Şahvələd Əliyev                       Nazim Tapdıqoğlu (Vəlişov) 

 Akad. H.Əliyev adına Coğrafiya     AMEA Tarix İnstitutunun elmi işçisi

İnstitutunun arıcı elmi işçisi, b.f.d     

                                                                        

 Beyləqan rayonu Mil-Muğan iqtisadi rayonuna daxil olan inzibati rayonlarımızdandır. Rayonun relyefi əsasən düzənlikdir. İqlimi isti və quraqdır.

Şəkil. Beyləqan rayonunun inzibati xəritəsi

Beyləqan şəhəri eyniadlı rayonun inzibati mərkəzidir. Beyləqan rayonu 24 yanvar 1939-cu il tarixdə təşkil edilmişdir. 4 yanvar 1963-cü il tarixdə rayon ləğv edilərək ərazisi İmişli rayonuna verilmiş, 6 yanvar 1964-cü il tarixdə isə yenidən təşkil olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin (sabiq) 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan (Örənqala) şəhərinin adı verilmişdir. 1988-ci ilə qədər inqilabçı Andrey Jdanovun adıyla əlaqədar Jdanov rayonu adlanmışdır. Rayonun ərazisi 1131 kvadrat kilometr, əhalisinin sayı isə 101 000 nəfərdir. Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə, 41 kənd və başqa yaşayış məntəqəsi var. Bakı ilə Beyləqan şəhəri arasındakl məsafə 267 kilometrdir.

     Qədim Beyləqan şəhərinin adına tarixi mənbələrdə Paytakaran, Balasakan, Baylaqan, Beyləqan, Bilaqan, Biləqan, Biləğan, Baxak, Baxaq, Uren, Bilgan, Pirakan, Viranqala, Örənqala, Millər və s. kimi də rast gəlirik. Bu şəhəri albanlar Paytakaran, farslar Uren, ərəblər Beyləqan, yerli əhali isə Örənqala adlandırmışlar.

     Qafqaz Albaniyası dönəmində Azərbaycan ərazisində, Mil-Qarabağ düzündə, indiki Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında mövcud olmuş şəhər və vilayət Paytakaran adlanmışdır. Musa Kalanğatlının “Alban tarixi” əsərində və digər erkən orta əsr müəlliflərinin əsərlərində III – IV əsrlər hadisələri ilə əlaqədar Paytakaran adı da çəkilir. Bir sıra tədqiqatçılar qədim Paytakaranın indiki Kəbirli kəndindən bir qədər aralıda yerləşən Təzəkənd ərazisində, digərləri isə orta əsr Azərbaycan şəhəri olan Beyləqanın Paytakaran şəhəri yerində salındığını göstərirlər. Paytakaran toponimini müxtəlif cür yozanlar var. Bəzi araşdırıcılar oykonimi paytaxtaran (“Aranın paytaxtı”) sözləri ilə izah edirlər.

     XIV əsrdə yaşamış Samuel Anetsinin “Tarix” əsərinin “Salnamə” hissəsində Teymurləngin tikinti işləri ilə əlaqədar Beyləqan şəhərinin adı Baxak kimi çəkilir. Qədim Beyləqan şəhərinin mənbələrdəki adlarından biri də Biləqan olmuşdur. Beyləqan tarixi mənbələrdəki adlarından biri Funan adlanır. İ.M.Cəfərzadə “1951-ci ildə Örənqalada qazıntı işləri” məqaləsində Örənqalanın geniş təsvirini vermiş, şəhərin şimal-şərq qala divarlarında aparılmış qazıntılardan söhbət açmış, Kiçik şəhərin Böyük şəhərin xarabaları üzərində tikildiyini göstərmiş, şəhərin bina olunma tarixini miladdan öncə IV əsrin sonlarına aid etmiş, adının Funan olduğunu söyləmişdir.

