Son illər ərzində Azərbaycan milli coğrafiya elminin bir çox yeni istiqamətləri üzrə konstruktiv və məqsədyönlü elmi-tədqiqat işləri müvəffəqiyyətlə davam etdirilir. Bu tədqiqat işlərinin elmi-metodoloji və təcrübi dəyərlərinin əsasını yaxın keçmişdə tanınmış akademiklər Həsən Əliyev və Budaq Budaqov qoymuşdur.

Bəzən görkəmli alimlər, böyük ictimai-siyasi xadimlər, tarixi şəxsiyyətlər haqqında deyirlər ki, onların əmək fəaliyyəti, elmi fikirləri və ideyaları keçmişdə qaldı. Lakin tarixin keşməkeşlərindən keçmiş, həyatın acı və şirinliklərini duymuş, elmin dərinliklərinə varmış insanlar belə düşünürlər ki, bu ifadələri elmi-ictimai cəmiyyətdə tarixləşmiş insanlara şamil etmək düzgün olmaz. Bu fikirlərin mənasını konkret olaraq Azərbaycanın tanınmış coğrafiyaşünas-alimi, ömrünün 60 ilini xalqının, ölkəsinin, bütövlükdə dünya coğrafiya elminin təkamülünə, onun yeni elmi ideyalarla zənginləşməsinə həsr etmiş akademik Budaq Budaqovun yaradıcılığı fonunda təqdim etmək istəyirik.

Azərbaycan coğrafiya elminin ayrı-ayrı tədqiqat sahələrinin əsasını qoyanlardan biri olmaq xoşbəxtliyi akademik Budaq Budaqova da nəsib olmuşdur. Budaq Budaqovun elmə istedadlı alim, tədqiqatçı kimi gəlməsində və ensiklopedik biliyinin formalaşmasında böyük rus alimi, beynəlxalq elm aləmində yaxşı tanınan, Rusiya coğrafiya məktəbinin banilərindən sayılan Nataliya Dumitraşkonun əvəzsiz xidmətləri olmuşdur. B.Budaqov elmi yaradıcılığı, ömrü boyu bu görkəmli alimin əməyini yüksək qiymətləndirmiş, ona dərin məhəbbətini hörmətlə bildirmişdir. Akademik Budaq Budaqov öz üzərində məsuliyyətlə işləyən, çöl tədqiqatlarında topladığı zəngin elmi materialları ümumiləşdirərək yekun elmi nəticəyə çatmaq bacarığına malik tədqiqatçı kimi tanınırdı. Alim coğrafiya elminin ayrılmaz hissəsi və yeni ideyaların mənbəyi olan çöl tədqiqatları zamanı bəzən günün 14-16 saatını işləyərdi. O, çox yaxşı bilirdi ki, çöl şəraitində topladığı coğrafi materiallar onun gələcək elmi yaradıcılığı və yeni ideyaların meydana gəlməsinin əsasıdır. Daha doğrusu, hər bir tədqiqatçı yaxşı bilir ki, çöl şəraitində topladığı ekspedisiya materialları ömürlük istifadə edə biləcəyi tükənməz xəzinədir.

Akademik B.Budaqov ahıllıq çağlarında belə çalışırdı ki, yarımçıq qalmış işlərini başa çatdırsın. Heç vaxt sevməzdi ki, bu günün işini sabaha qoysun. Bütün dövrlərin klassik böyük alimi olan İbn Sina da deyib ki, sabahın işini bu gün gör, həyat amansızdır. Bu kəlamı Budaq müəllim özü üçün yaradıcılıq meyarı kimi qəbul etmişdir. Budaq Budaqov elmi fəaliyyətinə başladığı gündən son nəfəsinədək sərhədsiz klassik coğrafiyaçı sənətinə sadiq qalmışdır.

Akademik Budaq Budaqov xalqımızın dahiyanə deyilmiş iki tarixi atalar sözünü öz fəaliyyətində deviz seçmişdir: "Alim oldun yaz, nadan oldun qaz". "Alim unudar, qələm unutmaz". Həqiqətən belədir, dəmir kotan torpağı şumlayarkən parıldadığı və itiləşdiyi kimi, alim də yaradıcılığı prosesində püxtələşir və yaza-yaza yetişir. Bu baxımdan, unudulmaz akademikin qələmi əlindən heç vaxt düşməmişdir. Budaq müəllimin çox prinsipial bir elmi yaradıcılıq üslubu olmuşdur. O, elmi ideyalara və yaxud fikirləşdiyi məqsədli nəticələrə tam ümid etməmiş heç vaxt qələminə üstünlük verməzdi.

