Coğrafiyaçı alim risklərin qiymətləndirilməsi üzrə tədbirin iştirakçısı olub Fev 04, 2022 | 04:02 / MÜHÜM HADİSƏLƏR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani 2022-ci il 25-26 yanvar tarixlərində Gürcüstanın Tbilisi şəhərində PPRDEsat3 proqramı çərçivəsində “Fəlakət riskinin qiymətləndirilməsi üzrə regional təlimatların hazırlanması” mövzusunda keçirilən seminarda  iştirak edib.

Hibrit formada təşkil olunmuş tədbirdə İtaliya, İsveç, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, Ermənistan nümayəndə heyətləri iştirak edib. Seminarda tərəfdaş ölkələr və Avropa İttifaqına üzv dövlətlərindən olan ekspertlər arasında regional səviyyədə təhlükələrə məruz qalmalar və fəlakət riskləri haqqında müxtəlif qiymətləndirilmə meyarlarına aydınlıq gətirilib.

Coğrafiyaçı alim “Azərbaycanda təbii fəlakətlərin coğrafiyası və regional fəlakət riskinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edərək fəlakət risklərinə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla həyata keçirilməsindəni, fəlakətlərin vurduğu ziyanların hesablanma mexanizminin daim yenilənməli olmasından, proqnozlaşdırılmanın üstünlüklərindən danışıb. Alim təbii fəlakətlərin mənşəyinə görə əmələgəlmə səbəbləri, texnogen təsirlər zamanı onların areallarının genişlənməsi və intensivliklərinin artmasını barədə bəzi məqamlara toxunub, Azərbaycanda daha çox müşahidə edilən təbii fəlakət hadisələri: zəlzələ, palçıq vulkanları, sel, sürüşmə, daşın, leysan yağışları və s. barədə iştirakçılara məlumat verib, professor Neron Babaxanlı ilə birgə tərtib etdikləri “Azərbaycanda təbii fəlakətlər xəritəsi”ndən söz açıb.

Tədbir zamanı  fəlakət riskləri müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. İştirakçılar gələcək əməkdaşlıq üçün ölkələr arasında təcrübə mübadiləsi qurmaq məqsədilə vahid şəbəkənin yaradılmasının vacibliyini qeyd ediblər.