“Qlobal iqlim dəyişikliklərinin mənfi təzahürləri və onun aradan qaldırılmasında “yaşıl enerji”nin rolu” mövzusunda “XQ”-nin Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə təşkil etdiyi “dəyirmi masa”da qonaqlarımız qurumun baş direktoru, professor Zakir Eminov, Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov, iqtisadi və siyasi coğrafiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev, iqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçisi Cəmilə Əhmədovadır. Xalq qəzetinin baş redaktoru redaktoru Əflatun  Amaşov qonaqları salamlayaraq bildirdi ki, dünyada mühüm önəm daşıyan məsələlərin müzakirə edildiyi və həll yollarının axtarıldığı qlobal platformalardan biri olan C2P toplantıları keçirildiyi bütün zamanlarda daim diqqət mərkəzində olub. Çünki bu tədbirlərdə bir qayda olaraq beynəlxalq aləmi narahat edən, düşündürən kəskin iqlim dəyişmələrinin, temperaturun qlobal səviyyədə artmasının doğurduğu ciddi fəsadların, ekstremal hadisələrin və təbii fəlakətlərin nəticələri müzakirə edilib, insan sağlamlığı ilə əlaqədar problemlərin həlli yolları və bir çox heyvan növlərinin nəslinin kəsilməsi təhlükəsinin qarşısının alınması təşəbbüsləri səsləndirilib mühüm sənədlər imzalanıb.

Bakıda keçiriləcək COP29-un da bu baxımdan tarixi əhəmiyyət daşıyacağını indidən inamla söyləmək olar. Eyni zamanda, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP29 tədbirində bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müəyyən məsələlərlə bağlı yaranan fikir ayrılığının da Bakı toplantısında aradan qaldırılacağı, bununla bərabər iqlim dəyişikliyi, ənənəvi və alternativ enerji resurslarının gələcək istehsalı, istehlakı ilə bağlı vacib qərarların qəbul ediləcəyi gözlənilir.

Baş redaktor qeyd etdi ki, Azərbaycanın belə bir önəmli qlobal platformaya – COP29-a ev sahibliyi etməsi isə, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu ilə bağlıdır. Digər tərəfdən, bu, respublikamızın müsbət ekoloji dəyişikliklər yaratmaq istiqamətində son illərdə əldə etdiyi uğurlardan qaynaqlanır, “yaşıl” və sağlam gələcəyin qurulması istiqamətində üzərinə götürdüyü öhdəliyi yüksək səviyyədə həyata keçirməkdən irəli gəlir. Azərbaycanın 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləməsi və hazırda bu istiqamətdə genişmiqyaslı layihələr gerçəkləşdirməsi də ölkəmizin verdiyi vədə sadiqliyinin göstəricisidir.

Əflatun Amaşov qonaqları işgüzar, səmərəli müzakirəyə dəvət edərək vurğuladı ki, redaksiyanın fəaliyyətində Azərbaycanın COP29 kimi mühüm önəm daşıyan qlobal bir platformaya ev sahibliyi etməsi ilə bağlı məqalələrin dərc edilməsi, respublikamızın müsbət ekoloji dəyişikliklər yaratmaq istiqamətində son illər əldə etdiyi uğurlar barədə materiallar hazırlanması prioritet istiqamətdir. Bugünkü “dəyirmi masa” da həmin silsilənin, bir növ, davamıdır. Zakir Eminov – Coğrafiya İnstitutunun əsas tədqiqat sahələrindən biri məhz iqlimlə bağlıdır. Məlumat üçün deyim ki, 1945-ci ildə yaradılan gündən institutumuzda iqlim şöbəsi fəaliyyət göstərir. Ötən müddətdə burada nəinki respublikamızda və SSRİ-də, eləcə də bütün dünyada tanınan məşhur iqlimşünas alimlər çalışıblar. Ənvər Şıxlinski, Əliabbas Mədətzadə və Əsgər Əyyubov məhz belə alimlərimizdən olublar. Təkcə onu qeyd etmək kifayətdir ki, Ə.Şıxlinskinin müəllifi olduğu cildlərlə atlas və xəritələrdən indi də geniş istifadə olunur. Tanınmış alim Ə.Mədətzadə Azərbaycanın hava kütlələri haqqında çoxsaylı tədqiqatlar aparıb. Ə.Əyyubov isə aqro iqlimşünaslıq şöbəsində fəaliyyət göstərib. Hazırda həmin şöbə iqlimşünaslıq və aqroiqlimşünaslıq adlanır.

Qlobal istiləşmə hazırda dünyada bir nömrəli problemdir. Coğrafiya İnstitutunun alimləri də bu sahə ilə yaxından məşğul olurlar. Düzdür, son illər beynəlxalq tədbirlərdə iştirakımızla bağlı müəyyən çətinliklər var. Bu da əsasən ondan ibarətdir ki, həmin tədbirlərdə iştirak etmək üçün iqlimşünas alimlərimizdən ingilis dilinin bilməsi tələb olunur. COP29-la bağlı tədbirlərdə isə yalnız bir nəfər əməkdaşımızın iştirakı üçün dəvət göndərilib. Biz də Rauf Qardaşovun iştirakını məsləhət bilmişik. Rauf müəllim tanınmış alim, akademiyanın müxbir üzvüdür. O, iqlimşünas alim olmasa da, “yaşıl enerji” sahəsi ilə məşğuldur, daha çox Xəzər dənizinin fizikası sahəsində tədqiqatlar aparır.