Akademikin çoxillik elmi yaradıcılıq salnaməsinin başlanğıcını 1951-ci illərdə Azərbaycanda ilk dəfə aparılan geomorfoloji tədqiqatlar təşkil edir. O illərdə respublikada istər geomorfologiya ixtisası və istərsə də ümumi coğrafiya elmi üzrə mütəxəssislər barmaqla sayılırdı. 1955-ci ildə Budaq Budaqov "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir, ilk azərbaycanlı alim kimi doğma Bakıya qayıdır. O, Moskvada aspirantura illərində topladığı çöl materiallarını yenidən işləyərək "Azərbaycanın geomorfologiyası" mövzusunda ilk fundamental monoqrafiyanın müəlliflərindən biri olur. Artıq Azərbaycanın elm aləmində gənc Budaqovun imzası yavaş-yavaş tanınmağa başlayır.

Dahilər demişkən, "elmin nə sonu, nə də sərhədi olur". Yalnız ona ürəkdən bağlananlar onun zirvəsinə ucala bilirlər. Bu keyfiyyətləri qazanmaq üçün üç şərt vacibdir: bilik, istedad, dözümlülük. Bu keyfiyyətlərin üçü də Budaq Budaqovun elmi yaradıcılıq fəaliyyətinin əsas prinsipi olmuşdur. Akademik elmi yaradıcılığının əsas hissəsini müasir geotektonika, paleogeomorfologiya, fiziki coğrafiya, müasir kompleks landşaftşünaslıq, ekocoğrafiya, landşaftın genetikası, coğrafi fikir tarixi, toponimika, hətta milli poeziya sahələrinin coğrafiya ilə sintezi əhatə edirdi.

1959-cu ildə B.Budaqovun Kiş çayının sellərinin öyrənilməsi ilə əlaqədar apardığı ilk çöl-tədqiqat işlərinin nəticəsi Azərbaycanda sellərin formalaşmasının coğrafi qanunauyğunluqlarını və sel çöküntülərinin genetik təsnifatını müəyyənləşdirməyə imkan verdi. Həmçinin Kiş çayı hövzəsində və ona qonşu olan ərazilərdə apardığı coğrafi tədqiqatlar paleogeomorfologiya elminin müasir problemlərinin həllinə, o cümlədən bəzi ekocoğrafi məsələlərin aşkar edilməsində yardımçı oldu. Budaq Budaqovun bu sahədə elmi uğurlarından biri bir sıra alimlərin Böyük Qafqaz regionunda sellərin sönməyə doğru getməsi proqnozunu elmi dəlillərlə inkar etməsi olmuşdu. Yəni coğrafiya elmində sellərin inkişaf tendensiyası proqnozuna dair uzun müddət rus tədqiqatçıların yanlış fikirləri akademik B.Budaqov tərəfindən yeniləşdirildi.

Bundan başqa, alimin Cənubi Qafqaz regionunda qədim buzlaşma dövrünün tarixi klassik nişanələrindən olan "Kəm Moreni"nin ilk kəşfi paleocoğrafiya elmində yenilik oldu. B.Budaqov ilk dəfə olaraq onun xronoloji baxımdan üst Pliosen yaşlı buzlaq olduğunu geotektonik cəhətdən müəyyənləşdirdi. Tədqiqatçı, həmçinin "Kəm Moreni"nin tərkibindəki cilalanmış qədim çay daşlarına əsaslanaraq müasir çayların mənbəyinin indikindən xeyli yüksəkdə, yəni Samur çay hövzəsində yerləşməsi fikrini də söyləmişdir. Eyni zamanda ilk dəfə olaraq Böyük Qafqaz timsalında landşaftın diferensiasiyasında yeni tektonik hərəkətlərin rolunu təhlil etmişdir. Bununla da alim ilk dəfə olaraq bütünlüklə Böyük Qafqaz regionunda paleogeoloji təkamüllə müasir orocoğrafi örtüyün qarşılıqlı inkişafının elmi əsasını izah etdi. Əldə edilmiş geocoğrafi elmi nəticələrə əsaslanaraq B.Budaqov ilk dəfə olaraq coğrafiya elmində Böyük Qafqazın dağlıq relyefinin Sarmat əsrindən sonrakı, son doqquz milyon il ərzində yaranması fikrini söylədi. Bu yeni elmi fikir müasir qafqazşünas geoloq və coğrafiyaşünas tədqiqatçılar tərəfindən bəyənildi və bütünlüklə Qafqazın geotektonik mərhələsinin tərkib hissəsi kimi qəbul olundu.

