Coğrafiya İnstitutunun əməkdaşı maarifləndirici seminarda çıxış edib Sen 29, 2021 | 01:09 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat və Təhsil Departamenti və AMEA Beynəlxalq Əlaqələr İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən təşviqat və maarifləndirici onlayn seminarda iştirak edib.

Azərbaycanın tibb sahəsində çalışan yüksək ixtisaslı mütəxəssisləri üçün təşkil olunmuş tədbiri keçirməkdə məqsəd onların beynəlxalq layihələrdə iştirakını, bu istiqamətdə daha çox fəallıq göstərmələrini təşviq etməkdən ibarət olub.

 Horizon-2020 Tədqiqat və İnnovasiya Proqramı üzrə milli əlaqələndirici Rövşən Kərimov tədbirdə “Horizon Avropa: layihə təkliflərinin tərtibi qaydaları” adlı təqdimatla çıxış edib. O, Horizon Europe proqramı çərçivəsində layihə təkliflərinin hazırlanmasının texniki qaydalarını, sənədləşmə şərtlərinı seminar iştirakçılarının diqqətinə çatdırıb. Alim həmçinin potensial tərəfdaş təşkilatların müəyyən edilməsinin ilkin şərtlərini, layihə təkliflərinin qiymətləndirilməsi meyarlarını izah edib, uğur qazanma ehtimalının yüksəlməsi üçün hansı amillərə fikir verilməsinin zəruri olduğunu diqqətə çatdırıb, ona ünvanlanmış sualları cavablandırıb.