AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Rusiya Federasiyasının Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, Qazaxıstandakı “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” Beynəlxalq jurnalının nümayəndəsi Nasiha Kenjina ilə görüş keçirilib.
Görüşdə Nasiha xanımla birlikdə Azərbaycana gələn Qazaxıstanın Cambul vilayətində azərbaycanlılarla iş üzrə “Mehriban” Mədəniyyət Mərkəzinin müdiri Esmira xanım da iştirak edib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov Qazaxıstan nümayəndələrini salamladıqdan sonra onları iclas iştirakçılarına təqdim edib və çıxış üçün sözü Nasiha xanımı ona verib.
Azərbaycanda olmağından məmnunluğunu bildirən Nasiha xanım ölkəmizə gəlişinin səbəbini açıqlayıb. Azərbaycana olan hədsiz məhəbbətini dilə gətirən natiq bildirib ki, daima Azərbaycanla maraqlanıb, onu yaxından tanımaq, insanları ilə tanış olmaq məqsədilə 2017-ci ildə ilk dəfə olaraq ölkəmizə gəlib, kütləvi informasiya vasitələrindən, insanlarla söhbətlərdən onların yaşayışı, respublikamız, Qarabağ və s. haqqında məlumatlar toplayıb, aldığı məlumatlar əsasında isə kitab yazmağa başlayıb. (Halbuki, dediyinə görə, ilk dəfə idi ki, kitab yazırdı.) Balaca Zəhranın ermənilər tərəfindən öldürülməsinin təsiri altında yazdığı şeri tərcümə etdirərək Azərbaycandakı saytlara göndərib. Həmin saytların gecikmədən şeri çap etdiklərini və insanlardan ona çoxlu müraciətlər, məktublar gəldiyini gördükdən sonra Qarabağ hadisələrini dərindən öyrənməyə başlayıb.
44 günlük Vətən müharibəsini böyük həyəcanla izləyən Nasiha xanım 8 Noyabr Qələbə gününü hədsiz sevinclə qarşılayıb, Azərbaycan bayrağına bürünərək Almatının hündür yüksəkliyinə qaçıb və bayrağımızı orada dalğalandırıb.
Kitabı ürəyinin çağırışı ilə unudulmayan və dəhşətli Qarabağ hadisələri haqqında yazdığını deyən qazax xanım əsərini Azərbaycanın bütün terror və genosid qurbanları, günahsız öldürülən körpələr, qaçqın və itkin düşənlər, torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş oğul və qızlar, “sağ ikən cəhənnəmi görmüş” insanların xatirəsinə, qəhrəmanlar tərbiyə etmiş cəsur anaların xatirəsinə, ümumiyyətlə, bütün Azərbaycana, onun xalqına, müzəffər ordusuna və əvəzsiz prezidenti, Ali Baş Komandan İlham Əliyevə həsr etdiyini bildirib. Onun sözlərinə görə kitabı yazmaqda əsas məqsədi Azərbaycanı, onun əyilməz, mübariz və azadlıqsevər xalqını Qazaxıstana və bütün dünyaya tanıtmaq olub.
Sonra o, müəllifi olduğu “Qarabağ – vətənə aparan uzun yol” kitabını İnstitutun baş direktoruna təqdim edib. Zakir Eminov və çıxış edən digər əməkdaşlar Nasiha xanıma vətənimizə, xalqımıza, ordumuza, Prezidentimizə olan sevgisi, isti münasibətinə, ən başlıcası isə, eyni kökdən olan türk xalqlarının bir-birinə yaxınlaşması, bir-birini tanıması yolunda sərf etdiyi əməyə görə Azərbaycan xalqı adından minnətdarlıqlarını bildiriblər. Birinci Qarabağ müharibəsinin iştirakçısı, dosent Etibar Bədəlov Veteranlar Cəmiyyəti tərəfindən ona verilmiş “Şuşanın alınmasına görə” medalını qonağa bağışlayıb.
Sonda tədbir iştirakçıları Nasiha Kenjinanın Qarabağ hadisələrinə həsr etdiyi videoçarxa həyəcanla tamaşa ediblər.