post-img

Gürcüstanda bu il oktyabrın 26-na planlaşdırılmış parlament seçkiləri ərəfəsində qonşu ölkədə ciddi siyasi gərginlik müşahidə edilməkdədir. Əsas mübarizə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə kollektiv “Milli Hərəkat” adlandırılan və Gürcüstanda ictimai mühiti sarsıtmağa, inqilab təşkil etməklə hakimiyyət çevrilişinə nail olmağa çalışan müxalifət arasında gedir. Amma siyasi təhlilçilər hesab edirlər ki, hakimiyyət dəyişikliyi baş verərsə, Gürcüstan müharibəyə sürüklənə bilər. Müsahibimiz Gürcüstandakı vəziyyəti yaxından izləyən “Soydaş” İctimai Birliyinin sədri, siyasi təhlilçi Kamran Ramazanlıdır.

– Gürcüstan mühüm siyasi hadisə ərəfəsindədir. Ölkədə parlament seçkiləri keçiriləcək. Qonşu ölkədəki hazırkı siyasi atmosferi necə qiymətləndirirsiniz?

– Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi atmosfer olduqca gərgindir. Eyni zamanda, qeyd etməliyəm ki, Gürcüstan seçkiləri təkcə bu ölkənin özündə deyil, bütün regionda xüsusi əhəmiyyətə malikdir. Mən xüsusilə vurğulaya bilərəm ki, bu gün bölgəmizin taleyi Gürcüstanda həll olunur. Artıq məlumdur ki, bu ölkədəki seçkilər dövründə müxtəlif ölkələrin özlərinə məxsus planları var.

Bundan əlavə, ölkədə seçkilər yalnız proporsional sistem üzrə keçirildiyi üçün prosesdə iştirak edən partiyalar arasında çox ciddi rəqabət var. Hətta bəzi qüvvələr arasında siyasi qarşıdurma yaranıb. Gürcüstanda seçkiqabağı proseslər təxminən bu vəziyyətdədir.

– Proqnozlar seçkilərdə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gələcəyini göstərir. Ancaq Qərb ölkələrindən səsləndirilən hədə dolu son bəyanatlar belə düşünməyə əsas verir ki, Transatlantik icma dəfələrlə sınaqdan keçirdiyi “rəngli inqilab” ssenarisini reallaşdırmağa çalışa bilər. Bununla bağlı nə düşünürsünüz, belə bir ssenari mümkündürmü?

– Ölkədə seçki öncəsi keçirilmiş sorğular mümkün nəticələri obyektiv qiymətləndirməkdədir. Yəni bütün sorğuların nəticələrinə görə, hazırkı hakimiyyət rəqiblərini xeyli qabaqlayır. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, ölkədəki müxalifət partiyaları bir neçə blokda birləşdiyi üçün, təbii ki, onların səsləri də bölünəcək. Bu isə o deməkdir ki, mövcud hakimiyyətin daha çox səs toplamaq imkanı olacaq. Mən nəticələrlə bağlı proqnoz kimi bunu vurğulaya bilərəm.

Ancaq sizin də qeyd etdiyiniz kimi, hazırda Gürcüstan hökumətinə Qərbdən də ciddi təzyiqlər var. Bu təzyiqlər, şübhəsiz ki, regionda sabitliyin pozulmasına xidmət edir. Bunlar son nəticədə təkcə Gürcüstanda deyil, bütün Cənubi Qafqazda sabitliyin pozulması ilə nəticələnə bilər. Buna cəhdlər edilir. Bu isə Azərbaycan-Gürcüstan müttəfiqlik münasibətləri üçün zərərlidir.

Hamımıza yaxşı məlumdur ki, Azərbaycan–Gürcüstan müttəfiqlik münasibətlərinin əsası müstəqillik dövründə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə ulu öndərin çox yaxşı münasibətləri vardı. Hər ikisi keçmiş SSRİ rəhbərliyində yüksək səviyyədə təmsil olunurdu. Hazırda Gürcüstanla strateji müttəfiqlik münasibətləri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcustanın mövcud hökuməti ilə Azərbaycan rəhbərliyi arasında sıx əməkdaşlıq var, tez-tez qarşılıqlı səfərlər edilir. Bu da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır. Çünki Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, strateji müttəfiqlik səviyyəsinə gəlib çatması bütün bölgənin taleyi üçün mühümdür. İndiyədək hər iki ölkənin çalışdığı budur ki, bölgədə sülh, əmin-amanlıq və sabitlik olsun.