     Beləliklə, mənbələrdə şöhrəti uzaq-uzaq elləri dolaşan, iri ticarət və karvan yollarının üzərində yerləşən qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunur və XIII əsrdə monqol istilaçıları tərəfindən dağıdıldığı qeyd edilir. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın qədim BərdəGəncə və Təbriz ilə əlaqələrini genişləndirmişdir.     Qədim Beyləqan şəhəri Mücirrədin Beyləqani, Nəcməddin Beyləqani, Məsud ibn Namdar, Şəhabəddin Beyləqani və onlarla başqa məşhur şair, mütəfəkkir, dövlət xadimi və alimlərin vətənidir.

    Beyləqən tarixi qədimdir. Beyləqan oykonimi (yaşayış məntəqəsi) Altay dillərində olan “pilə” (“düzən, açıq yer”) və qan (“məkan”) sözlərinin birləşməsindən yaranmışdır və “düzənlik yer, çöl, çöllük yer” mənasını verir. Oykonim əslində Biləqan formasında olmalıdır. Bu coğrafi ad vaxtilə Mil düzünün adı olmuşdur. Başqa bir versiyaya görə, Beyləqan oykonimi “bel yolu, ticarət yolu və yaxud ticarət aparılan yer” anlamındadır. Toponimikada özünə yer almış Beyləqan sözü türkkökənli yer adları siyahısına daxil olan coğrafi adlardandır. Bir fikrə görə, Beyləqan sözü burada vaxtilə yaşayan “Bel” tayfasının adı ilə bağlıdır, yəni oykonim “bel tayfasının məskunlaşdığı, yaşadığı ərazi” anlamındadır. Azərbaycanda və eləcə də digər ölkələrdə Beyləqan toponiminin paralellərinə çox rast gəlmək mümkündür. Qarabağ düzündə, Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində Beyləqan (Biləğan) adlı kənd də var. Yerli əhalinin verdiyi məlumatlara görə, bu yaşayış məntəqəsinin ilkin əhalisi vaxtilə Beyləqan şəhərindən köçüb bura gəlmişlər. Zərdab rayonunun Əlvənd kəndində Biləğan adlı məhəllə (bu məhəllənin sakinlərinin məlumatlarına görə, onlar vaxtilə Beyləqan şəhərindən köçüb bura gəlmişlər) də vardır.

    Mil düzünün cənub-qərbində yerləşən Beyləqan rayonunun ərazisinin şimal-şərq hissəsi okean səviyyəsindən aşağıdadır. Rayonun cənub-qərb hissəsində hündürlük 100 metrə qədərdir. Beyləqan rayonu AğcabədiZərdabFüzuliİmişli rayonları, eləcə də İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun iri yaşayış məntəqələri – Beyləqan şəhəri, Dünyamalılar, Kəbirli, Birinci Şahsevən, Milabad, Əlinəzərli kəndləridir.

Rayon ərazisində səhra və yarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil edir. Tuqay meşəsi və qamışlıq zonalarında oxlu kirpi, qaban, canavar, kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik, düzən ərazilərdə tülkü, çaqqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək, axarsız gölməçələrdə zəli, vağ, ördək, qağayı, qamışlıqlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir. Yaz aylarında qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar. Hamar relyefə malik Beyləqanda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Rayonun cənib-qərbində yarımsəhra, yovşanlı-efemerli bitkilər, o cümlədən biyan, yulğun kimi dərman bitkiləri geniş yayılmışdır.  N.Məmmədovanın rayon ərazisində apardığı sorğu zamanı məlum olmuşdur ki, yerli əhali qədim zamanlardan yulğun və biyan bitkilərindən nəfəs yolları, astma, bronxit və ağciyər xəstəliklərinin müalicəsində istifadə edirlər. Yuxarı-Qarabağ kanalından Kür çayına qədər yovşanlı-efemerli və yovşanlı şorangəli bitkilər, Kür çayı sahilində qismən qorunmuş Tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanalları arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuş bitki örtüyü üstündür. Bataqlıq çəmənləri də müəyyən ərazini əhatə edir. Suqoruyucu, torpaqyuyucu və yol qoruyucu məqsədilə ensiz meşə massivləri qalmaqdadır.

