Baş direktor təhsilin əsas göstəricilərini açıqlayıb Dek 03, 2021 | 04:12 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov ”Regionlarda ali təhsil: realliqlar və perspektivlər” adlı Beynəlxalq elmi konfransın iştirakçısı olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illiyinə həsr olunmuş tədbir Azərbaycan, Türkiyə, Şimali Kipr, Moldova və Qırğızıstan ali təhsil mərkəzlərinin birgə təşkilatçılığı ilə zoom platforması üzərindən həyata keçirilib.

Baş direktor konfransda Azərbaycan Respublikasının şəhər və rayonları üzrə təhsilin əsas göstəriciləri haqqında məruzə edərək hər beş ildən bir olmaqla, 20 il ərzində olan statistik məlumatları açıqlayıb. Alim bildirib ki, Azərbaycanda 2000-2001-ci tədris ilində 47, 2020-2021-ci t/ilində isə 52 dövlət və qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib. 2000-2001-ci tədris ilində  ölkədə ali məktəblərə 26,4 min nəfər, 2020/2021-ci tədris ilində isə 45 min nəfər qəbul olunub. 2000-ci ildə ali təhsil müəssisələrində cəmi 119683 tələbə təhsil alırdısa, 2020-2021-ci t/ilində onların sayı 198707 nəfər olub.   

Rayonlar üzrə bölgü aparan coğrafiyaçı alim Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində müstəqil ali təhsil müəssisəsinin olduğunu qeyd edib. O, Dağlıq Şirvan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi rayonlarında da belə ali təhsil müəssisələrinin yaradılmasını vacib hesab edib.

 Məruzəçi həmçinin MDB ölkələrinin ali təhsil müəssisələrində təhsil alan tələbə sayının (əhalinin  hər 10.000 nəfərinə görə) müqayisəli təhlilini aparıb, elmi dərəcəsi olan və olmayan dərs deyən müəllimlərin sayını, iri şəhərlərin payına düşən ali təhsil müəssisələrinin rayonlar üzrə sayını və araşdırdığı digər statistik məlumatları açıqlayıb.

Z.Eminov hesab edir ki, ümumiyyətlə, Respublikada təhsil alanların sayı heç də qənaətbəxş sayıla bilməz. Çünki əhalinin hər 10 000 nəfərinə görə onların sayı Qırğızıstanda 325, Qazaxıstanda 307, Belarusda 282, Rusiyada 277 olduğu halda, Azərbaycanda cəmi 199 nəfərdir. Ölkədə hələ 8-10 yeni ali təhsil ocağının yaradılması zəruridir. “Son vaxtlarda özəl ali  təhsil müəssisəsinin kadr potensialı bir neçə dəfə azalmışdır”, - deyə alim bildirib.