Sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir Okt 06, 2021 | 03:10 / MÜHÜM HADİSƏLƏR

AMEA  akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov ARB 24 televiziya kanalına Bayıl aktiv sürüşmə zonasında gözlənilən sürüşmələrin baş verməsinin qarşısını almaq üçün aparılan qabaqlayıcı tədbirlərlə  bağlı müsahibə verib.

Məsələyə aydınlıq gətirən alim   bildirib ki, payız-qış aylarında yağıntılar zamanı sürüşməni aktivləşdirən yeraltı suların çıxması üçün süxurlararası istinad divarları arasında  drenaj sistemi qurulur ki, bu da gələcəkdə baş verə biləcək sürüşmələrin idarə olunması üçün əhəmiyyətli qabaqlayıcı  tədbir rolunu oynayır. Bu təbiət hadisəsinin qarşısının alınması üçün həmin tədbirin  fəal olaraq həyata keçirilməsi vacibdir.

Bu yay havaların həddən artıq isti keçməsi ilə əlaqədar Azərbaycanın bir sıra ərazilərində sürüşmələrin əmələ gəlməsinin gözlənilən olduğunu deyən alim, bunu istinin təsirindən süxurlarda çatların yaranması, yağıntılar zamanı həmin çatlara suların yığılmasına görə  yeraltı suların aktivləşməsi ilə əlaqələndirib. M.İsmayılov tədqiqatlar zamanı  Lahıc zonası, Şamaxı ərazisi, Talış dağlarının orta dağlıq hissəsi, Cəlilabaddan Yardımlıya çəkilən yeni yol ərazisi və sairdə  belə çatlara kifayət qədər rast gəldiyini qeyd edib.  Bakı ərazisində Yeni Günəşlinin Zığ tərəfə baxan yamacının sürüşmə baxımından çox təhlükəli olduğunu vurğulayıb. Hətta asfalt üzərində aydın görünən çatlar burada sürüşmənin baş verə biləcəyindən xəbər verir. Amma nə üçünsə, ətrafda tikinti aparılmasına baxmayaraq nə icra, nə də digər əlaqədar qurumların nümayəndələri həmin fəsadları görsələr də uyqun tədbirlər aparılmır.