Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov İqtisadiyyat.az-a deyib ki, dəniz suyunun səviyyəsi 1995-ci ildən indiyə qədər get-getə azalmaqdadır.

Xəzərin suyu okean səviyyəsindən 29 metr aşağı düşüb

Onun sözlərinə görə, lakin Xəzərin ayrı-ayrı hissələrində müxtəlif səbəblərlə əlaqədar göstəricilərdə müəyyən qədər fərq var: “Amma demək olar ki, dəniz 1977-ci ilin minimumuna, okean səviyyəsindən 29 metr aşağı səviyyəyə yaxınlaşıb. Bəzi ərazilərdə isə bu, daha çoxdur. Neft daşları müəssisəmizin məlumatlarına əsasən, illik orta qiyməti götürsək, təxminən 28,86 santimetr səviyyəsində enib. Bu da 1977-ci ilin səviyyəsindən bir qədər yuxarıdır”.

Xəzər dənizinin səviyyəsinin aşağı enməsinin ekoloji təsirlərindən danışan şöbə müdiri deyib ki, hər hansı qapalı hövzədə dənizin səviyyəsi aşağı enirsə, deməli, orada buxarlanma daha çox olur: “Əgər buxarlanma çoxdursa, onun tərkibində həll olan həm zəhərli maddələr, həm də duzluluğun qatılığı artır. Məsələn, 1995-ci il səviyyəsi ilə müqayisədə hazırda dənizdə duzluluq artıb. Digər çirkləndiricilərin də konsentrasiyası artdığına görə, orada yaşayan canlılar üçün diskomfort şərait yaranıb.

Elmlər doktoru vurğulayıb ki, yay aylarında xüsusilə sahil zonalarında səviyyə daha da aşağı düşdüyü, havanın temperaturu yüksək olanda suyun daha tez qızdığı, onun tərkibində olan oksigenin daha çox buxarlandığı üçün canlıların həyatına da təsir göstərir. Çünki oksigen bütün canlılar üçün vacibdir: “Suyun tərkibində oksigenin azalması bilavasitə canlıların həyat şəraitinə mənfi təsir göstərir, onların bir hissəsi məhv olur, digərləri isə sahil zonasından dənizin mərkəzi hissələrinə miqrasiya edirlər”.

Bəs Xəzərin suyunun səviyyəsi niyə düşür?

Xəzərin suyunun səviyyəsinin dəyişməsinin tarix boyu təkrarlandığını diqqətə çatdıran mütəxəssis söyləyib ki, bu da dənizin formalaşdığı dövrdə tektonik proseslərlə bağlı olub:

“Dəniz dibinin yuxarı qalxmağı yaxud aşağı çökməsi nəticəsində onun səviyyəsində kəskin dəyişmələr baş verir. Lakin son 1-3 min ili götürsək, burada səviyyə dəyişmələri iqlim amilləri ilə əlaqədar olub. Xəzərin səviyyəsi onun su balansı ilə müəyyən olunur. Onun gəlir hissəsinə çayların gətirdiyi su, çıxar hissəsinə isə buxarlanma təsir edir. Bunun hansının çox, yaxud az olmasından asılı olaraq dəniz səviyyəsi qalxıb düşür. Amma Xəzərin səviyyəsinin aşağı düşüb-qalxması və yenidən düşməsi dövründə antropogen amillər həmişə olub. Antropogen amillərə təsərrüfat məqsədləri üçün çaylardan suyun götürülməsi və digər amillər də təbii ki, təsirsiz ötüşmür. Düşünürəm ki, burada əsas amil Xəzərin hövzəsindən qat-qat kənarda okeandakı hadisələrlə əlaqədardır. Sakit və Atlantik okeanda baş verən sinoptik proseslər bilavasitə onun səviyyə dəyişmələrinə təsir göstərir. Lakin son dövrlər qlobal istiləşmə ilə əlaqədar olaraq Xəzərin balansındakı çıxar elementləri - buxarlanma kəskin artdığına görə, bu, səviyyəyə təsir göstərir”.

