Şahvələd Əliyev Bahar Əliyeva Nazim Tapdıqoğlu (Vəlişov)
AR, ETN akad. H.Əliyev adına Azərbaycan Dövlət İqtisad Universiteti AR, ETN akad. H.Əliyev adına
Coğrafiya İnstitutunun aparıcı iqtisadçı Coğrafiya İnstitutunun dissertantı
elmi işçisi, biologiya elmləri üzrə
fəlsəfə doktoru
Açar sözlər: hidronim, İsa bulağı, rekreasiya, Şırlan, Turşsu
Giriş. Şuşa rayonu təbii coörafi mövqeyi, böyük tarixi, mədəniyyət dəyərləri, flora və fauna bəxşişi ilə Azərbaycanın nadir regionlarından biridir.
Bu regionun su resursları, xüsusilə bulaqlar və çaylar, təbii rekreasiya və balneoloji imkanlara malik olub, insan sağlamlığı və turizm üçün böyük potensial daşıyır. Məqalənin məqsədi Şuşa rayonu ərazisindəki hidronimlərin elmi təhlili, onların rekreasiya, kurort və tibb sahələrində istifadə imkanlarını ortaya qoymaqdan ibarətdir.
Hidronim nəzəriyyəsi və Şuşa ərazisində hidronimlərin təsnifi. Hidronim (yunanca “hydro” – su, “onym” – ad)yer üzərindəki su obyektlərinin (göllər, çaylar, bulaqlar, kəhrizlər) adlarına verilən toponimlərdir. Hidronimlər təkcə coğrafi deyil, eyni zamanda tarixi, etnoqrafik və mədəni informasiyanı daşıyır. Şuşa rayonu hidronim baxımından olduqca zəngindir. Bura aid olan su obyektləri aşağıdakı kimi təsnif edilə bilir:
Çaylar: Qarqar, Daşaltı, Xəlfəli, Mirzələr, Səfixanlar, Zamanpəyəsi, Zarıslı.
Göllər: Cəmillər, Fındıqlı.
Bulaqlar: İsa, Şırlan, Turşsu, Daşaltı, Səkili, Navlı, Soyuqbulaq, Qırxbulaq və s.
Digər: Kəhrizlər, arxlar və torpaqaltı sular.
Şuşa hidronimlərinin tarixi və etnik yansımaları. Şuşa ərazisindəki hidronimlər xalqımızın tarixi və mədəni yaddaşını əks etdirir. Qarqar çayı adı Qafqaz Albaniyasında yaşamış qarqar tayfası ilə əlaqələndirilməklə, türkdilli xalqların tarixində spesifik yer tutur. Hər bir bulaq və ya çay çox vaxt ya şəxslərin adı, ya da fərqləndirici fiziki xüsusiyyətləri ilə adlandırılıb (məs: Turşsu, Şırlan).
Rekreasiya və sağlamlıq baxımından su resursları. Şuşa mineral bulaqlar baxımından olduqca zəngindir. İsa bulağı, Turşsu və Şırlan suları bərk tərkibli, mikroelementlərlə (maqnezium, kalsium, natrium, brom, yod, dəmir və s.) zəngin mənbələrdir. Bu sular mədə-bağırsaq, qastrit, anemiya, qaraciyər və öd kisəsi problemlərində istifadə edilə bilir. Eyni zamanda vanna müalicələrində geniş şəkildə tətbiq edilir.
Turizm və dayanıqlı inkişaf. Qarqar çayı kanyonu, Daşaltı şəlalələri, Cıdır düzü, Topxana meşəsi kimi məkanlar Şuşanın vizual və ekoloji rekreasiya potensialını artırır. Rekreasiya zonalarının yaradılması turizmin davamlı inkişafı, yerli iqtisadiyyatın canlanması və mədəni irsin qorunması baxımından vacibdir. Bu sahədə ekoturizm, tibb turizmi və balneoloji turizm ünvanlı siyasət ola bilər.
