Dünyanın müxtəlif bölgələrində göllərin və dənizlərin sürətlə quruması müşahidə olunur. Bu proses yaxın illərdə quraqlığın daha da artacağı ehtimalını gücləndirir. Bəs qlobal miqyasda bu təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bu barədə Patrulaz.az -a açıqlamasında bildirib ki, Xəzəri qidalandıran çayların suyunun azalması bu prosesin əsas səbəblərindən biridir:

“Dünyanın müxtəlif bölgələrində göllər, dənizlər, qapalı su hövzələri qurumağa başlayır. Bunun əsas səbəbi təbiətdə baş verən proseslərdir ki, bunlar mütəmadi olaraq davam edir. 20 min il bundan əvvəl buzlaşma dövrü olub, sonra istiləşmə dövrü gəlib. Beləliklə, təbiətdə bu proseslərin hamısı bir-birini təkrar edir.

Xəzər dənizinin quruması təbii bir prosesdir. Çünki Xəzəri qidalandıran çayların suyunun miqdarı azalıb. Ən çox su Volqa çayı vasitəsilə gəlir ki, bu da təxminən 80 faiz təşkil edir. Son 30 ildə qlobal istiləşmə və Xəzəri qidalandıran çayların suyunun azalması bu hadisənin əsas səbəblərindəndir. Xəzərdə də bildiyimiz kimi su balansı dəyişir. Yeni gələn sularla buxarlanan sular arasındakı nisbət fərqlənir. Bu səbəbdən Xəzərə tökülən suyun əsas hissəsini təşkil edən Volqa çayı xüsusi rol oynayır.

Volqa hövzəsi ətrafında çoxlu müəssisələr tikilib, üzərində su elektrik stansiyaları və su anbarları inşa olunub, hələ də tikilməkdədir. Məişətdə və zavodlarda istifadə olunması da təzyiqləri artırır. Antropogen təsirlər nəticəsində Xəzərin suyu azalır. Müəyyən vaxtdan sonra əks proseslər də baş verəcək. Xəzər hövzəsinə tökülən sular əsasən Şimali Atlantika üzərindən gəlir. Onları gətirən isə siklonlar və antisiklonlardır. Hazırda onların istiqaməti dəyişib, şimala doğru yönəlib.

Nəzərinizə çatdırım ki, Xəzərdə son 100 ildə səviyyə 3 dəfə kəskin dəyişib. 1930–1977-ci illərdə səviyyə 3 metrdən çox aşağı düşüb. 1978–1995-ci illərdə 2,5 metr qalxıb və 1996-cı ildən bu günə qədər 2,1 metr aşağı düşüb. Göründüyü kimi, bu proses davam edəcək. Təxminən 2040–2050-ci illərə qədər Xəzərin səviyyəsində regresiya transqressiya ilə əvəz olunacaq və səviyyə qalxacaq”.

Ə. Əliyev Xəzər dənizinin səviyyəsinin azalmasının dənizlə bağlı olmadığını, problemin əsasən sahilboyu yaşayan əhali ilə bağlı olduğunu vurğulayıb:

“Ümumiyyətlə, çalışmaq lazımdır ki, quraqlıq dövründə Xəzəri qidalandıran çayların suyundan çox diqqətlə istifadə olunsun. Məsələn, bizdə də Kür çayının suyu 3–4 il əvvəl xeyli azalmışdı. Onun da əsas səbəblərindən biri antropogen təsirlər idi. O ki qaldı dünyada olan kiçik göllərə, xüsusilə də Urmiya gölünün birdən-birə yox olmasının səbəbi odur ki, gölü qidalandıran çayların çoxu kənd təsərrüfatında istifadə olunub. Başqa bir misal isə Aral gölünün təxminən 70 %-nin qurumasıdır. Bu da Amudərya və Sırdərya çaylarının sularının kənd təsərrüfatına yönəldilməsi nəticəsində baş verib.

Ümumiyyətlə, çalışmaq lazımdır ki, onları qidalandıran çayların rejiminə neqativ təsir göstərilməsin. Təbiət öz işini görür. Xəzər dənizinin səviyyəsinin azalması dənizin problemi deyil, problemin əsas hissəsi onun sahilində yaşayan insanlardadır. Səviyyə düşən kimi orada evlər, müəssisələr tikilir, qalxanda isə onların hər biri məhv olur. Ona görə də adaptasiya olunmaq lazımdır. Təbiət özünü özü nizamlayır, xüsusilə də Xəzər dənizi həmişə qalxıb-enib. Burada böyük bir fəlakət yoxdur, bu Xəzərin öz rejimidir. Təbiətə müdaxilə etmək olmaz”.

PATRULAZ.AZ