Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzər dənizinin səviyyəsi daim tərəddüdlərə məruz qalır. Milyon illər əvvəl Xəzərin yerləşdiyi ərazidə zəlzələlər tez-tez baş verdiyindən onun səviyyə dəyişmələri bilavasitə tektonik proseslərlə əlaqədar olub. Belə ki, zəlzələ zamanı dəniz dibinin qabarıb çökməsindən asılı olaraq Xəzərin səviyyəsi birdən-birə ya bir neçə metr qalxıb, ya da düşüb.
Hazırda isə tektonik proseslər zəiflədiyidən Xəzər dənizinin səviyyə dəyişmələri iqlimlə əlaqədardır. İqlim amilləri isə onun su balansına təsir edir. Xəzər dənizinin səviyyəsi də onun su balansı ilə müəyyən olunur. Su balansının əsas elementlərinə isə çayların gətirdiyi suyun, dənizin səthinə düşən yağıntıların, eləcə də onun səthindən buxarlanmanın miqdarı aiddir. Bu mövzuda müsahibimiz ETN Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyasi şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovdur.
– Xəzərin kəskin səviyyə dəyişmələri getdikcə təhlükəli hal halır. Dənizin ən aşağı həddi nə vaxt qeydə alınıb?
– Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrdə olub (okean səviyyəsindən 35 metr aşağı). Ən yuxarı səviyyə (okean səviyyəsindən 22 metr aşağı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə də Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri olub və əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 metr diapazonunda dəyişib.
XX əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 metr) çatıb. Lakin 1977-ci ildən başlayaraq səviyyə kəskin şəkildə qalxmağa başlayıb və 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. 1995–2004-ci illərdə səviyyə dəyişmələri nəzərçarpacaq olmasa da, 2005-ci ildən başlayaraq suyun səviyyəsində kəskin azalma qeydə alınır. Neft Daşları hidroloji stansiyasının müşahidə məlumatlarına əsasən, cari ilin avqust ayına dənizin səviyyəsi mənfi 28,75 metr olub.
– Xəzərin səviyyəsinin enməsi ilə bağlı proqnozlar ürəkaçan deyil: 9–18 metr enmə proqnozlaşdırılır.
– Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən bu dəyişmələrin uzun müddət üçün öncədən proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil və əksər hallarda onlar inversion xarakter daşıyır. Məsələn, 1930–1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Lakin məlum olduğu kimi, bu proqnozlar özünü doğrultmadı. Belə ki, 1977-ci ildən sonra dənizin səviyyəsi kəskin artmağa başladı. Həmin dövrdə də alim və mütəxəssilərin tam əksəriyyəti dəniz səviyyəsinin yüksəlməkdə davam edəcəyini proqnozlaşdırsalar da, 2005-ci ildən sonra səviyyə yenidən aşağı düşməyə başladı və indəyədək davam edir.
Hazırda bəzi alimlər tərəfindən əsrin sonunadək Xəzərin səviyyəsinin fəlakətli dərəcədə aşağı düşəcəyi ilə bağlı bədbin proqnozlar səsləndirirlər. Alman və holland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz bu baxımdan daha qorxulu görünür. dur. Belə ki, onlar müxtəlif iqlim ssenarilərinə əsasən, XXI əsrin sonunadək Xəzərin səviyyəsinin 9–18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar. Bundan əvvəlki ənənəvi proqnozlardan fərqli olaraq burada məqalə müəllifləri problemə gözlənilən qlobal istiləşmə ssenariləri kontekstindən yanaşıblar. Birinci ssenariyə əsasən, dünya dövlətlərinin atmosferə parnik qazlarının atılmasının məhdudlaşdırılması haqda Paris Razılaşmasına riayət etdikləri halda Xəzərin səviyyəsinin əsrin sonunadək 9 metr, ikinci ssenariyə əsasən (razılaşmaya əməl edilmədiyi halda) 18 metr aşağı düşəcəyini proqnozlaşdırıblar. Səviyyənin aşağı düşməsində əsas səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəskin yüksəlməsi nəticəsində dəniz səthindən buxarlanan suyun miqdarının artması göstərilir.
