Coğrafiyaçı alim II şagird elmi konfransında iştirak edib İyn 22, 2022 | 06:06 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Azərbaycan Respublikası Təhsil Nazirliyi S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən Kiçik Akademiyanın “Şuşa ili”nə həsr edilmiş II Şagird elmi konfransında iştirak edib.

Şagirdlərdə elmə, beynəlxalq elmi müsabiqələrdə iştiraka, elmi tədqiqat işlərinə  həvəs oyatmaq, gənc nəsli elmin ən aktual problemləri ilə tanış etmək, onlarda nitq və müasir düşüncə qabiliyyətini inkişaf etdirmək məqsədini daşıyan tədbirdə  Gimnaziyanın direktoru İlqar Talıblı başda olmaqla, bütün pedaqoji kollektivi, Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının, ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Gimnaziyanın Coğrafiya Institutu ilə sıx əlaqələri mövcuddur. Bu ilin mart ayında məktəbdə İnstitut rəhbərliyi ilə görüş keçirilib, istedadlı şagirdlərin işğaldan azad edilmiş rayonların coğrafiyasına dair  təqdimatları dinlənilib. Coğrafiya İnstitutunun  baş direktoru, c.e.d. Zakir Eminov Gimnaziyanın rəhbərliyi ilə elm və təhsil müəssisələri arasında  əməkdaşlıq perspektivlərini müzakirə edib.

Etibar Bədəlov da daxil olmaqla, AMEA-nın  elmi tədqiqat institutlarının, ali təhsil müəssisələrinin yüksək ixtisaslı əməkdaşlarının üzv olaraq yer aldıqları jüri tərəfindən şagirdlərin konfransa təqdim etdikləri işləri dinləniləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq qalib iştirakçılar müəyyən ediləcəkdir.