Coğrafiyaçı mütəxəssis GES-lərin quraşdırılmasi üçün optimal yerləri müəyyənləşdirib Noy 15, 2021 | 11:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun  Azərbaycanın iqtisadi və siyası coğrafiyası  şöbəsinin elmi işçisi Nicat İmamverdiyevin məqaləsi Rusiyada çıxan  impakt faktorlu  “International Scientific Journal for Alternative Energy and Ecology” jurnalında nəşr edilib.

“GES-lərin quraşdırılması üçün optimal yer seçimi (Naxçıvan MR timsalında)” adlı məqalədə Naxçıvanın radiasiya səviyyəsinin daha yüksək olması və günəşli saatların illik sayının 2500-dən çox olması baxımından tədqiqat ərazisi kimi seçilməsi qeyd edilir. Bildirilib ki, araşdırmalar zamanı GES-in quraşdırılacağı  optimal yerləri müəyyən etmək üçün çoxmeyarlı qərar qəbuletmə üsullarına əsaslanan analitik iyerarxiya prosesi (AHP) modelindən istifadə edilib. Tədqiqatın birinci mərhələsində yeddi meyar təhlil edilib: üfüqi səthdə ümumi günəş radiasiyası, meylilik, torpaqdan istifadə, günəş potensialı olan ərazilərdən yaşayış məntəqələrinə, qorunan sahələrə, magistral yollara və elektrik xətlərinə yaxınlıq kimi bufer məsafə. İkinci mərhələdə isə CİS əsasında müəyyən edilən meyarlar çərçivəsində ərazilərin əlçatanlıq və yararlılıq səviyyəsi təyin edilib.

Nəticədə günəş elektrik stansiyalarının qurulması üçün Naxçıvan MR-in 9.5%-inin (510 km2) yüksək, 12%-inin (645 km2) orta, 24%-inin  (1290 km2) isə aşağı yararlılıq səviyyəsinə malik olduğu hesablanıb. Regionun 54.5%-nin (2930 km2) illik radiasiya kəmiyyətinin 1350 kVt/m2-dən az olması, ərazinin relyef şəraitinin mürəkkəb, mühafizə olunan ərazilər, yaşayış məntəqələri, kənd təsərrüfatına yararlı və zəif infrastruktur sahələrini əhatə etdiyindən həmin ərazilər GES üçün yararsız hesab olunur.