Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı dünya üzrə iqlim dəyişiklikləri ilə mübarizədə yeni üfüqlər açmaq və planetimizin gələcəyi üçün əsas prioritetləri müəyyənləşdirmək baxımından mühüm addımlardan biridir. Bu tədbir iqlim dəyişikliklərinin qlobal təsirlərini azaltmaq və dövlətlərin üzərinə düşən öhdəlikləri artırmaq məqsədini daşıyır. 

Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani bu məsələlər barədə Crossmedia.az-a məlumat verib. O, COP-un tarixi, məqsədləri və Azərbaycanda keçirilməsinin əhəmiyyətindən bəhs edib:

“COP29-un əsas məqsədi iqlim dəyişmələri ilə bağlıdır. Bu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının çərçivəsində həyata keçirilir. COP-un açıqlaması isə Tərəflər Konfransıdır. Dünyada baş verən iqlim dəyişmələri ilə bağlı olaraq maraqlı tərəflərin bir yerə yığışıb konfrans təşkil edirlər. Konfransda alimlər, siyasətçilər, dünya liderlərinin çıxışları və onların gələcək prioritet üçün görə biləcəkləri istiqamətlər yer alır. Bu istiqamətlərin əsas məqsədi ekologiya, ətraf mühit, atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması ilə bağlıdır. İndi gündəmdə ən böyük məsələ karbon emissiyasının miqdarının azaldılmasıdır.
COP-un yaranması 1992-ci ildə Rio-de-Janeyro konfransında olub. Konfransda Yer sammiti imzalandı. Həmin sammitdə COP-un keçirilməsi, dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı müəyyən tədbirlərin görülməsi və öhdəliklərin götürülməsi nəzərdə tutulmuşdu. İlk COP üç ildən sonra – 1995-ci ildə Almaniyanın Berlin şəhərində keçirilib. İndi isə COP29 Azərbaycanda keçirilir”.

Z.İmrani Coğrafiya İnstitutunun da COP-da iştirak etdiyini vurğulayıb:

“Noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günü ilə əlaqədar olaraq COP-da iştirak edəcəyik və iqlim dəyişiklikləri ilə bağlı müəyyən məsələlərin müzakirəsini aparacağıq. Ayın 16-sı COP-da əsas tərəfdaşımız Qazaxıstanın Su Təhlükəsizliyi və Coğrafiya institutu olacaq. Azərbaycan tərəfi olaraq əsasən iki məqsədimiz var: iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə təsiri və Xəzərin su rejim balansının öyrənilməsi və onun tədqiqi. Bu iki əsas istiqaməti nəzərdə tutmuşuq və uzun illərdir ki, Coğrafiya İnstitutu bu istiqamətdə elmi tədqiqat işləri aparır. Onların nəticəsi olaraq orada təqdimat olacaq. Qazaxıstan tərəfindən də, biz tərəfdən də çıxışları olacaq”.

Ekspert qeyd edir ki, iqlim dəyişmələri deyəndə əsasən havada temperaturun artması nəzərdə tutulur, yəni əsas məqsəd havanın istiləşməsi məsələsidir:

“İqlim dəyişmələri uzun bir perioddu. İqlimin dəyişməsi üçün milyonlarla il lazımdır ki, iqlim dəyişsin. İndi iqlim dəyişmələri getmir. Havada temperaturun artması ilə əlaqədar olaraq Kioto protokolu imzalanıb. Əvvəl demişdilər ki, havanın temperaturunun artması 2 dərəcədə saxlanılmalıdır, sonra belə qərara gəldilər ki, 1.5 dərəcədə saxlayaq. Dünya üzrə bu göstərici əsas etibarı ilə 1.3-1.5 arasında dəyişir. Azərbaycanda isə regionlardan asılı olaraq, bu temperaturun 0.3-1.4 dərəcə arasında artması müşahidə olunur. Temperaturun artması bir problem kimi var və dünya üzrə də, Azərbaycan üzrə də müşahidə olunur. İqlim dəyişmələrində isə hesab olunur ki, əsas mühafizə vasitələrindən biri alternativ enerjiyə keçidin təmin olunmasıdır. Necə ki, bizim ölkə də hazırda alternativ enerji mənbələrinə keçir. Enerjinin alınmasında əsas üstünlükləri 2030 və 2050-ci ilə kimi prioritet istiqamətlər qoymuşuq ki, ümumi enerjinin alınmasında 30 faizə qədər alternativ enerji mənbələrindən olacaq. Onu da hesab edirlər ki, tullantılar az olacaq, atmosferə karbon tullantıları az gedəcək və bu, qismən də olsa, müəyyən bir balans yaradacaq. Əsas məqsəd budur”.

https://crossmedia.az