“Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı çap olunub Sen 23, 2021 | 10:09 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı işıq üzü görüb.

“Elm” nəşriyyatında çap olunan kitabı nəşrə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov hazırlayıblar.

Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi – İkinci Qarabağ müharibəsi və post-müharibə dövründə xalqa müraciətləri, müsahibələri, tarixi qələbə münasibətilə paradda nitqi, ölkə rəhbərinə ünvanlanmış teleqramlar, Prezidentə müraciətlər, fərman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının materialları, Şuşa Bəyannaməsi və bu münasibətlə Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün bəyanatları toplanıb. İlk dəfə olaraq təqdim edilən materialların təsnifatı aparılıb və “Ön söz”də əhatəli şərhi verilib.

“İlham Əliyevin 2003-cü ildən başlayan Prezidentlik fəaliyyətində 2020-ci il 27 sentyabr ilə yeni, daha möhtəşəm bir mərhələ açılır. Bu mərhələ 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı hərbi təxribatı və dövlətin bu təxribatın qarşısının alınması üçün genişmiqyaslı tədbirlər həyata keçirməsi, faktiki olaraq Vətən müharibəsi – İkinci Qarabağ müharibəsi ilə başlanır. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa özünün tarixi müraciətini edir. ...Prezident İlham Əliyevin xalqa müraciətləri ardıcıl və sistemli xarakter daşımış, mənasına və informasiya bazasına, təsir qüvvəsinə görə Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının mövqeyini açıq və aydın şəkildə əks etdirmişdir. Dövlət başçısı bu müraciətlərilə xalqı qələbə ətrafında birləşdirir, onun birliyini təmin edir, onu məlumatlandırır, eyni zamanda bu vasitə ilə dövlət və xalqın birliyi haqqında dünyaya mesaj verirdi. Bu gün birmənalı şəkildə təsdiqləmək olar ki, Prezident İlham Əliyevin xalqa müraciətləri müharibədə qələbənin ən önəmli vasitələrindən biri olmuşdur”, - deyə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev nəşrin “Ön söz”ündə qeyd edib.

Həmçinin “Ön söz”də Prezident İlham Əliyevin müharibədə qələbə strategiyasına malik olduğu kimi, post-müharibə dövründə işğaldan azad edilmiş rayonların bərpası, onların ümumölkə həyatına inteqrasiyasının uğurla həyata keçirilməsinə dair konsepsiyaya malik olduğunu sübut etdiyi vurğulanıb.

Təqdim olunan toplu Prezident İlham Əliyevin 44 günlük müharibə və ondan sonrakı dövr ərzində gərgin fəaliyyət istiqamətlərinin mənzərəsini yaratmaqla bərabər, dövrün beynəlxalq münasibətləri, beynəlxalq hüquq, demokratiya və insan haqları barədə dərin və əsaslandırılmış mühakimələri meydana qoyur.

Vəsait ölkə başçısının Qarabağın erməni işğalından azad edilməsi üçün apardığı məqsədyönlü siyasəti və Qalib Ali Baş Komandan kimi həyata keçirdiyi çoxcəhətli və düşünülmüş tədbirləri əks etdirən mühüm tarixi əhəmiyyətə malik olan sənədlərin və materialların dəqiq və əhəmiyyətli bir külliyatıdır.

Science.gov.az