     Beyləqan rayonu quru subtropik iqlim qurşağında yerləşir. Qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Qış fəslində mülayim iqlim, yay dövründə isə tropik iqlim üstünlük təşkil edir. İqlimin bu cür formalaşmasında ərazinin həm şimal, həm də cənub hissəsində maili çay çökəkliyi, cənub-qərbində təpəli, şərqində isə hamar düzənliyin olması mühüm şərq, qərb və şimaldan gələn cənub siklonları, tropik, Orta Asiya və yerli hava kütlələrinin təsiri altındadır. Ərazidə orta yanvar izotermi 0°C, orta iyul izotermi +24°C keçməklə, qışda temperatur 5–10°C, yayda +25+35 °C arasında dəyişir. Bəzi günlərdə hətta 40° C temperaturdan yuxarı olur. Ərazidə yağıntı qeyri – bərabər paylanmaqla orta kəmiyyət 350–400 mm arasındadır. Bu kəmiyyət Araz və Kür çayları boyu daha çox mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir. Mümkün buxarlanmanın 800–1400 mm olmasının nəticəsidir ki, rütubətlilik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı suvarma tələb olunur. Beyləqanın quru iqlim şəraiti astma-bronxit, revmatizm, oynaq ağrılarının mülicəsi üçün çox əlverişlidir. Rayon ərazisində mineral bulaqlar, iqlim-balneoloji şərait, kurort rekreasiya məqsədləri üçün meşə massivləri və s. mövcuddur. Məhz bu kimi səbəblərdən də gələcəkdə əraziyə turist axınını gücləndirmək olar.

     Rayonun şimal-şərq sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Ərazinin iqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə uyğundur. Yovşanlı və yovşanlı-şorangəli yarımsəhra bitkiləri geniş sahələr tutur. Boz və boz-çəmən torpaqlar yayılmışdır. Yovşanlı və yovşanlı-şoranotlu bitkilər geniş sahə tutmaqla bərabər meşə sahələri də mövcuddur. Mil düzünə aid olan bu ərazinin florası Ağcabədi florasına yaxındır. Müxtəlif heyvan və quşlarla zəngin olan Ağgöl Milli Parkının bir hissəsi burada yerləşir.

     Dini turizmin inkişafı üçün rayonun tarixi abidələrindən biri olan Qafqazda yeganə peyğəmbər ocağı Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı adlanır. Rəvayətə görə, Cərcis (313 – 392) Mil düzünə Suriya ərazisindən IV əsrdə təkallahlığı yaymaq üçün gəlmişdir. Beyləqanda hakimiyyətdə olan Dərziyana adlı şah hesab etmişdir ki, Cərcisin buraya gəlişi ondan qisas almaq ilə bağlıdır. Bu səbəbdən də ona qarşı bir sıra təqiblər olmuş, lakin hər biri nəticəsiz qalmışdur. Fələstinli Cərcis Peyğəmbərə ömrünün axırına kimi 33 min nəfər iman gətirib. O, təkallahlığı təbliğ etdiyinə görə böyük əziyyətlərə məruz qalmışdır.

   Cərcis peyğəmbər çox zülmə dözdüyünə görə xalq arasında "Səbr edən peyğəmbər" kimi tanınır. Cərcis Peyğəmbər Ziyarətgahı XX əsrin əvvəllərində Təbrizli Usta Həsən tərəfindən yenidən inşa edilmişdir. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi VII–VIII əsrlərə aid edilir. Burada oğuz türklərinin adət-ənənələrindən xəbər verən işarələr, Şirvanşahlar dövrünə aid məzarlar vardır. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn yüzlərlə insanların inam və səcdə yeridir.

Şəkil. Cərcis Peygəmbər Ziyarətgahı

      Beyləqan rayonunun ərazisi arxeoloji və tarixi abidələr ilə zəngindir. Onlara nümunə olaraq Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpədən ibarət İlk Tunc dövrünə aid Çardaqlı Abidələri adlanan qədim yaşayış yeri; İkinci Aşıqlı kəndi yaxınlığında m. ö. VII – V əsrlərə aid qəbiristanlıq; Təzəkənd ərazisində III – IV əsrlərdə salınmış Qafqaz Albaniyasının əsas şəhərlərindən biri olan Paytakaranın xarabalıqları; ərazisində qədim yurd yerləri olmuş Soltanbud təpəsi; M. ö. I minilliyə aid Govurarx qədim suvarma kanalı (Arazdan Qarqarçayadək uzanan bu kanal mənbələrdə Barlas da adlanır); Kəbirli kəndi ərazisindəki qədim Beyləqan şəhər xarabalığı və başqalarını göstərmək olar.

