Ondan buxarlanan suyun miqdarı da azaldığı üçün bu proseslər bir-birini müəyyən qədər kompensasiya edir. Xəzər dənizinin Urmiya gölündən fərqi ondan ibarətdir ki, hər ikisinin özünəməxsus xüsusiyyətləri var. Bizim hesablamalara görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təxminən 2042-ci ilə qədər davam etməlidir. Sonra isə müəyyən qədər qalxma gözlənilir. Ancaq biz bilmirik ki, o əvvəlki səviyyələrə gəlib çatacaq ya yox”.