Akademik B.Budaqov Böyük Qafqazın müasir relyefinin tarixi təkamül mərhələsində və formalaşmasında yer qabığında indi də baş verən geotektonik hərəkətlərin əsas rol oynadığını göstərməklə yanaşı, müəyyən geoloji əsrlər üzrə bu hərəkətlərin baş verməsinin coğrafi qanunauyğunluqlarını, çoxillik dinamikasını, onların müşayiət olunduğu təbii fəlakətlərin kəmiyyət və keyfiyyət göstəricilərini öyrənmişdir. Alimin əldə etdiyi yeni elmi uğurların nəticələri və kompleks ekocoğrafi regional xəritə materialları müasir coğrafiya elminin tətbiqi cəhətdən yeniləşməsində, mürəkkəb texnogen və ekocoğrafi problemlərin, fövqəladə hadisələrin həllində istifadə olunur. Onun Dördüncü dövr geologiyası və paleocoğrafiyasına dair kompleks coğrafi tədqiqatları Böyük Qafqazın yüksək dağlıq zonasında Dördüncü dövr buzlaşmalarının paleogeomorfologiyasının hərtərəfli öyrənilməsini asanlaşdırdı. Budaq müəllim bu paleotəbii proseslərin əsas səbəbini paleoiqlimin qlobal quraqlaşma və soyuqlaşma istiqamətində mərhələli tendensiyası ilə əlaqələndirmişdir. Bununla da o, Azərbaycanda müasir relyefin çoxəsrlik inkişaf dinamikasına və orogeoloji təkamülünə dair bir çox qaranlıq elmi fikirlərə ilk dəfə aydınlıq gətirmişdir.

Onun Böyük Qafqazın tədqiqində istifadə etdiyi orijinal tədqiqat üsulları və irəli sürdüyü yeni elmi-metodiki konsepsiyaları respublikamızın digər dağlıq bölgələrində də müvəffəqiyyətlə sınaqdan keçirilmiş və bu bölgələrin geomorfoloji və paleocoğrafi problemlərinin kompleks həllində mühüm rol oynamışdır.

B.Budaqovun 1978-ci ildə nəşr etdirdiyi "Cənub-Şərqi Azərbaycanın geomorfologiyası" adlı kitabı keçmiş Sovetlər məkanında coğrafiya elmində böyük yenilik kimi əks-səda yaratdı. Həmin kitabdakı yeni elmi-metodoloji fikir və ideyaların əhəmiyyətinə görə B.Budaqov ilk dəfə Azərbaycanın coğrafiyaçı alimi olaraq SSRİ Coğrafiya Cəmiyyətinin Qızıl medalına layiq görüldü. Həmin ildə B.Budaqovun "Coğrafi problemlərin regional inkişafı və aqrar planlaşdırılması" mövzusunda Sovet-Hind elmi simpoziumunda çıxışı isə ölkəmizdə müasir coğrafiya elminin inkişaf strategiyasının yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiq etdi.

Akademikin bilavasitə təşəbbüsü ilə Azərbaycan AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda tamamilə yeni landşaftşünaslıq və coğrafi fikir tarixi elminin yeni konsepsiyası işlənildi və müvafiq şöbələri yaradıldı. Hazırda Coğrafi fikir tarixi şöbəsində ölkəmizdə coğrafiya elminin keçmişi, mərhələ-mərhələ inkişafı, təkamül tarixi və Azərbaycanda coğrafi fikir və ideyaların zaman və məkan tarixi haqqında xüsusilə Şərqi Zəngəzur regionu üzrə yeni elmi xülasələri hazırlanır. Hazırda Landşaftşünaslıq şöbəsində güclü elmi potensiala malik sanballı elmi məktəbin yaranması və formalaşması B.Budaqovun adı ilə bağlıdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycanın bütün ərazisi üçün müxtəlif miqyaslı aqrar landşaft və kosmo-ekocoğrafi xəritələr hazırlanmış, o cümlədən landşaftın struktur-ərazi diferensiasiyasında yeni tektonik hərəkətlərin rolu, landşaftın geokimyası, landşaftın ekoloji problemləri, antropogen landşaftşünaslığı və landşaftın ərazi struktur dayanıqlığı, aerokosmik xəritələrin deşifrələnməsi və s. sahələrdə mühüm elmi nailiyyətlər və yeniliklər akademik B.Budaqovun müasir coğrafiya elminin inkişaf strategiyasına diqqəti sahəsində qazanılmışdır.

Budaq Budaqovun rəhbərliyi altında yeni texnoloji, aerokosmik metodların və xəritə materiallarının coğrafiyaya, xüsusilə aqrarlandşaftın planlaşdırılması və ekogeomorfoloji tədqiqatlara tətbiqi müasir coğrafiya elminin prioritet sahələrindən sayılır.