Azərbaycanın Qarabağ silsiləsində yerləşən inzibati rayonlarından biri də Şuşa rayonudur. Səthi əsasən dağlıq ərazilərdən ibarət olan Şuşa rayonunun ən yüksək zirvəsi 2725 metr yüksəkliyi olan Böyük Kirs dağıdır. Rayonun ərazisi yayı quraq keçən mülayim-isti, qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda – 3 – 1 °C, iyulda 17 – 19 °C-dir. İllik yağıntı 700 – 800 mm-dir. Torpaqları qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Şuşa rayonu mühüm coğrafi mövqeyinə, zəngin coğrafi landşaftına, təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəniyyət abidələrinə, əhalisinin qonaqpərvərliyinə görə respublikamızın füsunkar təbiətli gözəl guşələrindən biridir. Şuşanın rayonlar içərisində özünəməxsus yeri vardır.
Rayonun inzibati mərkəzi 1400 – 1500 metr dəniz səviyyəsindən yuxarıda yerləşən Şuşa şəhəridir. Şəhər XVIII əsrin 50-ci illərində salınmışdır. İlkin adı Qarabağ xanı Pənahəli xanın şərəfinə Pənahabad olmuşdur. XVIII əsrin 80-ci illərində əhalisi sürətlə artan Şuşa şəhərinin ətrafına qala divarları çəkildiyi üçün xalq arasında ona Qala da deyilmişdir. Şəhərin adı bəzi mənbələrdə Şişə kimi də göstərilmişdir. Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa inzibati rayonunun hər guşəsi özünəməxsus gözəlliyə, tarixi zənginliyə, heyrətamiz flora və faunaya malikdir. Rayon ərazisindəki dağlar, mağaralar, dini və təbiət abidələri, pirlər, ziyarətgahlar, kurqanlar, meşələr, çaylar, göllər, mineral bulaqlar, mənzərəli yerlər regionda tezliklə turizm obyektlərinin yaradılmasının vacibliyindən xəbər verir və tarixi, arxeoloji, mədəni abidələrlə zəngin olan Şuşada turist marşrutlarının təşkil edilməsi zərurətini yaradır. Bəli, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində qərar tutan Şuşada hazırda turizm potensialı üçün mühüm zəmin vardır. Respublikamızın əksər rayonlarında olduğu kimi, Şuşa rayonunda da turizmin müxtəlif növlərinin, xüsusilə də kənd yaşıl turizminin inkişafına çox geniş imkanlar var. Bu imkanlardan səmərəli istifadə edilərsə, gələcəkdə həm regionların inkişafı, həm yeni iş yerlərinin açılması, həm də əhalinin sosial-iqtisadi durumunun yaxşılaşması baxımından məqsədyönlü işlər həyata keçirmək olar.
Şuşa, Qarqar çayı
Şuşa şəhəri quruluş etibarı ilə Azərbaycan – Şərq memarlığının bariz nümunəsidir. Şəhərin Aşağı Bazar, Rastabazar, Bazarbaşı, Şeytanbazar, Meydan, Karvansara və digər komplekslərinin tikintisi XVIII ortalarından başlayaraq XX əsrin əvvəllərinədək müxtəlif fasilələrlə şərq üslubunda tikilməkdə davam etmişdir. Şuşanın şəhərsalma strukturunun formalaşmasında Şərqin feodal şəhərləri üçün səciyyəvi olan məhəllələrə bölgü sistemi böyük təsir göstərmişdir (1; s. 578).
