Baş direktor BDU-da keçirilən elmi seminarda ekoloji vəziyyətdən danişib Mart 16, 2022 | 01:03 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov “Elm günü” ilə əlaqədar  Bakı Dövlət Universitetində “Azərbaycan təbiətini qoruyaq”  mövzusunda keçirilən Elmi seminarda iştirak edib.

Universitetin Coğrafiya fakültəsinin təşkil etdiyi tədbirdə fakültənin  professor-müəllim heyəti, magistrantlar və digərləri iştirak ediblər.

Zakir Eminov “Azərbaycan Respublikasında müasir ekoloji problemlər və onların həlli yolları“ mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır. Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji  disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. “30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Z.Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir: “Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.

Sonra respublikada olan ekoloji vəziyyət müzakirə edilib. Universitet alimləri Şəkər Məmmədova,  Yaqub Qəribov, Tahir İbrahimov, Ramiz Əhlimanov və s. milli park, qoruq və yasaqların vəziyyəti, meşələrin qırılması, sudan səmərəli istifadə, səhralaşma problemi, Azərbaycan təbiətinin qorunmasının kartoqrafik metodlarla öyrənilməsi haqqında məruzə və çıxışlar ediblər.

Tədbirdə çıxış edənlər dövlət qurumları nümayəndələrinin belə seminarlarda iştirakını məqsədəuyğun hesab ediblər, dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində alim və mütəxəssislərin rəy və təkliflərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıblar.