Coğrafiya İnstitutunda Xocalı faciəsinin ildönümü qeyd edilib Fev 28, 2022 | 09:02 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda  Xocalı qurbanlarının anım mərasimi keçirilib.

İlk öncə tədbir iştirakşiları Xocalı, eləcə də Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı və bağışlanmaz bir qətliam olduğunu qeyd edən baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, tarixdə Azərbaycanın bir çox şanlı səhifəsi var ki, bunlardan biri də ölkəmizin Qarabağ uğrunda apardığı mübarizədir. Bu gün artıq deyə bilərik ki, bu problem demək olar, həllini tapıb. İgid, qeyrətli oğullarımızın şücaəti sayəsində şanlı ordumuz 44 gün ərzində düşməni yerində oturdub, torpaqları azad edib. Ancaq bu qələbə heç də asan başa gəlməyib, xalqımız dəfələrlə vəhşi, azğın düşmənlə üz-üzə durub, çoxlu qanlar axıdılıb, qurbanlar verilib. Xocalı qətliamı bu faciələrin  ən dəhşətlisidir ki, bu gün onun 30-cu ildönümünü qeyd etməyə yığışmışıq. Bəlkə də biz hər ildönümündə bu hadisələri xatılayarkən sözlərimizdə, fikirlərimizdə təkrarlanırıq. Lakin buna baxmayaraq Xocalı hadisələri unudulmamalı, yeni yetişən nəslə çatdırılmalı, hansı bir ölkə ilə, çörəyi dizinin üstündə olan bir dövlətlə qonşu olduğumuzu bizə həmişə xatırlatmalıdır. Prezident İlham Əliyevin təbirincə desək, "dəmir yumruq” erməni faşistlərinin yenidən dirçəlib faciə törətməsinə imkan verməməlidir.

 Sonra çıxış edən İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev statistik rəqəmləri önə çəkərək Xocalı hadisələrində  erməni vəhşiliyi nəticəsində 613 nəfərin  öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qaldığını, 150 nəfərin itkin düşdüyünü, 56 nəfərin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. O bildirib ki, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə İnstitut adından əklil qoyulub.

Şöbə müdiri, coğrafiya elmləri doktoru Rza Mahmudov çıxışında bildirib ki, Türkiyədə yaşayan dünya səviyyəli riyaziyyatçılar siyahısına salınmış alim qardaşı Ə.Mahmudov ABŞ-da nəşr etdirdiyi kitabını Xocalı soyqırımına həsr etdiyini qeyd etdiyinə görə əsəri çap etməkdən imtina ediblər və alim  soyqırımını "Xocalı qurbanları" ifadəsi ilə əvəz etməyə məcbur olub. 

Tədbir Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı videonun nümayişi ilə sona çatıb.