İnstitumuzda COP29-la bağlı hazırlıq işlərinə gəldikdə isə, bu sahədə elmi konfransın keçirilməsini planlaşdırırıq. Həmin konfransın əvvəlcədən respublika miqyasında keçirilməsi nəzərdə tutulurdu. Sonradan isə akademiyanın prezidenti İsa Həbibbəylinin məsləhəti ilə tədbirin beynəlxalq konfrans kimi keçirilməsi qərara alındı. Artıq həmin toplantının proqramı da işlənib hazırlanıb. Bu məqsədlə materiallar, rəqəmlər yığılır. Beynəlxalq konfransın iyunun əvvəllərində keçirilməsi nəzərdə tutulub. Buna qədər isə institutumuzun əməkdaşlarının iştirakı ilə bir necə seminar keçirəcəyik. Ümumilikdə isə, institutumuzda hər həftənin 3-cü günü elmi şura və seminarların keçirilməsi artıq ənənəvi xarakter alıb. Həmin tədbirlərdə bizim kadrlarla yanaşı, kənardan da alimlərin iştirakı təmin olunur. Məhz onlarla birlikdə bir sıra maraqlı mövzular müzakirə olunur, geniş fikir mübadiləsi aparılır. Bütövlükdə, cari ildə bu sahədə 2-3 seminarın və bir beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

O ki, qaldı COP29-un işində bilavasitə iştirak etmək, deməliyəm ki, bu məsələ təkcə bizdən asılı deyil. Bununla bağlı qərar hökumət tərəfindən veriləcək. Yeri gəlmişkən, məndə olan məlumata görə, COP29 konfransında sinxron tərcümə olmayacaq. Bütün iclaslar yalnız ingilis dilində keçiriləcək. Çünki bu, beynəlxalq tədbirdir. Bununla belə, mən hesab edirəm ki, bizim alimlərimizin hamısının orada iştirakı vacibdir. Çünki uzun illər bu sahədə məşğul olduqları üçün bu bilavasitə onların işidir.

Mətbuatda iqlim dəyişiklikləri, xüsusən də COP29-la bağlı müntəzəm çıxışlar edilməlidir. Düşünürəm ki, mətbuat iqlimlə bağlı məsələlərə təkcə COP29 çərçivəsində deyil, hər zaman geniş yer ayırmalıdır. Düzdür, son zamanlar televiziya və radiolarda, həmçinin müxtəlif saytlarda mövzu ilə bağlı çoxsaylı çıxışlar yayımlanır. Fikrimcə, qəzetlərdə də bu sahədə materialların dərc edilməsi vacibdir. Çünki qəzet tarixin yazılı salnaməsidir, deyilən hər bir fikir burada qorunub saxlanılır. Həmin məqalələri əldə etmək hər zaman mümkündür. Yeri gəlmişkən, biz mətbuata hər an açığıq, jurnalistlərin suallarını cavablandırmağa həmişə hazırıq. İnstitutumuzda çox savadlı iqlimşünas alimlər cəmləşiblər. Hesab edirəm ki, mətbuat onların iqlim dəyişiklikləri ilə bağlı çıxışlarına xüsusi diqqət ayırmalıdır.

Son 1-2 il ərzində biz iqlim sahəsində 4-5 mütəxəssis alim yetişdirmişik. İqlimşünaslıq təkcə bizə aid olan məsələ deyil. Aviasiya Akademiyasında da bu sahə çox geniş istifadə olunur. 2rada da 2-3 nəfər sözügedən sahədə dissertasiya müdafiə edib. Bundan əlavə, ötən il Aerokosmik Tədqiqatlar İnstitutunda alimlərimizin rəhbərliyi ilə bir nəfər bu sahədə alimlik dərəcəsinə yiyələnib. Məndə olan məlumata görə, hazırda həmin şəxs institutun direktor müavini vəzifəsində çalışır. Yəni bu sahədə tədqiqatlar davam edir. Heç şübhəsiz, bu məsələ gələcəkdə daha geniş miqyas alacaq.

Səid Səfərov

– Hazırda dünya ölkələri ümumi enerji potensialında bərpaolunan enerjinin payının artırılmasına çalışırlar. Digər tərəfdən isə, karbon qazını udan meşələr, yaşıllıqlar məhv edilir. Fikrimcə, yaşıllıqları bərpa etmək milyardlarla pul xərcləyib karbon, istixana qazlarının qarşısını almaqdan daha asandır. Ümumiyyətlə, COP adı ilə keçirilən tədbirlərdə ölkələri, çoxsaylı insanı bir yerə toplayıb müəyyən məsələləri müzakirə etmək nə üçün vacibdir" Bu sualın cavabını verməzdən öncə diqqəti uzun illər öncə tarixdə baş vermiş proseslərə yönəltmək istəyirəm. Əslinə qalsa, bizim artıq mübarizə aparmaq əzmində olduğumuz bu istixana qazları vaxtilə özünün müsbət rolunu oynayıb. Tarixə nəzər yetirsək, görərik ki, X,X əsrdə Napoleon Bonapartın rəhbərlik etdiyi Fransa qoşunlarının Rusiyaya hücumu zamanı böyük bir ordunun soyuqdan donub məhv olması, eləcə də ondan əvvəlki vaxtlarda havanın çox soyuq keçməsi böyük narahatlıqlar yaradıb. Ancaq 1850-ci ildən etibarən Avropada sənayeləşmə inqilabı başlayıb. Bundan sonra isə hava sanki bir qədər mülayimləşməyə doğru gedib. İlk vaxtlar alimlər buna fikir verməyiblər.

Yeri gəlmişkən, atmosferdə karbon qazının konsentrasiyasının artması təkcə iqlimin istiləşməsi və ya soyuqlaşması deyil, həm də bu amilin kənd təsərrüfatı istehsalında çox böyük rolu var. Bunu dedikdə, mən fotosintez məsələsini nəzərdə tuturam. Atmosferdə karbon qazının miqdarının çoxalması əmək məhsuldarlığına da təsir edir. Keçən əsrin 60-70-ci illərindən sonra bəzi alimlərin apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, Yer kürəsinin orta temperaturu artmağa doğru gedir. Əslində o dövrdə bu fərq çox cüzi idi. Yəni statistik nöqteyi-nəzərindən bu çox da böyük artım deyildi. İlk vaxtlar çoxları buna inanmırdı. Lakin 1990-cı ildən sonra temperaturun artması kəskin xarakter almağa başladı. Artıq bütün dünya alimləri, demək olar ki, atmosfer havasının istiləşməsini qəbul etməyə başladılar. Düzdür, hazırda bunun səbəbinin insan və ya digər təbii amillərlə əlaqədar olması ilə bağlı müəyyən fikir ayrılıqları var. Məsələn, bəziləri bunu Günəşin aktivliyinin artması ilə əlaqələndirir. Bəziləri isə deyir ki, son illər Yerin hərəkət sürəti azalıb. Hətta bəziləri iddia edir ki, Yer kürəsinin bir neçə təbəqəsi var. 2nun nüvəsi adlanan, mərkəzə yaxın hissəsinin – ona maqma deyilir – temperaturu 6 min dərəcəyə yaxındır. Maqma bir plazma kimi hərəkət etdikcə Yerin maqnit sahəsini yaradır. Bəzi alimlər isə deyirlər ki, maqma şimala doğru meyil etdiyi üçün burada buzlar əriməyə başlayır. 2 məntiqlə yanaşanda Antarktidanın da buzları əriyə bilər.