     V əsrdə Sasani hökmdarı I Qubad (488 − 531) tərəfindən salınmış qədim Beyləqan şəhərinin xarabalıqları (bu ərazilərdə şəhər, eləcə də onun qala divarları, qala darvazası, yaşayış binalarının yeri və s. müəyyən olunmuşdur) Kəbirli kəndi yaxınlığında, rayon mərkəzindən 19 kiometr aralıdadır. Onun adına Örənqala tarixi abidəsi də deyirlər. Örənqala qəsəbəsinin keçmiş adı Miltikinti olmuşdur. Yaşayış məntəqəsi 1965-ci ildə Azərbaycanın qədim Beyləqan şəhərinin xarabalığının el arasındakı adı ilə Örənqala adlanmışdır. Toponim örən (qədim türk dillərində “xaraba”, “uçmuş divar”) və qala sözlərindən ibarət olub, “xaraba qala”, “dağılmış qala” anlamını ifadə edir.

     Yerli rəvayətə görə, XIII əsrdə monqol istilası dövründə – 1221-ci ildə Beyləqan şəhəri ələ keçirilərək dağıdılır. Şəhərin qala divarları sahibsiz qalır. Yerli şəhər və kənd əhalisi düşmənlə mərdliklə döyüşdüyü üçün xeyli vaxt “Ərənlər qalası” (“İgidlər qalası”) adı ilə məşhurlaşır. Əsrlər keçdikcə, bu torpaqdan insan ayağı kəsilir. Ərazi köçəri maldarların qışlağına çevrilir. Bununla da coğrafi ad dəyişdirilir – “Ərənqala” sözü Örənqala ilə əvəz edilir. Örənqala sözü “örənlik”, “ot bitməyən yer”, “həyat sönən yer” anlamındadır.

     Tarixi məlumatlara görə, qədim Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmış, XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlanılsa da, onun ölümü ilə əlaqədar olaraq bu işlər yarımçıq qalmış, XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha özünə gəlməmişdir.

     Uzun illər ərazidə aparılan arxeoloji qazıntılar zamanı (1933 1936; 1951 1956) şəhərin qala divarları, qala darvazası, yaşayış binaları, sənətkarlıq emalatxanaları, şəhərin adının Beyləqan olduğunu təsdiq edən möhür, saxsı və şüşə məmulatları, mis pullar və s. aşkar edilmişdir. Buradan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri hazırda Azərbaycan tarixi muzeyinin orta əsr şöbəsində, Ermitajın Zaqafqaziya bölməsində və Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.

     Beyləqan rayonunda mədəniyyət şöbəsinin mühafizəsində Saray təpəsi, Soltanbud qəbiristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü və s. tarixi, memarlıq və incəsənət abidələri də mövcuddur.

     Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, təsərrüfatlarda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir.

      Beyləqan rayonunun ərazisində bir neçə şəfalı bulaqlar vardır ki, onlardan biri də Əhmədli (Xələc) kəndinin ərazisində qeydə alınan Kükürdlü, yodlu, duzlu bulaq adlanır. Hidronim kükürd sözündən və bulaq hidronimik apelyativindən ibarət olub, “kimyəvi tərkibində kükürd elementi olan bulaq” anlamını ifadə edir. Bulaq kükürd kimyəvi elementinin adı ilə əlaqədar olaraq belə ad almışdır. Bulağın suyu kükürd qoxusunu xatırladır. Bu bulağın suyundan dəri və oynaq xəstəliklərinin müalicəsində şəfa mənbəyi kimi istifadə edilir. Yerli əhali bu bulağın suyu bir sıra dəri xəstəliklərinin müalicəsində faydalı olduğuna görə onu Qotur bulağı adlandırırlar. Hər il yüzlərlə insan, hətta ətraf rayonlardan gəlib bu bulağın suyundan şəfa mənbəyi kimi yararlanırlar. Bulağın ətrafında şərait olmadğına görə insanlar gölməçələr düzəldərək istifadə edirlər. Odur ki, bu bulağın ətrafında gələcəkdə müasir tipli müalicə-reabilitasiya pansionatının təşkil edilməsi məqsədə müvafiqdir və bu da insanların sağlamlığının qorunmasına, rayon iqtisadiyaatının yüksəldilməsinə və yeni iş yerlərinin açılmasına səbəb ola bilər.