– Xəzərətrafı ölkələri hansı sürprizlər gözləyir?
–Xəzər dənizi haqqında proqnoz, hətta “yumşaq” ssenari üzrə özünü doğruldarsa (səviyyənin 9 metr aşağı düşməsi), Xəzər regionunun ekoloji, iqtisadi, hətta siyasi sabitliyində böyük problemlər yaşana bilər. Səviyyənin kəskin aşağı düşməsi Xəzərin şimalının, demək olar ki, tamamilə qurumasına, sahil landşaftının deqradasiyasına və ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsi ilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr arasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, dəniz naviqasiyasında, neft-qaz hasılatı və daşınmalarında ciddi problemlərin yarana biləcəyi şübhə doğurmur. Bu zaman, həm də sahil infrastrukturunda və rekreasiya fəaliyyətində nəzərəçarpacaq çətinliklərin meydana çıxması və əlavə xərclərə ehtiyacın yaranması mümkündür.
Hazırda çox da qənaətbəxş olmayan dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişikliklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalması, o cümlədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlılarının kökünün tamamilə kəsilməsi və ya populyasiyaların minimuma enməsi ilə nəticələnəcək. Dayaz ərazilərin, o cümlədən Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yaradacaq.
Digər uzunmüddətli proqnozlar kimi alman və holland alimlərinin də Xəzər dənizində gözlənilən səviyyə dəyişmələri haqda verdikləri proqnozun nə dərəcədə özünü doğruldacağı sual altındadır, çünki burada dəniz səviyyəsinə təsir edən əsas amil kimi yalnız qlobal istiləşmə götürülür, halbuki səviyyənin kəskin aşağı düşdüyü 1930–1977-ci illərdə havanın temperaturu iqlim norması (1961–1990) ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı idi.
– Xəzər dənizinin səviyyəsində müşahidə olunan dəyişmələrin atmosfer hadisələri ilə bağlılığı aşkar edilibmi?
– Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsində aparılan tədqiqatların nəticəsinə əsasən müəyyən edilib ki, dənizin səviyyəsində müşahidə olunan müxtəlif istiqamətli dəyişmələr (qalxma, enmə) regionun külək rejimində baş verən nəzərəçarpacaq dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər isə öz növbəsində dənizin hövzəsinə düşən yağıntılara və müvafiq olaraq şay axımlarına, həmçinin səthdən buxarlanmaya ciddi təsir göstərir. Külək rejiminin dəyişmələri isə dəniz regionundan minlərlə kilometr məsafədə yerləşən dünya okeanında, xüsusilə də Sakit və Atlantik okeanlarında gedən müxtəlif periodikli fiziki proseslərlə (El–Nino, Şimali Atlantika tərədddüdləri və s.) izah oluna bilər. Qeyd edək ki, tədqiqatdan alınan nəticələr Xəzər dənizinin səviyyəsinin gələcək uzunmüddətli proqnolaşdırılmasında mühüm rol oynaya bilər.
Bununla belə qeyd etmək lazımdır ki, səviyyənin kəskin azalacağı haqqında proqnozların özünü doğruldub-doğrultmayacağından asılı olmayaraq, dəniz ekosisteminin və biomüxtəlifliyinin qorunub saxlanılması və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün Xəzəryanı ölkələrin üzərinə böyük məsuliyyət düşür. Bəzən lokal görünən problem əslində qlobal səviyyədə təhlükələr yarada bilər. Odur ki, qlobal əhəmiyyət kəsb edən Xəzər dənizinin problemlərinin həllində irəliləyişə nail olmaq üçün Bakıda keçiriləcək COP29 ən əlverişli platformadır.