Karbon qazının, digər istixana qazlarının planetimizin temperatur rejimində rolunu müəyyən etmək üçün Yer, ondan Günəşə daha yaxın olan Veneraya və ondan Günəşə bir qədər uzaq olan Marsa nəzər yetirək. Bir anlığa hesab edək ki, bu planetlərin heç atmosferi, daha doğrusu, orda istixana qazları yoxdur. Və yaxud oradakı enerji balansına nəzər yetirsək, aydın olur ki, Günəşdən gələn enerji ilə yanaşı, Yerin özü də enerji şüalandırır. Bu şüalanma nəticəsində biz səhərə yaxın ən aşağı temperatur hiss edirik. Sonra yenidən gün çıxır, yeri qızdırır, proses günün sonunadək davam edir. Daha sonra isə əks proses başlayır. Təsəvvür edin, əgər Yerin atmosferi olmasaydı, onda bu planetin orta temperaturu mənfi 15 dərəcə olmalıydı. Xatırladaq ki, sonuncu buzlaşma dövründə Yerin orta temperaturu müsbət 7-8 dərəcə olub. Onun da nəticəsində planetin böyük bir hissəsi donub. Təkrar edirəm, əgər Yerin atmosferi və orada istixana qazları olmasaydı, burada orta temperatur mənfi 15 dərəcə təşkil edərdi. Bu isə o deməkdir ki, Yerdə həyat əlamətləri olmazdı. Bundan da istixana qazlarının planetimiz üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığı aydın olur.

Marsda atmosferdə karbon qazı, demək olar ki, yoxdur. 2rada orta temperatur mənfi 60 dərəcədir. Veneranın isə orta temperaturu, əgər atmosfer olmasaydı, mənfi 17 dərəcə təşkil etməliydi. Axı o, Günəşə yaxın olduğu üçün ora isti olmalıydı. Amma bu, belə deyil. Səbəbi də odur ki, Venera ağ planet olduğundan Günəşin şüalarını əks etdirir. Ancaq Veneranın atmosferində karbon qazının miqdarı yerdəkindən dəfələrlə çox olduğu üçün bu planetin real temperaturu müsbət 480 dərəcədir. Yəni buradan aydın olur ki, Yer kürəsinin temperaturunun artmasının əsas səbəbi məhz istixana qazlarıdır.

Nəriman Paşayev

 – Hələ ötən əsrin 70-ci illərindən ətraf mühitin mühafizəsi əsas məsələlərdən biri olub. “Yaşıl iqtisadiyyat” və “yaşıl artım” anlayışları demək olar ki, həmin vaxtdan bu yana tədricən inkişaf edib, 1992-ci ildən isə önə çəkilməyə başlayıb.

Ümumiyyətlə, bu gün “yaşıl iqtisadiyyat” və “yaşıl artım”la bağlı çağırışlar, eləcə də bu təşəbbüslərin əsaslandığı prinsiplər onu göstərir ki, sözügedən proses cəmiyyətin və iqtisadi inkişafın yeni mərhələsidir. Həyatın bütün sahələrində “yaşıl” təfəkkürün, həyat tərzinin və yeni iqtisadiyyata keçidin zəruriliyi təsdiq edir ki, “yaşıl iqtisadiyyat”ın formalaşmasında təbii ehtiyatlar mühüm önəm daşıyır və bu məsələdə səmərəlilik diqqət mərkəzində saxlanılır. Bundan başqa, innovativ iqtisadiyyatın “yaşıllaşdırılması” prosesləri fonunda inkişaf problemlərinin həlli cəmiyyətin tərəqqisini şərtləndirir. “Yaşıl iqtisadiyyat” və “yaşıl artım”la bağlı çağırışların əsasında dünyanı narahat edən qlobal problemlərdən biri – iqlim dəyişiklikləri və onun canlı aləmə mənfi təsiri dayanır. Qeyd edim ki, bu məsələ dünya birliyini getdikcə daha çox narahat edir. Bu, ilk növbədə, qeyri-sabit hava şəraiti ilə bağlıdır. Belə hal dünyada, həmçinin Azərbaycanda da müşahidə edilir və təbii ki, müəyyən problemlərlə narahatlıq yaradır.

Hazırda Azərbaycanda havanın orta illik temperaturunun baza dövrü (1961- 1990-cı illər) ilə müqayisədə artdığı və bu artımın regiondan asılı olaraq 0,2- 0,9 dərəcə təşkil etdiyi müəyyənləşib. Ən çox istiləşmə Böyük Qafqazın cənub yamacının qərb hissəsi və şimal-şərq yamacında (0.7-0,9 dərəcə) qeydə alınıb. Digər bir təzadlı vəziyyət Naxçıvan Muxtar Respublikasında müşahidə edilib. Belə ki, burada yayda hərarət müsbət 33-44 dərəcəyə yüksəlib. Qışda da təxminən bu göstəricidə şaxta qeydə alınıb. Maraqlıdır ki, iki ildir ki, yayda temperatur Bakıda da 44 dərəcəyə qalxıb. 2nu da qeyd edim ki, əvvəllər temperaturla bağlı iqlim dəyişmələri, əsasən, ərazimizin 66,4 faizini təşkil edən subtropik zonada müşahidə edilirdi. Qalan ərazilərdə isə iqlim dəyişmələri mülayim iqlim qurşağına düşürdü.