Şəkil. Əhmədli kəndi ərazisində yerləşən bulaq (Qoturbulaq).

 

     Rayonun Kəbirli kəndi (kəndin adı Xəzərlərin kəbirli etnonimi (tayfası) ilə əlaqədardır) yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri Qaratəpə adlanır. Kənd tipli Qaratəpə yaşayış yeri respublika əhəmiyyətli  arxeoloji abidələrdəndir. Buradakı yaşayış yeri miladdan öncə I minillikdən orta əsrlərə qədər olan dövrü əhatə edir. 2 hektar sahəsi olan bu qədim yaşayış yerinin hündürlüyü 4 metr, diametri 140 metrdir. Bu yeri, eləcə də yaxınlıqda yerləşən Üçtəpə oroqrafik obyektini gələcəkdə turizm zonasına çevirmək mümkün ola bilər.

     Mil düzündə, Beyləqan rayonunun ərazisində qeydə alınan kanal Köhnə Xan Qızı kanalı adlanır. Keçmiş adları Govurarx, Barlas, Orconikidze olmuş bu kanal Araz çayından Qarqar çayına qədər uzanır. Gözəl görüntüyə malik bu kanalın uzunluğu 64 kilometrdir. Başlanğıc hissədə suburaxma qabiliyyəti 45 kub-metr-san.-dir. Köhnə Xan Qızı kanalı Azərbaycanda ən qədim su kanallarından biridir. Ərəb işğallarından sonra kanal Govurarx adlandırılmışdır. Arxeoloji qazıntılar Govurarxın bizim eradan əvvəl I minilliyin sonlarında çəkildiyini və erkən orta əsrlərdə daha da təkmilləşdirildiyini göstərir. XIII əsrin 20 – 30-cu illərində - monqol istilaları dövründə kanal yararsız hala düşmüşdür. XIV əsrin sonunda Əmir Teymur kanalı bərpa etdirdikdən sonra o, tarixi mənbələrdə Teymurun mənsub olduğu türk tayfasının adı ilə Barlas da adlandırılmışdır. XVIII əsrdə - Nadir şahın dövründə kanal yenidən yararsız hala düşmüşdür. Qarabağlı Əhməd bəy Cavanşir 1866-cı ildə Araz çayından çəkdirdiyi 8 kilometrlik kanalı Govurarx ilə birləşdirmişdi. 1924-cü ildə Govurarxın yatağı əsasında Orconikidze adına kanal (indiki Köhnə Xan Qızı kanalı) çəkilmişdir. Beyləqan rayonunun ərazisindəki Yeni Xan Qızı kanalı Köhnə Xan Qızı kanalına paralel çəkilmiş, 1985-ci ildə istismara verilmişdir. Mil düzündə, Bolsulu – Yuxarı Kəbirli istiqamətində axan hidronimin belə adlandırılması Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşud Banu Natəvanın adı ilə əlaqədardır. Belə ki, Xan qızı Natəvan vaxtilə bu yerlərə arx çəkdirmişdir. Onun ölümündən onillər sonra burada yeni kanal çəkilmiş və hidronim də sonralar onun adı ilə adlandırılmışdır.

     Beyləqan rayonu ərazisinin dini və balnealoji turizmin inkişafında zəngin potensialı var. Yaxın gələcəkdə ekskursiya məqsədilə Beyləqan rayonunun ərazisinə böyük turist axını həyata keçirilə bilər və bu rayonun iqtisadiyyatının yüksəlməsinə səbəb ola bilər.

Elm və Həyat №2 2025