Şuşanın zəngin təbii turizm-rekreasiya ehtiyatları vardır. Rekreasiya sözü polyak (“recreatio”) dilində “istirahət” anlamını bildirir. Adətən, təbiətin qoynunda istirahət etmək və ya turist gəzintiləri yolu ilə sağlamlığın və əmək qabiliyyətinin bərpa olunması rekreasiya adlanır. Başqa sözlə, əhalinin istirahəti, sağlamlıq və əmək fəaliyyətini bərpa etmək üçün təyin edilmiş quru və ya su səthi sahəsinə rekreasiya deyilir. Turizm-rekreasiya ehtiyatları dedukdə, cəmiyyətin rekreasiya tələbatını ödəmək üçün tələb olunan təbii, tarixi-mədəni, sosial-iqtisadi ehtiyatlar nəzərdə tutulur. Turizm-rekreasiya ehtiyatlarının birləşdiyi ərazilər yüksək cəlbediciliyə malikdirlər. Şuşa rayonunun ərazisi zəngin turizm-rekreasiya ehtiyatlarına malik olan regionlardandır. Aydındır ki, Şuşanın təmiz dağ havası ilə yanaşı, gözəl və mənzərəli təbiəti var. Şuşa başdan-başa gözəl və mənzərəli təbiət guşələrindən biridir. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxt şəhəri olması və s. onu turistlər üçün cəlbedici məkanlardan biri edir (2; s. 304). Bəli, başdan-başa möcüzə olan Şuşanı inkişaf etmiş kurort şəhərlərindən birinə çevirmək olar.
Şuşa, Çətir şəlaləsi
Dağlar qoynunda, təbii-strateji nöqtələrdə, səfalı guşədə yerləşən Şuşa rayonunun ərazisində Ağvan çayı, Cəmillər gölü, Çarıqbulaq, Çinar bulağı, Daşaltı bulağı, Daşaltı çayı, Daşlı bulaq, Dəmir bulağı, Əjdaha bulağı, Fındıqlı göl, Xəlfəli çayı, İmamqulular bulağı, İsa bulağı, Qırxbulaq, Qotur bulağı, Mamayı bulağı, Mirzələr çayı, Navlı bulaq, Saxsı bulaq, Sevgili bulağı, Səfixanlar çayı, Səkili bulaq, Soyuqbulaq, Şırlan çayı, Şırlan mineral bulağı, Şor bulaq, Turşsu mineral bulaqları, Yüzbulaq, Zamanpəyəsi bulağı, Zarıslı çayı və digər hidronimləri ilə yanaşı, Ağzıyastı kaha, Bağrıqan dağı, Cıdır düzü, Çanaqqala (Ərimgəldi), Dotələb dağı, Xəzinə qayası, Keçəldağ aşırımı, Qırxpilləkən, Topxana meşəsi, Üçmıx təpələri və s. gözəl təbiət məkanları ilə ad çıxarmış, turistlərin, səyyahların ən çox can atdığı məkanlardan biri olmuşdur. Təsadüfi deyildir ki, Şuşa kurortu məşhur Davos kurortu ilə müqayisə edilir. Şuşanın məhəllələrindəki üstüörtülü qalareyalarına, geniş ərazisi olan bazar meydanlarına, ikimərtəbəli karvansaraya, qoşa minarəli Cümə məscidinə, əsrarəngiz gözəlliyə malik Cıdır düzünə, eləcə də Şuşaya şöhrət qazandıran yüzlərlə memarlıq və incəsənət abidələrinə baxıb tamaşa etməkdən doymaq olmur.
Rayon ərazisində çoxlu sayda müxtəlif tipli hidronimlər qeydə alınmışdır. Hidronim (yunanca hidro – “su”, onim – “ad” deməkdir) dedikdə, yer üzündə mövcud olan təbii və süni coğrafi su obyektləri mənbələri – okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar, kanallar, arxlar, kəhrizlər və s. nəzərdə tutulur. Şuşa hidronimləri yarandığı dövrün ictimai-siyasi, mədəni həyatını özündə əks etdirən, keçmişin qaranlıqlarına işıq salan çox qiymətli tarixi incilərdir. Onlarda ulu əcdadlarımızın adət-ənənəsi, xalqımızın qədim tarixi, zəngin mədəni irsi, dini, dili, məşğuliyyəti və s. yaşayır. Şuşa rayonu ərazisində patronimik (nəsil adları) və antroponimik (şəxs adları) toponimlər, eləcə də çoxlu sayda etnotoponimlər (tayfa adları) mövcuddur.
