Demoqrafiya və əhali şöbəsinin illik hesabatı dinlənilib Noy 23, 2021 | 10:11 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclasında baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov rəhbəri olduğu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin 2021-ci il üzrə illik hesabatını təqdim edib.

Z.Eminov  təqdimatında AR Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar cari ildə görülən işlərdən, şöbə əməkdaşlarının elmi məqalələrinin çapından və  məzuniyyət, eləcə də çöl tədqiqatlarının nəticələrindən,   fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi sahəsindəki geniş fəaliyyətdən, beynəlxalq əlaqələrdən, layihə və qrant üzrə yerinə yetirilən işlərdən, elmi kadrların hazırlanması və s. haqqında  geniş məlumat verib.

Müəssisə rəhbəri planda təsdiq olunmuş “Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə aparılan tədqiqatın nəticələrindən danışıb. O bildirib ki, 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94%-ni təşkil edir. 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı (167,1%)  olub. Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb.

2019-cu ildə Qarabağ iqtisadi rayonunda doğum əmsalı 12,9 ölkə üzrə orta hesabla 14,3 səviyyəsində, təbii artım əmsalı isə müvafiq olaraq 8,0 və 8,7 qeydə alınıb. Kəndlərin yüksəklik qurşaqları üzrə yerləşməsi baxımından  ərazidə Şuşa rayonunun Turabxan (2000 m) və Paşalar (1780)  kəndləri ən yüksəkdə yerləşən kəndlər hesab edilir.