Professor Xəzər dənizinin quruması ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, dəniz dəyişkən balansı ilə seçilir. Buna görə də onun səviyyəsində ildən-ilə həm yüksəliş, həm də enmə müşahidə olunur:
“O ki, qaldı Xəzərin qurumasına, Xəzər dənizinin səviyyəsinin dəyişmə amplitudu son 2 min ildə 10 metr olub. Amma son 200 ildə isə bu təxminən 4 metrdir və bu prosesin təxmininə görə bugünkü səviyyə 1–1,5 metr aşağı düşməsi gözlənilir. Bundan sonra Xəzər dənizində qalxma olacaq.
Xəzər dənizinin “pasportu” onun səviyyəsinin dəyişməsidir. Problem sahilboyu yaşayan insanlar üçün yaranır, çünki onlar sudan istifadə edə bilmirlər. Xəzər dənizi daim dəyişkən olub. Məsələn, 1805-ci ildə suyun səviyyəsi ən yüksək həddə çatıb. Həmin dövrdə Abbasqulu ağa Bakıxanov “Gülüstan-ı İrəm” əsərində yazırdı ki, Xəzər dənizi qalxaraq Bakı qalasını 2 arşın ( təxminən 1,5 metr) su altında qoyub. Daha sonra isə Xəzərin səviyyəsi tədricən enməyə başlayıb.
Son 100 ildə Xəzərdə üç dəfə kəskin dəyişmə müşahidə olunub. 1930–1977-ci illərdə Xəzərin səviyyəsi 3,2 metr aşağı düşüb. 1978–2005-ci illərdə səviyyə 2,5 metr qalxıb, 1996–bugünədək isə səviyyə 2,1 metr aşağı düşüb. Göründüyü kimi, Xəzər həm qalxır, həm də səviyyəsi aşağı düşür. Bu onun öz xüsusiyyətidir.
Xəzər öz məkanında hərəkət edir, yəni yerindən kənara çıxmır. Ona görə də Xəzərin problemi yalnız insanlardadır: dəniz aşağı düşəndə insanlar ona yaxınlaşırlar, qalxanda isə suyun altında qalırlar. Bu prosesləri təyin etmək üçün Xəzərin, yəni ölkələrin müəyyən monitorinq sistemləri olmalıdır ki, bunlara nəzarət etsinlər.
Xəzərin səviyyəsinin dəyişməsi təbii prosesdir və iqlimlə əlaqədardır. Təxminən 85 faiz dəyişmə iqlimdən, 10 faiz antropogen təsirlərdən, 5 faiz isə tektonik hərəkətlərdən asılıdır ki, bu da dənizin dibinin və sahilinin hərəkətinə təsir edir. Hazırda əsas məqsədimiz Xəzərə, yəni ölkələrə Xəzəri qidalandıran Volqa çayının suyundan qənaətlə istifadə etmələrini təmin etməkdir. Əlavə götürülən sular Azərbaycan ərazisindəki Mərkəz Kür çayı və digər çayların suyundan istifadə olunmalıdır ki, maksimum qənaət təmin edilsin”.
Ə. Əliyev Xəzərin səviyyəsinin təxminən 2050-ci ilə qədər enməsinin davam edəcəyini vurğulayıb:
“Ümumiyyətlə, Xəzərin səviyyəsinin dəyişməsində Volqa çayının Rusiya ərazisindən keçən suyunun son 30 ildə təxminən 25–30 faiz azalması mühüm rol oynayır. Bu, həmin ərazidən gələn çayın üzərindəki atmosfer hadisələri ilə bağlıdır və biz buna müdaxilə edə bilmirik. Yadda saxlamaq lazımdır ki, Xəzər təxminən 2040–2050-ci illərdə yenidən qalxmağa başlayacaq. Son 4 ilin müşahidələri və analizləri göstərir ki, Xəzər təxminən 200 – 250 il aşağı düşür və sonra yenidən qalxır. Aşağı düşmənin dayanması təxminən 2050-ci illərə qədər davam edəcək. Bundan sonra baş verən proseslər onun qalxması ilə əlaqədar olacaq və bu sahədə Xəzər ətrafı ölkələr müəyyən işlər, layihələr, proyektlər hazırlayırlar. Amma bunu yerinə yetirməklə antropogen proseslərin qarşısını almaq olar, lakin təbii proseslərin qarşısını almaq mümkün deyil.
Xəzər ilə adaptasiya olmaq lazımdır: onun qanunlarını bilmək və onunla düzgün rəftar etmək vacibdir. Məsələn, Xəzər dənizində yerləşən Abşeron kəndləri elə məsafədə tikilib ki, dəniz qalxdıqda və ya enəndə onlara heç bir təsir etmir. Ona görə də bilmək lazımdır ki, Xəzərin səviyyəsi bu intervalda dəyişir. Amma Lənkəranda 1930–1978-ci illərdə Xəzər aşağı düşəndə insanlar dənizə doğru hərəkət etməyə başladılar, evlər tikdilər, bağlar saldılar. 1978-ci ildən Xəzər qalxanda onların hamısı suyun altında qaldı. Buna görə də Xəzərlə zarafat etmək olmaz, ona uyğunlaşmaq lazımdır”.
Cəmilə Cəfərzadə