Şuşa rayonunun ərazisində xeyli şəfalı mineral bulaqlar, iqlim-balneoloji şərait, kurort rekrasiya məqsədləri üçün çay şəbəkəsi və s. mövcuddur. Rayon ərazisindəki bulaqlardan biri Şuşa şəhərindən 3 kilometr kənarda, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, meşəlik ərazidə qeydə alınan İsa bulağıdır. İsa bulağı Azərbaycan təbiətinin incilərindən hesab olunur. Yerli məlumata görə, bulaq XVIII əsrdə onu qalın meşəlikdə üzə çıxaran İsa adlı biçinçinin adı ilə əlaqədardır (3; s. 260).
Şuşanın hidronimləri sırasında Qarqar çayı xüsusi yer tutur. 115 kilometr uzunluğu olan Qarqar çayı Şuşa, Xocalı, Ağdam və Ağcabədi rayonlarının ərazilərindən axır. Hidronim qədimdə Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını özündə əks etdirir. Erkən orta əsrlərdə yaşamış alban tarixçisi Musa Kalankaytuklu Albaniyada eramızın I əsrlərinə aid hadisələrdən bəhs etdikdə burada Qarqar tayfasının yaşadığını da yazmışdır (4; s. 117). Qarqar etnonimi ilə bağlı toponimlərə başqa türk xalqlarının yaşadıqları ərazilərdə də rast gəlinməsi və həmin yaşayış məntəqələrində türkdilli əhalinin yaşaması onu deməyə əsas verir ki, Qarqarlar türkdilli tayfalardır.
Qarqarçay kanyonu ekoturizm potensialı çox olan Şuşanın vizual gözəllik mənbələrindəndir. Kanyon cənub-qərbdən şimal-şərq istiqamətində Qarabağ yaylasını kəsən, Şuşa şəhəri rayonunda üst yura əhəngdaşları massivinə dərin nüfuz edən eyniadlı çayın orta axınında yerləşir və onun uzunluğu 5 kilometrdən çoxdur. Kanyona yürüyüş zamanı ilham verən şəlalələri, “yaşıl ciyər” adlanan meşələri, daş dövründən qalan mağaraları, əsrləri birləşdirən daş körpüləri görmək mümkündür.
Şuşa, Qarqarçay kanyonu
Şırlan mineral bulağı Şuşa şəhərinin 18 kilometr qərbdə, Şırlan kəndinin ərazisində qeydə alınmışdır. Hidronim (su hövzəsinin – dəniz, çay, göl, bulaq, arx, kəhriz, bataqlıq və s.-nin xüsusi adını təyin edən toponim növü) Sarıbaba dağının ətəyində çıxan 3 bulağın ümumi adıdır. Tərkibində maqneziumlu komponentlərin çoxluğu ilə seçilən Şırlan mineral suyu karbonatlıdır. Onun suyundan əsasən, mədə-bağırsaq, qanazlığı, maddələr mübadiləsinin pozğunluğu və s. xəstəliklərin müalicəsində istifadə edilir. Şırlan mineral bulağı suyunun axma rejiminə – şırıltı ilə tökülməsinə görə belə adlandırılmışdır.
