İqlim dəyişiklikləri bu gün bütün dünyanın qarşısında duran ən mühüm problemlərdən biridir. Qlobal istiləşmənin təsiri ilə artan temperatur, quraqlıq, su ehtiyatlarının tükənməsi və təbii sərvətlərin azalması həm ekosistemi, həm də insan həyatını ciddi şəkildə təhdid edir. Bu səbəbdən iqlim dəyişiklikləri ilə bağlı məsələlər beynəlxalq səviyyədə müzakirə olunur və onların həlli yolları axtarılır. Məhz bu məqsədlə keçirilən beynəlxalq tədbirlərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dur. Bu konfransda iqlim dəyişikliklərinin təsirləri, onların qarşısını almaq üçün atılmalı addımlar və innovativ həll yolları müzakirə edilir. Azərbaycanın nümayəndə heyətinin də iştirak etdiyi bu tədbir, ölkəmizin iqlim siyasəti və ekoloji problemlərin həlli istiqamətində apardığı işləri beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından əhəmiyyətli olmuşdur.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, dosent Zaur İmrani Crossmedia.az-a verdiyi açıqlamada təmsil etdiyi qurumun COP29 da gördüyü işlərdən danışarkən bildirib:
"COP29 da akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun bir sıra əməkdaşları iştirak etdilər. 16 noyabr COP29-da Elm, Texnologiya və İnnovasiya, yəni Rəqəmsallaşdırma Günü idi. Həmin gün Coğrafiya İnstitutundan üç nəfər çıxış etdi: mən - Coğrafiya İnstitutunun icraçı direktoru, dosent Zaur İmrani, Coğrafiya elmləri doktoru Səid Səfərov və AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov.
Mənim çıxışım əsasən iqlim dəyişikliklərinə həsr olunmuşdu. Dünyada və Azərbaycan regionlarında müşahidə olunan iqlim dəyişiklikləri, havada temperaturun artması, quraqlığın yaranması, su ehtiyatlarının tükənməsi kimi ekoloji problemlər və onların həlli yollarından danışdım. Bu istiqamətdə Coğrafiya İnstitutunun apardığı tədqiqat işlərini də təqdim etdim. COP29-da dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edirdi. Bizim çıxışımızda Azərbaycanla yanaşı Tacikistan, Qazaxıstan, Finlandiya, Rusiya və Almaniyadan nümayəndələr də iştirak etdilər".
Zaur İmrani qeyd edib: "Rauf Qardaşov Xəzər dənizinin səviyyəsinə iqlimin təsiri mövzusunda danışdı. Səid Səfərov isə Xəzər dənizinin səviyyə rejimi haqqında məlumat verdi. Çıxışlardan sonra suallar və müzakirələr oldu. Əhalinin sayının artması, təbii sərvətlərdən istifadənin artması, kənd təsərrüfatına yararlı torpaqların genişləndirilməsi, zərərvericilərə qarşı mübarizə vasitələri və iqlim dəyişikliyinin bu amillərə təsiri müzakirə edilən mövzular sırasında idi".
Konfransda müzakirə edilən məsələlərdən danışarkən Zaur İmrani bildirib: "COP29-un Azərbaycanda keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevin nəhəng fəaliyyətini mütləq qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü, təşkilatçılığı və dəstəyi ilə belə bir mötəbər tədbirə ev sahibliyi edə bildik. Çünki davamlı inkişafın təmin edilməsində əsas amillərdən biri iqlim siyasətidir. 2024-cü ildə siyasi liderlərin davamlı su təchizatı müzakirəsi Bakıda keçirildi. Burada da Azərbaycan tərəfindən çıxış etdik. Azərbaycan quraqlıqdan ciddi ziyan çəkmə ehtimalı olan ölkələrdən biridir. Buna görə də ölkəmizdə mövcud problemlər, həmin problemlərin öyrənilməsi və həlli yolları geniş şəkildə müzakirə edildi".
Ayhan Ağarzayev