Yeri gəlmişkən, İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər Qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması, əsasən, antropogen amillərlə bağlı olub. Antropogen amillərin əsasını isə istilik eႇekti yaradan karbon, metan, azot oksidi kimi qazlar təşkil edir. Son 100 illik kosmik müşahidələr də göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. 2keanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Təbii fəlakətlərin artımında da əsas amil iqlim dəyişmələridir. Qeyd edildiyi kimi, qlobal iqlim dəyişməsinə təsir göstərən amillərdən biri və ən əsası temperaturun 1,5-2 dərəcəyə yüksəlməsidir. Bu da özlüyündə böyük çətinliklər yaradır. Məsələn, iqlim dəyişməsinin təsiri ilə hazırda Ekvatordan şimaldakı mülayim qurşaqda böyük problemlər yaşanır, cənubda isə yanğınlar, quraqlıqlar, səhralaşmalar müşahidə olunur. Yaxud temperaturun getdikcə yüksəlməsi səbəbindən Arktika buzlaşmasının ərimə prosesi davam edir, bu isə planetin ekoloji fəlakətlə üz-üzə qaldığından xəbər verir. ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin mütəxəssislərinin fikrincə, 2004-2005-ci illərdə Arktika əvvəllər yay temperaturuna tab gətirmiş çoxillik buz sahəsinin 14 faizini itirib. Şimal buzlu okeanının şərq hissəsində isə buz itkisi xüsusilə böyükdür. Burada buz örtüyünün yarısı əriyib. Belə bir qlobal təhlükə isə dünyada “qəhvəyi iqtisadiyyat”dan, yəni ənənəvi iqtisadiyyatdan “yaşıl iqtisadiyyat”a keçidi şərtləndirir.

Yeri gəlmişkən, “qəhvəyi iqtisadiyyat”ın əsasını təşkil edən ənənəvi enerji potensialı ilə müqayisədə bərpaolunan enerji mənbələri daha zəngindir. Digər tərəfdən, bu mənbələr, başqa sözlə, “yaşıl enerji” artan əhali və inkişaf edən texnologiya fonunda enerjiyə tələbat yüksəlsə də, ətraf mühiti çirkləndirmir. Eyni zamanda, bərpaolunan enerji mənbələrindən fərqli olaraq qazıntı yanacağı tükənir. Fikrimi bir qədər də konkretləşdirib deyə bilərəm ki, enerji tələbatının davamlı yüksəlişi “yaşıl enerji”dən fərqli olaraq, ənənəvi enerji ehtiyatları bu sahədəki mənbələrin azalması, enerji bazarlarında qiymətlərin artması, ekoloji gərginliyin və iqlim dəyişikliyinin kəskinləşməsi kimi potensial təhdidlər yaradır. Belə ki, hesablamalara əsasən, 1970-ci illərlə müqayisədə son illər neftə 2,12 dəfə, kömürə 2,67 dəfə, təbii qaza isə tələbatın 4,33 dəfə artması bunun bariz ifadəsidir.

 Cəmilə Əhmədova

 – Həyatımızın bütün sahələrinə təsir göstərən iqlim dəyişmələrinin əhatə dairəsi, təkrarlanması və intensivliyi artan isti hava dalğaları, meşə yanğınları, daşqın və sellər, tropik tufanlar və qasırğalar fövqəladə humanitar halların yaranmasına səbəb olur. Bu hava və iqlim təhlükələri insan sağlamlığına birbaşa və dolayı yolla təsir göstərir. Eyni zamanda, əlavə ölüm halları, qeyri-yoluxucu və yoluxucu xəstəliklərin yaranması və yayılması riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 3,5 milyarddan çox insan iqlim dəyişmələrinə xeyli dərəcədə məruz qalmış ərazilərdə yaşayır. 2030-2050-ci illərdə iqlim dəyişmələrinin yaratdığı pis qidalanma, malyariya, ishal və istilik vurmasının hər il 250 min əlavə ölümə səbəb olacağı gözlənilir.

Artıq qeyd olunduğu kimi, Azərbaycan da iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalır. İsti hava dalğalarının təkrarlanması, intensivliyi və davamiyyəti getdikcə artır. İsti dalğalar böyük şəhərlərdə və dağətəyi ərazilərdə daha böyük risklər yaradır. Belə ki, əgər 1961-1990-cı ilərdə (baza dövrü) Bakıda 2 isti dalğası müşahidə olunmuşdusa, hazırda onların sayı 27-yə çatır. Məsələn, bu göstərici Şəkidə müvafiq olaraq 6 və 34, Gəncədə 8 və 15-dir. /ənkəranda isə baza dövründə isti hava dalğası qeyd edilməyib. Son on illiklərdə isə 5 dalğa müşahidə olunub.

Araşdırmalar göstərir ki, müxtəlif səbəblərdən orqanizm zəifləmiş, ağır xəstəliklər keçirmiş, həmçinin bəzi xroniki xəstəliklərdən (qan dövranı sistemi, tənəႇüs orqanı xəstəlikləri, sinir sistemi və s.) əziyyət çəkən insanlar, yaşlılar və uşaqlar iqlim dəyişmələrinə, habelə onun fəsadlarına daha həssas olurlar.

Azərbaycan ərazisinin böyük bir hissəsində arid iqlim şəraitinin üstünlüyü ilə əlaqədar yerli əhalinin isti hava şəraitinə uyğunlaşmasına baxmayaraq, güclü istilərin və isti hava dalğalarının gözlənilən artımı bu uyğunlaşma prosesini üstələyə bilər və nəticədə, əhali anomal yay istilərinin mənfi təsirlərinə və yaratdığı risklərə məruz qalar.

Bakıda anomal istilər yaşanan yay aylarında bütün xəstəliklərin ümumi sayı, eləcə də ürək-damar, tənəfüs orqanları, psixi xəstəliklərin, travmaların, istivurma və günvurma hallarının sayı xeyli artır. Bu zaman müxtəlif səbəblərdən əlavə ölüm halları cəmi 3,4 faiz (119 əlavə ölüm halı) artsa da, insult, infarkt kimi xəstəliklərdən vəfat edənlərin sayı daha çox olur. Avropa ölkələrində isə əlavə ölüm halları 2003-cü ilin qızmar yayında 70 min, 2022-ci ildə isə 61 mindən çox qeydə alınıb.

Sel və daşqınlar da əhalinin sağlamlığı üçün risklər yaratmağa başlayıb. Belə ki, 1966-cı ildən 2000-ci illərə qədər ildə cəmi 2-5 sel və daşqın hadisəsi baş verirdisə, son onilliklərdə kəskin artım müşahidə olunub. Məsələn, 1922-ci ildə 51, 2023-cü ildə isə rekord sayda –143 daşqın və sel hadisəsi qeydə alınıb. Bu da insan sağlamlığı üçün bir sıra ciddi çətinliklər yaradır.

