Coğrafiyaçı alim demoqrafik problemlərdən danışıb Noy 10, 2021 | 05:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov noyabrın 10-da “Dünya Elm Günü” münasibəti ilə Bakı Dövlət Universitetində onlayn formatda təşkil edilmiş beynəlxalq elmi seminarda iştirak edib.

Baş direktor tədbirdə “Dünyada əhali problemləri və postpandemiya dövründə inkişaf yolları” mövzusunda geniş məruzə ilə çıxış edib. Qlobal istiləşmə, onun yaratdığı ekoloji problemlər, ərzaq və şirin su təminatı, okeanlar və hava hövzələrinin qorunması, demoqrafik və s. kimi problemlərin dünya ictimaiyyətini narahat edən ən vacib qlobal məsələlər olduğunu vurğulayan məruzəçi onların həll olunması üçün dünya ölkələrinin bir araya gəlməsinin vacibliyini xüsusi qeyd edib. Alimin dediyinə görə onların həll edilməsi daim çoxsaylı problemlərlə qarşılaşır, heç də bütün ölkələr qlobal problemlərin həllində müsbət istiqamətdə çıxış edə bilmir və ya istəmir, əksəriyyətinin maliyyə imkanları yoxdur. Hegemon ölkələr isə bu istiqamətdə çox halda əməli fəaliyyət göstərmək istəmir və onlara təsir imkanları da mövcud deyildir.

Əhali problemlərini qlobal problemlər arasında birinci hesab edən məruzəçi əhalinin sayının artımı və qeyri-bərabər paylanması, təbii artım prosesinin nizamlanması, əhalinin yaş tərkibinin pozulması və qocalması, dünyada miqrasiyaların intensiv xarakter alması, koronovirus xəstəliyi və sanitar-epidemioloji şəraitin pisləşməsi haqqında danışarkən konkret rəqəmləri önə çəkib.