Coğrafiyaçı alim istiləşmənin təhlükəli gözləntilərindən danışıb Okt 07, 2021 | 06:10 / MÜHÜM HADİSƏLƏR

AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov  “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində qlobal istiləşmənin təhlükəli gözləntilərindən danışıb.

S.Səfərov bildirir ki, bundan sonra da davam edən qlobal istiləşmə mövcud ekosistemdə ciddi neqativ dəyişikliklərə gətirib çıxaracaq. Çünki temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir - ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur.

Qlobal istiləşmənin ən təhlükəli təzahürlərindən biri temperaturun yüksəlməsi nəticəsində buzlaqların əriməsidir ki, nəticədə dünya okeanı və dənizlərdə suyun səviyyəsinin qalxması bir çox ərazilərin su altında qalmasına səbəb olacaq. Bundan başqa, buzların əriməsi nəticəsində yaranan külli miqdarda şirin su kütləsi okean sularının duzluluğunu kəskin şəkildə dəyişə bilər ki, bu da ekosistemdə ciddi dəyişikliklərə, o cümlədən biomüxtəlifliyin kəskin azalmasına gətirib çıxara bilər.