“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə “Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi-tədqiqat işi başa çatıb”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun Elmi şurasında dinlənilən “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Coğrafiya İnstitutunun baş direktoru, şöbə müdiri professor Zakir Eminov hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisinin təşkil etdiyini bildirib. Qeyd edib ki, onlar da məcburi köçkünlərdən ibarətdir. 

O, həmçinin əlavə edib ki, rayonun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur. 1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və bu kəndlərdə 71,9 min nəfər əhali var idi. Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-ya endirməyi nəzərdə tutur. 

Şöbə müdirinin sözlərinə görə, XX əsrin 90-cı illərindən başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam edib, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləyib. Bu gün üçün rayonun əhali artımı çox aşağı səviyyədədir:

“Hazırda Şərqi Zəngəzurda qeydiyyatda olan və əhalinin böyük əksəriyyətini təşkil edən sakinlər məcburi köçkün şəraitində yaşayır. Onların mərhələli şəkildə doğma yerlərinə qaytarılması prosesi gedir. 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır”.

Sonda qeyd edilib ki, təbii-coğrafi şəraitin ərazinin mənimsənilməsi üçün əlverişliliyi, təbii ehtiyat potensialı, insan resursları ilə təminat imkanları, sosial-iqtisadi və səmərəlilik amilləri, ölkənin milli-strateji maraqları nəzərə alınmaqla, inzibati rayonlarda “şəhər–kənd” funksional əlaqələrinə əsaslanan yeni məskunlaşma sisteminin planlaşdırılaraq həyata keçirilməsinə ehtiyac var.