Coğrafiyaçı alim qlobal istiləşmə barədə müsahibə verib Sen 20, 2021 | 05:09 / MÜHÜM HADİSƏLƏR

     

Dünyada gedən qlobal istiləşmənin səbəbləri və problemin həlli yollarını aydınlaşdırmaq məqsədilə  Cebhə.info saytı AMEA  akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılova müraciət edib.

Son illərdə iqlim dəyişmələrində güclü tezləşmənin  müşahidə edildiyini deyən alim  dünyanın aparıcı ölkələrinin qlobal istiləşməyə “müharibə” elan edərək təsirli hərəkətlərə keçməsini çıxış yolu kimi qiymətləndirib. O bildirib ki, qlobal istiləşmə ilə əlaqədar potensial fəlakətdən qorunmaq üçün istixana qazı emissiyalarının təxminən 80%-nin azalması lazımdır. Ətraf mühitə ziyan vuran, atmosferə daha çox karbon emissiyasını buraxan təsərrüfat sahələrinə həddən artıq böyük verginin qoyulmasını əsaslı tədbirlərdən biri kimi qiymətləndirmək olar.

Alim diqqətə çatdırıb ki, atmosferə həddən artıq atılan karbon tullantıları yerin istilik balansını pozur, bu isə iqlimlə bağlı fəsadların, təbii və texnogen fəlakətlərin yaranmasına səbəb olur. İnstitutun apardığı tədqiqatlara görə, 1960-cı illərdə Azərbaycanda buzlaqların sahəsi Böyük Qafqazda 6, 5 kvadrat kilometr idisə, indi 1,28 kvadrat kilometr təşkil edir. Bu çox böyük dəyişmədir və azalma 4 dəfədən artıqdır. Qlobal istiləşmə irəlilədikcə yağıntı nümunələrində güclü dəyişikliklər olacaq. Yer səthinin bəzi yerləri nəmlənəcək, digərləri ağır quraqlıqlara məruz qalacaq.