Cİ-də su ehtıyatlarının müasir vəziyyəti müzakirə edilib Noy 22, 2021 | 11:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi-tədqiqat şöbələrinin 2021-ci il üzrə illik hesabatlarının müzakirəsi aparılır.

Növbəti müzakirədə “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin illik hesabatı dinlənilib. Şöbə müdiri, c.e.d., prof. Rza Mahmudov cari il ərzində aparılan işlərdən  danışarkən  qeyd edib ki, təsdiq olunmuş plana müvafiq olaraq “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti, dağ çaylarının sülb axımının tədqiqi və hesablanma  metodikasının işlənməsi” mövzusu üzrə iki iş – “Qarabağ ərazisinin və ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadə” və “Qarabağ ərazisində çayların sülb axımının yeni metodla tədqiqi” üzrə tədqiqatlar yerinə yetirilib.

Hər iki mövzunun müvafiq mərhələlərinə uyğun olaraq ərazi çaylarının işğaldan əvvəlki mövcud hidroloji, hidroqrafik müşahidə  məlumatları təhlil edilib, tədqiqatların məlumat bazası yaradılıb. GİS texnologiyalarından -  peyk, radar məlumatlarından istifadə etməklə CWBM və  SWBM balans metodları işlənilib və bu metodların əsasında Qarabağ ərazi çaylarının müşahidəsi zamanı  işğal dövrü üçün hidroloji sıralar bərpa edilib və su ehtiyatları qiymətləndirilib. Bu metodlara görə hesablanmış ərazinin su  ehtiyatları 1.93 km3 təşkil edir. İqlim dəyişmələrinin çayların rejiminə, illik axımına təsiri göstərir ki, digər ərazi çaylarında  olduğu kimi, Qarabağ ərazi çaylarında da 1998-2020-ci il dönəmində su ehtiyatları 9,8%, yəni əvvəlki dövrdə mövcud olan 2.14 km3-dən 1.93 km3-ə qədər azalmışdır.