Turşsu müalicə və istirahət guşəsi – Şuşa rayonu ərazisində, Şuşa şəhərindən 24 kilometr məsafədə, Qarabağ silsiləsində, Şuşa-Laçın avtomobil yolunun üstündə yerləşir. Azərbaycanda nahar və şam yeməyindən sonra qida qəbulundan, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə sularından biri də Turşsu suyudur. Bu suyun mənbəyi Şuşa şəhərindən 18 km cənub-qərbdə, Zarıslı çayının dərəsində, Turşsu çayının sol sahilində, Turşsu kəndi və Turşsu aşırımı yaxınlığında, təxminən 1750 metr yüksəklikdədir. Turşsu mineral bulaqları çox debitli soyuq sulu üç bulaqdan ibarətdir. Tərkibində karbon qazı olan bu sudan içmək üçün geniş istifadə olunur. Suyunun dadı turşməzə olduğundan belə adlandırılmışdır (5; s. 249). Turşsu mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu vaxtilə (1992-ci ildə ermənilər tərəfindən Şuşanın işğal edilməsinə qədər) boru vasitəsilə Şuşa şəhərinə nəql edilirək və öz təyinatı üzrə istehlak edilirdi...
Rayonun Xəlfəli dərəsi ərazisində, eyniadlı çayın kənarında yerləşən bulaqlardan biri Səkili bulaq adlanır. Səkili bulağı həmişə şuşalıların və şəhərin qonaqlarının istirahət üçün bəyəndikləri yerlərdən biri olmuşdur. Bu bulağın suyu yüngüllüyü və sərinliyi ilə seçilir. Ətrafı qalın meşə ilə örtülü olan bu bulağın ərazisi əsrarəngiz gözəlliyə malik olan bir yerdir...
Şuşada müalicə məqsədi ilə içilən və vanna kimi qəbul edilən mineral bulaqların suyu mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsinin pozğunluqlarına, habelə hərəkət orqanları, sinir sistemi və ginekoloji, bəzi uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilərlər. Bulaqların suyundan alınan duzlar xroniki qəbizlik, qaraciyər, ödlük, qastrit və s. xəstəliklərin müalicəsində yararlıdır. Həmçinin suyun tərkibi brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Şuşa-Turşsu rekreasiya zonasında yüksək debitli Turşsu, Şırlan, İsabulağı, Zamanpəyəsi, Daşaltı bulaqları vardır. Bunlardan müalicəvi xüsusiyyətləri təsdiq olunanlar Turşsu və Şırlan bulaqlarıdır. Bu mineral sular mikroelementlərlə zəngin, əsasən, karbon qazlı hidrokarbonatlı-maqneziumlu-natriumlu-kalsiumludur. Turşsu mineral suyunun tərkibində dəmirin olması anemiyalı xəstələrin də burada müalicə olunmasına imkan verir. Turşsudan, Şirlandan çıxan mineral sular böyük müalicəvi əhəmiyyətə malik olub mədə-bağırsaq, qaraciyər, öd kisəsi xəstəliklərində və tərkibində kifayət qədər dəmir olduğuna görə qan azlığında müvəffəqiyyətlə tətbiq edilə bilər. İşğaldan (8 may 1992-ci il) öncə burada yaz-yay-payız aylarında Şuşa ilə bərabər, həm də respublikamızın digər guşələrindən gəlib alaçıq quraraq həftələrlə, aylarla müalicə olunardılar.
Turşsu və Şırlan mineral bulaqları ilə yanaşı, Şuşa rayonunda, Daşaltı çayının lap yanında yer altından çıxan suda xəstə adamlar vanna qəbul edər və bununla da şəfa tapardılar. Məlumdur ki, su ilə müalicədə və bədəni möhkəmlətmək üçün ən geniş istifadə olunan üsullardan biri məhz vannalardır. Vannalar müxtəlif temperaturda tərkibi müxtəlif olan sularla və başqa amillərlə birlikdə tətbiq edilir. Ümumiyyətlə, Şuşa sularının insan sağlamlığına böyük təsiri vardır.
Nəticə
Şuşa ərazisindəki hidronimlər təkcə coğrafi obyekt deyil, eyni zamanda mədəni-tarixi yaddaşın, təbii resursların və rekreasiya imkanlarının daşıyıcısıdır. Onlardan səmərəli istifadə etməklə Şuşanı beynəlxalq miqyasda tanınan kurort-turizm mərkəzinə çevirmək mümkün ola bilər.
Yer və İnsan №3 2025