S.Səfərov vurğulayıb ki, COP tədbirləri, Paris razılaşması, Kyoto protokolu kimi tədbirlər qlobal istiləşmənin mənfi nəticələrini azaltmağa yönəlib: “Bunlara tam riayət oluna bilsə, qlobal istiləşmənin və onun regional təzahürlərinin qarşısı alına bilsə, bu Xəzərin də suyunun dəyişmə səviyyəsinə təsir edə biləcək. Lakin dediyim kimi, Xəzərin suyunun səviyyəsinin tamamilə qalxıb-enməsinin dəyişməsi insan əlində olan bir məsələ deyil. Yalnız qlobal miqyasda bütün dünyanın fəaliyyəti nəticəsində qlobal istiləşmənin qarşısını alına bilərsə, bu, Xəzərin səviyyəsinə müsbət mənada təsir edə bilər”.

Xəzərdə canlılar məhv ola bilər

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Afət Həsənova İqtisadiyyat.az-a bildirib ki, son illərdə su qıtlığı bütün dünyada yaranan qlobal bir problemə çevrilib. Onun sözlərinə görə, su qıtlığı demək olar bütün sahələrə mənfi təsirlərini göstərir: “Su qıtlığı suda yaşayan canlılar aləmindən tutmuş iqtisadiyyatın bir çox sahələrində, xüsusilə kənd təsərrüfatında müəyyən mənada fəsadlar əmələ gətirir”.

Deputat su qıtlığının bir neçə mənfi fəsadlarından danışıb. O bildirib ki, bunun birincisi biomüxtəlifliyin azalmasıdır. Bu da o deməkdir ki, suyun çəkilməsi nəticəsində Xəzər dənizində yaşayan su flora və faunası, xüsusilə nadir və endemik növlər məhv ola bilər. Məsələn, nərəkimilər (kürü verən balıqlar) ciddi təhlükə altına düşə bilər:

“Ekosistemlərin pozulması – Dəniz sahili quruyaraq orada yaşayan quşlar və digər canlılar üçün ciddi təhlükə yarada bilər. İqlim dəyişiklikləri – dəniz səviyyəsinin azalması ətraf mühitdə mikroiqlimin dəyişməsinə səbəb ola bilər. Bu da ətraf ərazilərdə daha quraq və isti hava şəraitinin yaranmasına gətirib çıxara bilər. Duzluluğun artması – suyun səviyyəsi azaldıqca duzluluq artır və bu, dəniz canlıları üçün əlverişsiz mühit yaradır. Sahil eroziyası və çirklənmə – su azalanda sahil zonalarında quru torpaq qalır, bu da küləklə duz və çirkləndirici maddələrin yayılmasına səbəb olur”.

Xəzərdə suyun azalmasının iqtisadi təsirləri

Milli Məclisin deputatı Xəzər dənizinin səviyyəsinin azalmasının təsir edə biləcəyi iqtisadi fəsadlarlardan da danışıb. Onun fikrincə, balıqçılığın zəifləməsi – nərəkimilərin və digər balıq növlərinin azalması balıqçılıq sənayesinə ciddi ziyan vura bilər: “Xəzər dənizində kürü sənayesi üçün mühüm əhəmiyyət daşıyan nərəkimilərin azalması iqtisadi itkilərə səbəb ola bilər. Bundan əlavə, dəniz nəqliyyatına təsirlər də qaçılmazdır. Limanlarda suyun çəkilməsi gəmiçilik fəaliyyətinə mane ola bilər. Məsələn, Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında yükdaşımalar çətinləşə bilər. Bu həmçinin neft və qaz sektoruna da təsirsiz ötüşməyəcək. Xəzər dənizində yerləşən neft və qaz platformaları üçün problemlər yarana bilər. Dənizdə suyun azalması boru kəmərlərinin, hasilat platformalarının işinə təsir göstərə bilər. Bu ekoloji böhran turizmin azalmasına səbəb ola bilər, yəni sahil turizmi və istirahət zonaları üçün suyun azalması cəlbediciliyi azalda bilər. Dəniz sahillərinin dəyişməsi və ekoloji problemlər turist axınının azalmasına gətirib çıxara bilər. Onun kənd təsərrüfatına mənfi təsirləri də mümkündür. Xəzər dənizi ilə bağlı su hövzələrinin azalması ətraf bölgələrdə suvarma sistemlərinə təsir göstərə və məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Bütün bu fəsadlar Xəzəryanı ölkələr üçün ciddi problemlər yarada bilər və buna görə də ekoloji tarazlığı qorumaq üçün beynəlxalq səviyyədə tədbirlər görülməsi vacibdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov İqtisadiyyat.az-a deyib ki, Xəzər  dənizinin səviyyəsinin azalması, əlbəttə, qlobal bir problemdir.

