Xəzər Rusiyaya görə quruyub? - AÇIQLAMA

İqlim dəyişiklikləri, quraqlıq və çay hövzələrindəki suyun azalması Xəzər dənizində səviyyə enməsini daha da sürətləndirib. İranın artıq ciddi su qıtlığı ilə üzləşdiyi bir zamanda bunun Xəzərin səviyyəsinə təsir edib-etməyəcəyi suallar doğurur.

 İranda su qıtlığının son aylarda kəskinləşməsi təkcə bu ölkənin deyil, bütün region dövlətlərinin diqqət mərkəzinə çevrilib. Quraqlığın güclənməsi, çay hövzələrində suyun azalması və Xəzər dənizinin sürətlə çəkilməsi fonunda Rusiyanın Xəzər suyunu duzsuzlaşdırma layihələri gündəmə gəlib.

 Bu şəraitdə “Xəzərin qurumasına Rusiya nə qədər təsir edir?” və “Azərbaycan bu istiqamətdə addımlar atırmı?” suallar aktualaşır.

 Mövzu ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İranın su qıtlığı həm ölkə daxilində, həm də xarici amillərlə əlaqəlidir:

 

 “İranda su qıtlığı bir neçə amillə bağlıdır. İrana daxil olan çayların böyük hissəsi digər ölkələrdən gəlir və həmin ölkələrdə su anbarları tikildiyi üçün sudan həm İranda, həm də xaricdə həddindən artıq istifadə olunur. 3-4 ay ərzində bir damcı yağış düşmədiyi üçün su ehtiyatları azalıb, barajlar boşalıb. Əhali də sürətlə artır və nəticədə su təminatında çətinliklər yaranır. Məncə bu qısa müddətli prosesdir. Amma ümumiyyətlə, bütün planetdə yağıntıların azalması, əhalinin çoxalması və kənd təsərrüfatında suya tələbatın yüksəlməsi qlobal istiləşmə ilə bağlı olan ümumi tendensiyadır. Yalnız İranda deyil, dünyanın hər yerində bu proseslər müşahidə olunacaq”.

 Rusiya tərəfindən Xəzərin suyunun duzsuzlaşdırılması məsələsinə toxunan S.Səfərov bildirib ki, bu addım Xəzərin səviyyəsinə ciddi təsir etmir:

 “Xəzərin səviyyəsinə təsir edən əsas amil Volqa çayıdır. İstiləşməyə görə buxarlanma artır, Volqa üzərində tikilmiş su anbarlarının ümumi sahəsi təxminən 36 min kvadrat kilometrdir və bu anbarlarda suyun buxarlanması kəskinləşib. Temperatur artdıqca Volqadakı su azalır. Volqa hövzəsində sənaye və kənd təsərrüfatı obyektlərinin təxminən 50 faizi yerləşir və burada suya tələbat ilbəil artır. Rusiya Volqanın qarşısını bilərəkdən kəsmir ki, Xəzər qurusun bu, həm texniki olaraq mümkün deyil, həm də ildə 250 kub kilometr suyun qarşısını almaq real deyil”. 

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və digər ölkələr bu istiqamətdə müəyyən planlar qurmalıdırlar:

 “Əhali artdıqca və qlobal istiləşmə gücləndikcə Volqanın Xəzərə gətirdiyi su azalır. Ona görə də Xəzər səviyyəsi enir. Bu səbəbdən Xəzəryanı beş ölkə bir araya gələrək su istifadəsinə dair kvotalar müəyyən etməlidir. Hansı ölkə sudan nə qədər istifadə edəcək və nə qədərini Xəzərə qaytara biləcək, bu, birgə tənzimlənməlidir”.

 

Sfera.az