AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda 27 sentyabr Anım Günü qeyd edilib.
İlk əvvəl torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri açaraq Respublika Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 27-sinin şəhidlərin ruhuna hörmət əlaməti olaraq Azərbaycanda Anım Günü kimi qeyd olunacağını xatırladıb. O vurğulayıb ki, bu tarix xalqımızın illərlə gözlədiyi, torpaqlarımıza azadlıq gətirən ədalətli müharibənin başlanğıc günüdur. Xalqımız ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasət apardığına, eləcə də hərb bacarığına və ordumuzun gücünə inanırdı, müharibənin qələbə ilə bitəcəyinə ümid bəsləyirdi. Amma bu məsələnin 44 günə həll olunacağına inanmaq çətin idi. Qeyrətli, mətin oğullarımız canlarını Vətənə qurban deyib bu inanılmaz qısa zamanda onilliklərlə mundar erməni tapdağı altında qalmış torpaqlarımızı özümüzə qaytardı. Əsgər və zabitlərimizin ağlagəlməz qəhrəmanlığı bizə bu qələbə sevincini yaşatdı, özümüzün özümüzə olan inamını artırdı. Azərbaycan xalqı əsrlər boyu öz azadlığı, ərazisinin müdafiəsi uğrunda torpaqlarına sahib çıxmaq istəyən yadellilərlə mübarizə aparıb, qan töküb. Aparılan savaşlar içərisində qalib çıxdığımız sonuncu Vətən müharibəsi tarixdə ən yaddaqalan qürurverici, şərəfli savaş kimi qalacaq. Azərbaycan sübut etdi ki, belə mərd, qeyrətli və qorxmaq xalqı olan ölkənin torpaqlarına əl uzadanın başı “dəmir yumruq” altında əziləcək. Azərbaycan anladı ki, kənardan, ikili standartlara qulluq edən, özünün qoyduğu qanunlara əməl etməyən, yeri gələndə özünə lazım olan haqsız tərəflərə haqq qazandıran beynəlxalq təşkilatlara “bel bağlamaq” olmaq. O öz gücü, ağlı, şərəfi ilə Beynəlxaq təşkilatların 30 ildə edə bilmədiklərini cəmi 44 günə həll etməyə qadir olduğunu hamıya sübut etdi. İndi artıq Azərbaycan regionda lider ölkə olaraq böyük quruculuq və bərpa işləri ilə məşğuldur. Vəhşi erməni barbarlarından azad olunmuş Qarabağ ərazisində böyük sürətlə yollar çəkir, evlər tikir, kənd və şəhərlər salır, kənd təsərrüfatını və iqtisadiyyatı dirçəldir ki, məcburi qaçqınlar qısa müddətdə evlərinə qayıda bilsinlər. Coğrafiya İnstitutu da möhtəşəm qələbəyə həsr etdiyi Qarabağın coğrafiyasını hazırlamaqla öz töhfəsini verməyə tələsir.
İnstitut rəhbəri çıxışının sonunda torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyib.
İnstitut həmkarlar Təşkilatının sədri, c.ü.f.d., dosent Habil Haqverdiyev 44 günlük Qarabağ savaşında qəhrəman ordumuzun savaşından söhbət açaraq, möhtəşəm qələbənin prezident İlham Əliyevin düşünülmüş üzaqgörən siyasəti və hərbi strategiya və taktikasının, eləcə də əsgər və zabitlərimizin mükəmməl döyüş hazırlıqlarının nəticəsi olduğunu bilirib.
Sonra Ekocoğrafiya şöbəsinin müdiri, a.ü.f.d., dosent Ənvər Əliyev məruzə edərək Birinci və İkinci Qarabağ müharibələri zamanı ölkənin iqtisadiyyatına, kənd təsərrüfatına, ekologiyası və s. dəyən ziyanlar haqqında danışıb, ziyanın miqdarının trilyonlarla ölçüldüyünə diqqəti çəkib.
Tədbirin sonunda İnstitut əməkdaşlarının şəhid ailələrinə və qazilərimizə göstərdikləri qayğı və diqqətdən bəhs edən videoçarx nümayiş etdirilib.