Ölkədə sel və daşqın hadisələrinin artması, içməli su probleminin narahatlıq doğurması, açıq su mənbələrindən istifadənin getdikcə genişlənməsi, transmissiv və təbii ocaq xəstəlikləri üçün təbii, xüsusən də əlverişli iqlim şəraitinin mövcudluğu və digər həm təbii, həm də sosial xarakterli səbəblərlə əlaqədar bəzi yoluxucu xəstəliklərin çoxalması riski getdikcə yüksəlir.

Azərbaycan qlobal iqlim təhlükəsi COP29 bütün dünyada iqlim dəyişmələrinə uyğunlaşma strategiyası onun mənfi təsirlərinin vurduğu ziyanı azaltmaqla və təsirlərini yumşaltmaqla iqlim dəyişmələri ilə mübarizənin ən mühüm elementlərindən biri kimi diqqət çəkir. Təbii ki, uyğunlaşma tədbirlərinin həyata keçirilməsi xeyli xərc tələb edir. /akin bir çox hallarda mümkün mənfi təsirlərə əvvəlcədən hazırlıq tədbirlərinə qoyulan xərclər onun vurduğu ziyandan dəfələrlə az olur. Daha tez-tez baş verən təhlükəli iqlim hadisələrinə vaxtında cavab reaksiyası onların nəticələrini aradan qaldırmaq üçün xərcləri xeyli azaltmağa, ən başlıcası isə çoxsaylı insan itkisinin qarşısını almağa imkan verir.

Zakir Eminov

– Ötən əsrin 90-cı illərindən başlayaraq dünyada iqlim çox sürətlə dəyişir. Bu məsələdə inkişaf etməkdə olan ölkələrin payı kifayət qədər yüksəkdir. Amma inkişaf etmiş ölkələr, məsələn Çin və Hindistanın iqtisadiyyatının ümumi həcmi, yəni iqtisadiyyatın ümumi milli dəyəri olduqca böyükdür. Son illər Braziliya da o sıraya qoşulub. Amerika Birləşmiş Ştatlarının bir zavodunun saysız-hesabsız müəssisəsi işləyir.

Qlobal istiləşmənin qarşısının almağın özünün problemləri var. Amma bu o demək deyil ki, bu sahədə heç bir iş görülməməlidir. Ona görə də hər il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının sessiyası (COP) keçirilir. İqlimlə bağlı bu mötəbər beynəlxalq tədbirə bütün dövlət, hökumət başçıları, on minlərlə mütəxəssis alim və ekspert qatılır. Ötən il Birləşmiş Ərəb Əmirliklərindən sonra növbəti beynəlxalq konfransa Azərbaycan evsahibliyi edəcək. 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün xaricdən 80 minədək nümayəndənin iştirakı gözlənilir. Bu, COP-un nə qədər vacib və əhəmiyyətli bir tədbir olduğuna dəlalət edir.

Karbon emissiyalarının azaldılmasının, havanın çirkləndirilməsinin qarşısını almaq çox çətin bir işdir. Bu məsələdə hər bir ölkə öz payını, cüzi də olsa, verməlidir ki, ən azından Yer planetinin temperaturunu indiki səviyyədə saxlaya bilək. Düzdür, iqlim sürətlə dəyişir. Az qala, bu barədə hər gün mətbuatda həyəcanlı məlumatlara rast gəlmək mümkündür. Məsələn, son zamanlar Antarktidanın buzlaqları sürətlə əriyir. Hətta 2-3 gün bundan qabaq mətbuatdan oxudum ki, Fransa böyüklüyündə bir aysberq ayrılıb. Buzun da xüsusiyyəti belədir ki, materikdən ayrıldıqdan sonra onun əriməsi an məsələsidir. Bu prosesin sürətlə getməsi isə yaşayışımız üçün çox ciddi təhlükə yaradır.

Son illər iqlim dəyişikliklərinin təzahürləri getdikcə daha artıq hiss olunur. Bir də görürsən, 2-3 ay bir damcı da olsa, yağıntı düşmür. Amma birdən leysan yağır, çaylarda sel, daşqınlar artır, hər şeyi bir andaca yuyub aparır. Yeri gəlmişkən, biz, Azərbaycandan olan bir qrup alim Şimali Qazaxıstana, Petropavlovska gedəcəyik. Məlum olduğu kimi, orada təbii fəlakət pik həddə çatıb. Artıq 72 min nəfər fəlakət bölgəsindən təxliyə olunub. Qazaxıstanda belədir ki, Ural çayı yuxarıdan aşağı, 2b çayının qolu olan Tobol isə yuxarı axır. Rusiyada anbarın partlaması nəticəsində sel suları Qazaxıstana doğru axır. Qazaxıstan isə qəzanın fəsadlarını aradan qaldırmaq üçün suyu buraxıb. Nəticədə, suyun səviyyəsi bir sutkada 3 metr qalxıb. Düzdür, bunun Xəzər dənizinə heç bir təsiri olmayacaq. Çünki Ural çayının suyu Xəzərə təsir etmək gücündə deyil. Amma hər bir halda bu, təbii fəlakətdir. Bu istənilən ölkə üçün çox ciddi təhlükə mənbəyidir.

