AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov Şura üzvlərini və İnstitut kollektivini xalqımızın sevimli milli bayramı olan, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, firavan həyat, Qarabağın dirçəlişi uğrunda böyük uğurlar arzulayıb.
Gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran Z.Eminov dünyanın bir sıra ölkələrində 10 noyabr, Azərbaycanda isə 27 mart tarixinin Elm Günü kimi qeyd edildiyini vurğulayıb. Müəssisə rəhbəri bu münasibətlə AMEA Rəyasət Heyətinin tədbirlər planına uyğun olaraq Coğrafiya İnstitutunda nəzərdə tutulan tədbirlərdən danışıb.
Sonra baş direktor 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar İnstitutun alim və mütəxəssisləri tərəfindən bu ilin sonunadək Şuşanın albom-xəritəsinin və eləcə də “Şuşa rayonunun ensiklopediyası”nın Şuşanın coğrafiyasına aid hissəsinin hazırlanmasını öhdəsinə götürdüyünü qeyd edib. O həmçinin bu il keçiriləcək elmi konfranslara hazırlıq haqqında da məlumat verib.
Gündəlikdəki məsələlər müzakirə edildikdən sonra uyğun qərarlar qəbul edilib.