Görkəmli alim hazırda bütün dünya ictimaiyyətini narahat edən qlobal ekocoğrafi problemlər, o cümlədən səhralaşma, dünyəvi istiləşmə və təbiəti mühafizə sahələrində də mühüm tədqiqatlar aparmış, yeni perspektivli və dərin elmi fikirlər söyləmişdir. Xüsusilə ilk dəfə olaraq respublikamız üçün böyük coğrafi elmi məlumata və təcrübi əhəmiyyətə malik regional ekoloji-coğrafi rayonlaşdırma xəritəsini tərtib etmişdir. Onun "Azərbaycanın təbiət abidələri" əsəri xalqımızın tarixi-coğrafi və ekoloji mədəniyyətinin yüksəlməsində, təbiətə bağlılığın dərinləşməsində, ətraf mühitin qorunması və bərpası işinin ümummilli təbliğində və təşkilində mühüm rol oynamışdır. Azərbaycan coğrafiyasının qədim tarixi qaynaqlarının dərindən tədqiqi və milli cəhətdən dəyərləndirilməsi, bir çox Azərbaycan şairlərinin, sənət dühalarının yazılarında təbiət gözəlliyinin ecazkar tərənnümü, ən başlıcası isə ayrı-ayrı coğrafi komponentlərin timsalında tarixi obrazların daxili aləminin açılmasına təsiri məsələləri akademik B.Budaqovun elmi yaradıcılığında xüsusi yer tutmuşdur.

Akademik klassik tarixi-toponomist kimi "Ermənistanda Azərbaycan mənşəli toponimlərinin izahlı lüğəti" adlı əsərində dünya ictimaiyyətinə çatdırdı ki, erməni şovinistləri indiki Ermənistanda olan türk dillərinə mənsub coğrafi adların əksəriyyətini dəyişməklə milli, toponimik genosid siyasəti aparmışlar. O, tarixi keçmişlərə əsaslanaraq sübut etmişdi ki, Ermənistan ərazisində olan coğrafi adlardan heç biri erməni mənşəli deyildir. Deməli, tarixi-coğrafiyanın qədim milli nişanələri bir daha göstərdi ki, indiki Ermənistan ərazisi məhz Azərbaycan xalqına məxsusdur. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Akademik B.Budaqov Azərbaycanın elmi-ictimai dünyasında həm təbliğatçı, həm də təşkilatçı kimi tanınırdı. Budaq müəllim milli coğrafiya elminin böyük strateqi olmaqla doğma Azərbaycanın, dövlətimizin gələcəyi naminə siyasi perspektivlərimiz haqqında daim düşünürdü. Onun ulu öndər Heydər Əliyev qüdrətini təbliğ edən "Heydər Əliyev fenomeni" adlı kitabı xalqımızın və bütünlüklə ictimaiyyətin bu dahi şəxsiyyətin ətrafında daha sıx birləşməsinə mənəvi qürur verdi.

Budaq Budaqov məktəbinin uğurlarının sorağı indi respublikamızın sərhədlərindən çox-çox uzaqlardan gəlir. Zaqafqaziya, Mərkəzi Asiya, Sibir, Çin, İran, Türkiyə, Hindistan və s. ölkələr arasında həmin məktəbin davamlı elmi körpüsü yaranmışdır. Akademikin rəhbərliyi altında 50-dən çox coğrafiya elmləri namizədi və elmlər doktorları hazırlanmışdır. Bunlar Azərbaycanın müasir coğrafiya elminin konstruktiv və inkişaf strategiyasında olduqca böyük elmi potensial hesab olunur.

Hazırda akademik B.Budaqovun coğrafiya elminin inkişaf strategiyasına dünyəvi səhralaşma və istiləşmə problemlərinə, həmçinin müasir landşaftların aqrotexnogen və geotektonik planlaşdırılmasına dair elmi fikir və ideyaları, mülahizələri mərhələ-mərhələ araşdırılıb öyrənilir. Onun çoxillik elmi-yaradıcılıq salnaməsinə xüsusi elmi yazılar və dissertasiyalar həsr olunmuşdur. Çünki bu fikir və ideyaların öyrənilməsi Azərbaycanda gələcək coğrafiya elminin inkişaf strategiyasını elmi-nəzəri və metodoloji cəhətdən daha da təkmilləşdirir və müasir dünya coğrafiya elminə inteqrasiyasını təmin edir.

Zakir EMİNOV,

coğrafiya elmləri doktoru, professor,

Habil HAQVERDİYEV,

coğrafiya üzrə fəlsəfə doktoru

https://www.respublika-news.az

Respublika qəzeti, 23 fevral, 2025-ci il

PDF