Yenə də deyirəm, quraqlıqların baş verməsi, güclü leysan yağışlarının yağması, sellərin, daşqınların olması iqlim dəyişikliklərinin təzahürüdür. Amazon meşələrinə dünyanın ağ ciyəri deyirlər. Hazırda həmin meşələr üçün son dərəcə ciddi təhlükə yaranıb. Məsələ təkcə onda deyil ki, meşələr sürətlə qırılır. Bütün bunlar planetimiz üçün çox ciddi təhlükə mənbəyidir. Qarşısını almaq nə qədər çətin olsa da, bu məsələdə hər bir ölkə öz payını verməlidir. Məlum olduğu kimi, Kioto Konvensiyasında hər ölkənin özünün standart payı müəyyənləşdirilib. Hətta bəzi ölkələr iqtisadiyyatın zəif olmasını əsas gətirərək ətraf mühitin çirkləndirmə səviyyəsi az olduğundan kvotanın satılması məsələsini ortaya atıblar. İstənilən halda isə hər bir ölkə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bütün dünya ölkələri müəyyən şəkildə bu sahədə iş görürlər. Demək olmaz ki, bununla bağlı sənədlərə imza atıb öhdəlik götürən ölkələr onların hamısını yerinə yetirə biləcəklər. Əslində dünya bizim düşündüyümüz qədər də böyük deyil. Çünki pandemiya göstərdi ki, bir amil bütün dünya ölkələrini, onların təsərrüfatını iflic edə bilir. İndi deyirlər ki, temperatur 1,2- 1,5 dərəcə artıb. İndən belə 0,5 dərəcə də artıb 2 dərəcəyə çatsa, artıq bu amilin özü ilə gətirdiyi fəlakətin qarşısını ala bilməyəcəyik. 2na görə də temperaturun o səviyyəyə gəlib çatmaması üçün bütün imkanlar səfərbərliyə alınmalıdır.

İqlim dəyişiklikləri ilə bağlı mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu sahədə növbəti addımların atılması tələbini qarşımıza qoyur. Əslində biz o öhdəlikləri çoxdan götürmüşük. Ötən müddətdə bu sahədə xeyli iş də görə bilmişik. Yeri gəlmişkən, hazırda Qaradağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Bu zaman o amillər ciddi şəkildə nəzərə alınır. Amma ölkənin digər bölgələrində də bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Azərbaycanda elektrik enerjisinin, təqribən, 90 faizi istilik elektrik stansiyalarından alınır. Düzdür, bizdə elektrik stansiyaları təbii qazla işləyir. Arada çirklənmə səviyyəsi nisbətən azdır. Amma dünyanın əksər ölkələrində elektrik stansiyaları, mazutla, daş kömürlə işləyir. Bu, ətraf mühit üçün cox ciddi təhlükə mənbəyidir. Buna görə bütün dünya ölkələri karbon emissiyalarının azaldılması naminə tam səfərbər olmalıdır. Bizim bundan başqa çıxış yolumuz yoxdur.

Səid Səfərov

– Deyilənlərlə bağlı diqqəti bir sualın cavabına yönəltmək istərdim: Nəyə görə sənayeləşmə başlayandan sonra Yerin temperaturu nəzərəçarpacaq dərəcədə yüksəlib. Ona görə ki, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının konsentrasiyası artır. Sənayeləşmə dövrü ilə, yəni 1850-1900-cü illərlə müqayisə etsək, ötən dövrdə Yerin orta illik temperaturu 1,1-1,3 dərəcə artıb. Ancaq bu artım hər yerdə eyni deyil. Məsələn, havanın temperaturu Moskvada 2 dərəcə, Astanada 3-4 dərəcə artıb. Azərbaycanda isə bu rəqəm 0,8-1,2 dərəcə təşkil edir. Bunlar rəsmi tədqiqatların nəticələridir.

Bəs, belə bir şəraitdə dünya dövlətləri nə etmək istəyirlər" Kioto protokolu və Paris razılaşmasına diqqət yetirək. Kioto protokolunda hər bir dövlətin qarşısında karbon emissiyasının neçə faiz azaldılması ilə bağlı konkret tələb qoyulmuşdu. Özü də orada başlıca tələb belə idi ki, karbon emissiyalarının miqdarı 2030-cu ilədək 1990-ci il səviyyəsinə nisbətən 35 faiz azaldılmalıdır. Amma Paris razılaşmasında məsələnin müxtəlif aspektlərinə daha çox diqqət ayrılıb. Həmin sənəddə dövlətlərin qarşısına dəqiq öhdəlik qoyulmayıb. Bu da onunla bağlı idi ki, bəzi dövlətlər faizin çoxluğunu əsas gətirərək Paris sazişinə qoşulmaqdan çəkinirdilər. Hətta ABŞ prezidenti Tramp hakimiyyətə gəldikdən sonra Paris razılaşmasından çıxdı. Amma Bayden prezident seçilən kimi həmin sazişdə ABŞ-ın fəaliyyətini yenidən bərpa etdi. Bu, siyasi addım idi. Çünki ölkənin nüfuzu bütün dünyada aşağı düşürdü.

Məsələnin digər cəhətinə diqqət yetirək. Ənənəvi enerjidən istifadənin, karbon emissiyalarının azaldılması, həm də istehsalın həcminin aşağı düşməsi deməkdir. Axı təkcə sənaye deyil, kənd təsərrüfatı istehsalı zamanı da atmosferə karbon qazı atılır. Göründüyü kimi, karbon emissiyalarının azaldılması sənaye və kənd təsərrüfatı istehsalının da azaldılmasına gətirib çıxaracaq. Bu da böyük bir fəlakətə səbəb ola bilər. Bunun baş verməməsi isə planetimizin zəngin bərpaolunan enerji potensialından istifadə zərurətini yaratdı. Beləliklə də, “yaşıl enerji” anlayışı meydana çıxdı. Yəni, mazut, daş kömür, neft, qaz yandıqda atmosferə külli miqdarda karbon qazı atılır. Sadəcə olaraq, mazutun tərkibində atmosferə atılan çirkli, zərərli maddələrin miqdarı daha çoxdur. Ona görə də Almaniyada, eləcə də Avropanın digər ölkələrində bu məsələyə çox yüksək səviyyədə yanaşılır. Təkcə onu demək kifayətdir ki, Almaniya özünün elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını ümumi enerji potensialında 50-60 faizədək artırmağa nail olub. Yaxın perspektivdə isə bunun daha da artırılması nəzərdə tutulur.

Azərbaycana gəldikdə isə, hələ 2004-cü ildə hökumət Alternativ və Bərpa olunan Enerji Agentliyi yaradıb. Düzdür, müxtəlif vaxtlarda onun konfiqurasiyası dəyişib, ayrı-ayrı qurumların tabeliyində fəaliyyət göstərib. Ancaq onda bu məsələ indiki kəskinliyi ilə qoyulmamışdı. Buna baxmayaraq, Azərbaycan uzaqgörənlik edərək bu sahədə mühüm addım atıb. Ölkəmiz Kioto protokoluna əsasən, 2030-cu ilədək karbon emissiyalarını 35 faiz azaltmaqla bağlı öhdəlik götürüb. Bununla yanaşı, Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan 2050-ci ilədək emissiyaları 40 faiz azaldacaq. Bu təkcə sözdə deyil, əməldə də hiss olunur. Belə ki, ötən müddətdə ölkəmizdə bu sahədə praktik işlər görülüb. Artıq Qaradağda 230 meqavatlıq Günəş Elektrik Stansiyası istismara verilib. Bu yaxınlarda isə bizim də iştirak etdiyimiz bir layihə çərçivəsində Xızı və Qobustanda çox güclü külək turbinləri quraşdırılıb.