Sahilyani ölkələr tərəfindən Xəzər üçün illik kvota su miqdarının konkret həcmi müəyyənləşməlidir

Onun sözlərinə görə, dənizdə suyun səviyyəsinin düşməsi nəinki region ölkələrinə - Avrasiyanın böyük bir hissəsinə təsir göstərə bilər: “Xəzər dənizinin səviyyəsinin düşməsi ilə ərtaf ərazilərdə quraqlıqlar, təbii fəlakətlərin tezliyi arta bilər. Bütün bunlar elmi baxımdan sübut olunmuşdur. Hazırda bu proses davam etməkdədir. Ölkələr qarşısında duran əsas məqsədlərdən biri səviyyə dəyişikliyinə adaptasiya olunmaqdır. Bu adaptasiyanı Azərbaycan hökuməti özünün milli adaptasiya prioritetlərinin əsası kimi görür. Buna görə də Xəzər dənizinin səviyyə dəyişikliyi ilə əlaqədar milli adaptasiya planına çoxlu fəaliyyətlər daxil edilmişdir. Xüsusilə bu sahil zonalarında idarəetməni tənzimləmək üçün çox yaxşı vasitə ola bilər”.

Ekoloq söyləyib ki, səviyyə düşmələrinin qarısının alınması üçün Xəzərə tökülən çayların sululuğununun artırılması vacibdir. O hesab edir ki, bundan ötrü sahil ölkələrinin təmsilçiləri bir qərara gəlməli və Xəzər dənizinə illik kvota su miqdarının ayrılması üçün konkret razılaşmalar əldə olunmalıdır: “Xəzərə tökülən çayların 80 faizindən çoxunun Volqa çayının gətirdiyini nəzərə alsaq, burada Rusiyanın rolu mütləqdir və burada hər hansı konkret addım atmaq çətindir. Amma digər çaylar - Ural və Kür çaylarında da axınlar artırılmalıdır. Burada təbii ki, Qazaxıstan və Azərbaycanın rolunu xüsusi qeyd etmək olar. Eləcə də Xəzərə tökülən çayların ekoloji axınlarının qorunması, dəniz-çay ekoloji əlaqələrinin bərpa olunması  əsas fəaliyyətlərdən biri kimi nəzərdən keçirilməlidir”.

Xəzərin səviyyəsinin azalmasının yarada biləcəyi iqtisadi təsirlər hansılardır?

İqtisadçı Eldəniz Əmirov isə saytımıza açıqlamasında Xəzər dənizinin səviyyəsinin azalmasının yarada biləcəyi iqtisadi təsirlərdən danışıb. O deyib ki, bütün hallarda səviyyənin artması da, azalması da sahil ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Onun sözlərinə görə, artma dağıdıcı, azalma isə birbaşa iqtisadiyyata problem yaradır:

“Konkret olaraq, hazırki vəziyyətdə azalma baş verdiyinə görə bu, ölkə iqtisadiyyatına, balıq sənayesinin inkişafına, eyni zamanda bilavasitə Xəzər dənizi üzərindən fəaliyyəti həyata keçirilən təsərrüfat subyektlərinin iqtisadi fəaliyyətinə öz mənfi təsirini göstərəcəkdir. Buna misal olaraq dəniz nəqliyyatını, ticarət limanlarını və gəmiçilik fəaliyyəti ilə bağlı olan məqamları qeyd etməliyik. Çünki suyun səviyyəsinin azalması gəmilər və yük daşımaları üçün ciddi problemlər yarada bilir”.

İqtisadçı həmçinin qeyd edib ki, bu gün orta dəhliz məhz Xəzərdən keçir: “Avropa, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Çinə qədər gedib çıxır. Bu marşrut üzrə bir dəhlizin keçdiyi yol Xəzər dənizidir. Azərbaycan tərəfində hazırda daha böyük yük ötürmə qabiliyyətinə malik Bakı Beynəlxalq Limanınıdır ki, Xəzərin suyunun geri çəkilməsi təbii ki, bu limanın da işində çətinliklər yarada bilər. Amma xüsusi qeyd edim ki,  bu proses qorxulu həddə baş vermir”.

https://iqtisadiyyat.az