Azərbaycanın uğurla həyata keçirdiyi 44 günlük müharibədən sonra bölgəmizdə rəsmi Bakı tərəfindən sülhün təmin edilməsi ilə bağlı sanballı addımlar atılır. Qərb dairələri bunu qəbul etmək istəmirlər. Azərbaycanla Gürcüstan arasında münasibətlərin pozulmasını istəyirlər. Odur ki, seçkilərdən dərhal sonra bölgədə siyasi sabitliyi pozmaq üçün ən müxtəlif metodlardan istifadə etmək niyyətləri ortadadır.

Amma bu istiqamətdəki destruktiv səylərə baxmayaraq, inanıram ki, gürcü xalqı ölkədə yaşayan digər xalqlarla birgə düzgün seçim edəcək, bölgədə sülhə, əmin-amanlığa, Gürcüstan-Azərbaycan dostluğuna səs verəcək.

– Gürcüstandakı seçkiləri Qərb və Rusiya arasında seçim imkanı kimi qiymətləndirməyə çalışanlar da var. Necə düşünürsünüz, iddia edildiyi kimi, gürcü xalqı hazırda belə ciddi seçim qarşısındadırmı?

– Bəli, Qərbdə bəzi dairələr məsələni bu cür təqdim etmək istəyirlər. Kənardan da görünən odur ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini Rusiyayönümlü kimi təqdim etməyə çalışır. Bu fikirlər əslində reallığı əks etdirmir. Bu hakimiyyət müstəqil siyasət aparır, ölkənin və bölgənin milli maraqlarını nəzərə alır, Azərbaycan-Gürcüstan dostluğunu davam etdirir. Bu isə bəzi Qərb dairələrini narahat etdiyi üçün gürcü iqtidarının bütün addımlarını Rusiyayönümlü kimi qələmə verirlər.

Məncə, bu kökündən yanlış yanaşmadır. Rusiya bizim qonşumuzdur, böyük dövlətdir. Bu baxımdan Azərbaycanın bu dövlətlə strateji münasibətlər saxladığı, bunu müvafiq sazişlərdə, sənədlərdə əks etdirdiyi kimi, Gürcüstanın da Rusiya ilə normal münasibətlər qurması, məncə, doğru addımdır. Amma, təəssüf ki, Qərb dairələri Gürcüstanın bu addımlarını həzm etmək istəmirlər. Onların istədiyi budur ki, Ermənistanda atdıqları son addımları Gürcüstanda da tətbiq etsinlər və bölgədə Azərbaycanı sıxışdırsınlar. Təbiidir ki, Azərbaycan müstəqil dövlətdir, özünün xüsusi mövqeyi var. Qərbi narahat edən də Bakının müstəqil siyasət yürütməsidir.

İnanıram ki, bu seçkilərdə də Gürcüstanda sülhü, əmin-amanlığı istəyən, eləcə də Azərbaycanla dostluğun inkişafında maraqlı olan qüvvələr qalib gələcəklər. Yəni indiki hakimiyyət öz mövqeyini qoruyub saxlaya biləcək.

– Gürcüstanın bəzi siyasi xadimləri müsahibələrində qeyd edirlər ki, sanki hakim partiya qalib gələrsə, ölkə təcridlə üzləşəcək və müharibə riski artacaq. Sizcə, hakim partiyanın qalib gələcəyi təqdirdə Gürcüstanda belə bir vəziyyət baş verə bilərmi?

– Məncə, belə bir risk gözlənilmir. Çünki hakim partiya qalib gələrsə, Gürcüstan qonşu ölkələrlə, eləcə də Rusiya ilə normal münasibətlərin qorunub saxlanmasına tərəfdar olacaq. Belə olan təqdirdə, müharibə riski yoxdur. Gürcüstan istər Türkiyə, istərsə də Azərbaycanla çox yaxşı münasibətdədir. Azərbaycan və Gürcüstan liderləri arasında şəxsi münasibətlər də yüksək səviyyədədir və bu özü də az əhəmiyyət daşımır. Əgər qonşu Rusiya ilə də bu cür mehriban qonşuluq münasibətləri yaransa, məncə, müharibə riski olmayacaq.

Bu ölkədə müharibə riskini Qərb dairələri yaratmaq istəyirlər. Gözümüzün qabağında acı Ukrayna təcrübəsi var. Eyni zamanda, Gürcüstanın özünün 2008-ci il təcrübəsi var. O zaman həmin dairələr Gürcüstanla Rusiya arasında münasibətləri gərginləşdirdilər və rus qoşunu Tbilisinin ətrafına qədər gəlib çatdı. İndi Gürcüstanda sabitliyi pozmağa çalışan Qərb dairələri yenə Rusiya ilə münasibətləri gərginləşdirmək istəyirlər. Ancaq buna ehtiyac yoxdur.

https://xalqqazeti.az