Bütün bunlardan əlavə, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə sıfır emissiya məsələsi qoyulub. Bu o deməkdir ki, həmin ərazilərdə karbohidrogen tərkibli yanacaqdan deyil, yalnız alternativ enerjidən istifadə olunacaq. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz tərəfindən həmin ərazilər “yaşıl enerji” zonası elan edilib. Bunun üçün orada günəş və külək, eləcə də kiçik su elektrik stansiyaları inşa olunacaq. Bunun da nəticəsində Azərbaycan qlobal istiləşməyə səbəb olan karbon emissiyalarının azaldılmasına öz töhfəsini verəcək. Heç şübhəsiz, bütün bunları dünya dövlətləri də görür. Dubayda keçirilən COP29-də mütləq səsçoxluğu ilə COP29-un Azərbaycanda keçirilməsinə razılıq verildi. Bu barədə qərarın qəbul edilməsi heç də təsadüfi addım deyil. Hazırda ölkəmizdə bu mötəbər beynəlxalq tədbirə hazırlıqla bağlı mühüm tədbirlər həyata keçirilir. Dünya alimlərinin bu məsələyə diqqətini artırmaq üçün tədbirlərin sayı daha da artırılacaq. Bu yaxınlarda isə İsveçrədə COP29-la bağlı tədbirlər keçiriləcək. Hesab edirəm ki Azərbaycan bu sahədə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini tam nümayiş etdirib. Coğrafiya İnstitutunun alimləri də bu işdə fəal iştirak edəcəklər. Yeri gəlmişkən, indi hər bir əməkdaşımızın stolunun üstündə C2P29-la bağlı tədbirlər planı var, məqalələr yazılır, layihələr işlənir. Məsələn, “İqlim dəyişikliklərinin işğaldan azad olunmuş ərazilərimizə təsiri” adlı məruzə hazırlamışıq. Bu kimi digər layihələrimiz də var. Bütövlükdə isə, institutumuzda bu sahədə çox böyük işlər görülür.

Nəriman Paşayev

– Səid müəllimin bu fikrinə əlavə edib deyə bilərəm ki, COP29-un Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çünki, əvvəla, ölkəmizin bu cür beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etmək təcrübəsi var. Məsələn, “Formula 1” Azərbaycan Qran-Prisi, “Eurovision” mahnı müsabiqəsi, , Avropa və ,V İslam Həmrəyliyi oyunları, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumları kimi nüfuzlu toplantıların paytaxtımızda reallaşdırılması bunun parlaq ifadəsidir.

Digər tərəfdən, respublikamız hazırda dünyada “yaşıl iqtisadiyyat”a keçid strategiyasını uğurla gerçəkləşdirən bir dövlət kimi tanınır. Bu istiqamətdə qarşıya qoyulan məqsədlərə də diqqət yetirəndə Azərbaycanın qısa bir müddətdə strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən, “yaşıl enerji” iqtisadiyyatına verdiyi əməli fəaliyyət göstərən bir ölkə olduğu aydın nəzərə çarpır. Bu məsələdə xatırlatmaq kifayətdir ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir və belə bir yöndə davamlı addımlar atır.

Beləliklə, beynəlxalq aləmdə Azərbaycanın haqlı olaraq COP29-a evsahibliyi 2024-cü ilin ən mühüm hadisəsi və ölkəmizin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu missiyaya verilən dəyərin parlaq nümunəsidir.

Bütün bunlar Azərbaycanın COP29- un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcəyini deməyə əsas verir.

Onu da qeyd edim ki, COP29 “yaşıl enerji”yə keçid məsələsində ən önəmli maarifləndirmə işidir. Hazırda “yaşıl enerji”yə keçidi dəstəkləyən, ilk növbədə, Avropa ölkələridir. Çünki bu ölkələrdə artıq demək olar ki, bütün faydalı qazıntılar tükənib. Həm də dünyada qlobal istiləşmə baş verir. Bu isə özü-özlüyündə ciddi fəsadlar yaradır. 2na görə də əksər inkişaf etmiş ölkələr ümumi daxili məhsulun 2 faizə qədərinin “yaşıl enerji”yə keçidə sərf edilməsini qarşıya mühüm məqsəd olaraq qoyub.

“Yaşıl enerji”yə keçid üçün Azərbaycanda ən uyğun bölgələr Qarabağ və Şərqi Zəngəzur hesab edilir. Belə ki, adları çəkilən bu iqtisadi rayonlarda hər şey sıfırdan başlanılır. Söhbət burada “yaşıl tikinti”, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”dan gedir, yəni “sıfır tullantı” diqqət mərkəzində saxlanılır. Çünki bu, “yaşıl enerji”yə keçidin əsas tələbi, əsas prinsipidir. Tullantısız texnologiyadan istifadəyə də mütləq şəkildə yanaşılır. Yeri gəlmişkən, Azərbaycan Respublikasında ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerji resurslarının payının 2030-cu ilədək 30 faizə çatdırılması nəzərdə tutulur. İndi bu rəqəm 7-10 faizə qədərdir. Bizdə hazırda günəş və külək elektrik stansiyaları qurulur. “Yaşıl enerji” heç vaxt tükənmir, daim bərpa olunur. Qeyd etməliyəm ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb ki, bu da ölkəmizdən Avropaya uzanan “yaşıl enerji” dəhlizi deməkdir. “Yaşıl enerji”yə keçid həm də iqtisadi baxımdan zəruridir, çünki bu genişmiqyaslı layihənin gerçəkləşdirilməsi nəticəsində çoxsaylı iş yerləri açılır.

