Gimnaziyada Cİ rəhbəri ilə görüş keçirilib Mart 11, 2022 | 06:03 / MÜHÜM HADİSƏLƏR

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovla görüş keçirilib.

Elm və təhsilin vəhdəti istiqamətində təşkil edilən tədbirdə Gimnaziyanın rəhbərliyi, coğrafiya kafedrasının nümayəndələri, Kiçik Akademiyanın coğrafiya bölməsində fəaliyyət göstərən şagirdlər, BDU-nun “Sabah qrupu”nun Gimnaziyada pedaqoji  təcrübə keçən bir qrup tələbəsi, eləcə də Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov  iştirak ediblər.

Görüş “Şuşa ili” çərçivəsində Qarabağın coğrafiyası mövzusuna həsr olunub. Gimnaziyanın İstedadlı şagirdlərinin Qarabağ və işğaldan azad edilmiş rayonların coğrafiyasına dair  təqdimatları dinlənilib. Sonra şagirdlər İnstitut rəhbəri Zakir Eminovun elmi fəaliyyətinə həsr etdikləri videofilmi nümayiş etdiriblər.

Zakir Eminov çıxış edərək şagirdlərə Coğrafiya İnstitutunun fəaliyyəti,  İnstitut alimlərinin orta məktəblər üçün nəşr etdirdikləri və  özünün müəllifi olduğu çoxsaylı coğrafiya dərslikləri və s. haqqında məlumat verib. Görüşdə Gimnaziyanın elmi müəssisələrlə əməkdaşlıq perspektivləri müzakirə edilib. Z.Eminov şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, İnstitutun imkanlarından istifadə məsələləri ilə bağlı təkliflər edib, Gimnaziyanın kitabxanasına qiymətli kitablar hədiyyə edib. Alim şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.