AMEA-da şanlı zəfərimizin ildönümünə həsr edilmiş təqdimat - sərginin açılışı olub Noy 02, 2021 | 10:11 / MÜHÜM HADİSƏLƏR

Noyabrın 1-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsindəki şanlı zəfərinin ildönümünə həsr edilmiş təqdimat - sərginin açılışı olub.

“Akademiyanın Qarabağnamələri” mövzusunda təşkil edilən sərgidə bölmənin elmi müəssisələrində Qarabağın tarixinə, ədəbiyyatına, folkloruna, memarlığına, mədəniyyətinə, eləcə də böyük qələbəmizə həsr edilmiş kitablar və rəsm əsərləri nümayiş olunub.

Açılış mərasimindən öncə tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində 30 il işğal altında qalan tarixi torpaqlarımızı düşmən işğalından azad etdiyini xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyevin müharibənin gedişində xalqımıza müraciətləri və xarici media nümayəndələrinə verdiyi müsahibələr, vətəndaşlarımızın sosial şəbəkələrdə aktivliyi, eləcə də alimlərimizin beynəlxalq konfranslarda Ermənistanın təcavüzünü dilə gətirmələri, mətbuatda məqalələrlə çıxış etmələri nəticəsində Azərbaycan nəinki hərb meydanında, o cümlədən informasiya müharibəsində düşmənə qalib gəldi.

Akademik İsa Həbibbəyli ötən bir il ərzində ölkə başçısının tapşırığı əsasında Qarabağda geniş quruculuq işlərinə başlanıldığını, müasir standartlara cavab verən yolların salındığını, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyini, eləcə də beynəlxalq mədəniyyət festivallarının baş tutduğunu diqqətə çatdırıb.

Xalqımızın bu günlərdə tarixi qələbəmizin ildönümünü qeyd etdiyini söyləyən AMEA-nın vitse-prezidenti sərgi vasitəsilə Akademiyanın bu mövzuda aparılan tədqiqatların bir qismini ictimaiyyətə təqdim etdiyini bildirib. Vurğulayıb ki, sərgidə bölmənin elmi müəssisələrinin alimləri tərəfindən ərsəyə gəlmiş 38 monoqrafik tədqiqat və 6 institutun 16 əməkdaşının çəkdiyi rəsm əsərləri təqdim olunur.

Akademik İsa Həbibbəyli nümayiş olunan sərgini Humanitar və İctimai Elmlər Bölməsinin müəssisələrinin elmi və bədii yaradıcılıq hesabatı adlandırıb.

Sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək şanlı qələbəmizin ildönümünə həsr edilmiş sərginin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, təqdimatdakı rəsm əsərləri janrından və üslubundan asılı olmayaraq, qəhrəmanlıq ruhundadır və insanda fəxarət hissi oyadır.

Mərasimdə, həmçinin çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Tarix İnstitutunun əməkdaşı, batalist rəssam Cəmaləddin İsmayılov və şəhid anası Simuzər Bağıyeva qalib xalq kimi yaşamağın qürurverici olduğunu söyləyib, Vətən müharibəsindəki qazanılan zəfərin mahiyyətinin gələcək nəsillərə çatdırılmasının önəmini qeyd ediblər.

Tədbirin bədii hissəsində filologiya elmləri doktoru Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, şair İbrahim Yusifoğlu, Lalə Əliyeva və Ruşan Ruşanzadə Qarabağa və qələbəmizə həsr edilmiş şeirlərini səsləndiriblər. Daha sonra saz sənətkarı Nəsib Nüsrətoğlunun ifasında qəhrəmanlıq rəmzi olan “Misri” havası dinlənilib.

Sonda akademik İsa Həbibbəyli bir sıra nəşrləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib və kitabları qurumun baş direktoru, professor Məmməd Əliyevə təqdim edib.

Qeyd edək ki, təqdimat – sərgi noyabrın 8-dək davam edəcək.

Science.gov.az