Bu gün dünyada alternativ enerjidən istifadə edən əsas iki dövlət var: İslandiya və Kanada. İslandiya artıq 90 faiz “yaşıl enerji”dən yararlanır. Dünyada alternativ enerjinin növlərinin çox olduğunu xatırlatsaq, Azərbaycanın da bu sahədə geniş imkanlara malik olduğunu əminliklə söyləmək olar. Xüsusilə Bakıda həm külək, həm də günəş enerjisi boldur. Bu gün dünyada “yaşıl enerji” istehsalına keçidə xüsusi əhəmiyyət verilir. Çünki planetimizdə qlobal istiləşmə sürətlə gedir. Bir sabah ayılıb görə bilərik ki, bütün Avropa, 40-dan çox ölkə suyun altında qalıb. 2na görə ki, qlobal istiləşmə kütləvi surətdə buzlaqların əriməsinə səbəb olur. Deməli, karbon emissiyaları azalarsa, temperatur da idarə oluna bilər. Bütün bunlar isə, heç şübhəsiz, insan sağlamlığına təsir edən amillərdir. Cəmiyyət də təbiətə, ətraf mühitə həssas yanaşmalıdır. Tullantılar düzgün idarə olunmalıdır. Tullantısız, daha az tullantı ilə yaşamaq diqqətlə, vaxt itirmədən öyrənilməlidir. Bu gün küçələrdə tullantılar var. Bunlar hamısı həm də vətəndaş məsuliyyətidir. Eyni zamanda, təbii ki, ətraf mühiti çirklənmədən xilas etmək üçün tullantısız texnologiyaya keçmək son dərəcə zəruri məsələdir. Beləliklə, Azərbaycan nəinki “yaşıl enerji”dən istifadəni 2030-cu ilədək 30 faizə çatdıra bilər, həm də 2050-ci ilədək bu göstəricini 50 faizədək qaldıra bilər. Bu zaman biz, eyni zamanda, neft, qaz kimi təbii sərvətlərə qənaət etmiş olarıq.

Cəmilə Əhmədova

– Bugünkü söhbət də bir daha təsdiqləyir ki, hazırda iqlim dəyişikliyinin yaratdığı böhranın qarşısının alınması beynəlxalq aləmi ciddi düşündürən, narahat edən məsələrdən biridir. Çünki sənayeləşmiş dünyada kimyəvi tullantılar və çirklənmə ciddi iqlim böhranına səbəb olur ki, bu da öz növbəsində sağlamlıq və ətraf mühitə ziyan vurur. Buna görə də fikrimcə, səhiyyə sahəsi ilə bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsi zəruridir. Başqa sözlə, hazırda, əsasən, inkişaf etmiş ölkələrdə kimyəvi çirklənmənin, sənaye və hərbi tullantıların yaratdığı iqlim problemlərinin aradan qaldırılması yolları müəyyənləşdirilməli və buna yol verən, sağlamlıq və insan həyatını təhlükə ilə üz-üzə qoyan, tullantıları və çirklənmələri yaradan qurumların məsuliyyət daşıması qanuni şəkildə tənzimlənməlidir.

Heç kəsə sirr deyil ki, sənaye və hərbi tullantılar toplandığı ərazilərin yaxınlığında, sənaye və ya kənd təsərrüfatı sahələrinin ətrafında yaşayan əhali zərərli kimyəvi maddələrdən və pestisidlərdən zəhərlənməyə məruz qalır ki, bu da insanlarda tənəႇüs problemləri, nevroloji pozğunluqlar və reproduktiv problemlər kimi sağlamlıq üçün mənfi təsirlərə gətirib çıxarır. Sənayenin inkişafı fonunda yaranan kimyəvi çirklənmə insan sağlamlığına və ətraf mühitin korlanmasına ciddi risklər yaradır. Bu, əslində, son nəticədə iqlim dəyişikliyinə gətirib çıxarır və genişmiqyaslı səmərəli mübarizə tədbirlərinin gerçəkləşdirilməsi zəruriliyinə təsir göstərir. Təbii ki, belə bir şəraitdə əhalinin sağlamlığına və ətraf mühitin mühafizəsinə yönələn siyasətin təbliği vacibdir. Bu baxımdan beynəlxalq tədbir olaraq COP-ların keçirilməsi qlobal önəm daşıyır.

Bu məqamda bir daha qeyd etmək istəyirəm ki, iqlim dəyişikliyi suyun, torpağın və havanın ekoloji çirklənməsini daha da sürətləndirir. İqlim dəyişmələri, temperaturun artması çirklənmə səviyyəsinin yüksəlməsinə, onun coğrafiyasının geniş miqyas almasına təsir göstərir. Ümumiyyətlə, temperaturun artması ilə atmosferdəki mövcud qazların səviyyə balansı pozulur və nəticədə zəhərli qazlar əmələ gəlir. Şübhəsiz ki, belə hal ətraf mühitin sürətlə çirklənməsinə əlverişli şərait yaradır.

Yeri gəlmişkən, Dubayda keçirilən COP29-in ilk günü insan sağlamlığına həsr olunmuşdu. Həmin tədbirdə belə bir mövzunun önə çəkilməsi COP-un tarixində bir ilk idi, yəni iqlim dəyişmələri, temperaturun artması ilə insan sağlamlığına təhlükələrin yaranması beynəlxalq aləmin diqqət mərkəzinə gətirilirdi. COP29 çərçivəsində iqlim dəyişmələri və insan sağlamlığı ilə bağlı bəyannamənin hazırlanması və bu bəyannaməyə 120 ölkənin müsbət yanaşması qeyd edilən fikrin bariz ifadəsi, iqlim dəyişmələrinin həyatımızın bütün sahələrinə, eləcə də sağlamlığımıza təsirsiz ötüşmədiyinin daha bir təsdiqi idi.

İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 bu yöndə beynəlxalq aləmə böyük fayda gətirəcək, fərdlərin, biznes dairələrinin və hökumətlərin iqlim dəyişikliyi, onun təsirləri və həlli yolları haqqında məlumatlılığını daha da artıracaq, həmçinin ətraf mühitə nəzarət tədbirlərini gücləndirəcək. Bütün bunlarla bərabər, COP29 dünyada mövcud olan çağırışların həlli yollarına, necə deyərlər, qapı açacaq. 

 

 

Xalq qəzeti