AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov iyunun 20-də Təbriz şəhərində keçirilən “4th Intercontinental Geoinformation Days” beynəlxalq konfransında onlayn formatda məruzə ilə çıxış edib.
“Analysis of a strong thunderstorm process observed in the eastern part of the Republic of Azerbaijan on june 1,2017” (“2017-ci il iyunun 1-də Azərbaycan Respublikasının şərq bölgəsində müşahidə olunan güclü tufan prosesinin təhlili”) mövzusundakı məruzəsində alim həmin tarixdə Böyük Qafqazın cənub yamacında, o cümlədən Qobustan rayonu ərazisində baş vermiş güclü leysan, dolu və daşqın hadisələrini, ildırım-dolu buludlarının inkişaf dinamikasını, eləcə də güclü selin əmələ gəlməsinə digər amillərin təsirini hərtərəfli təhlil edib. Radar və peyk müşahidələrinin məlumatlarını, o cümlədən aerosinoptik materialın təhlili əsasında baxılan regionun fiziki-coğrafi şəraitini nəzərə alaraq belə proseslərin daha etibarlı proqnozlaşdırılması üçün müvafiq təkliflər verib.
Qeyd edək ki, Geomorfologiya şöbəsinin elmi işçisi Ceyhun Qasımov da “Ecological-geomorphological analysis of surface processes in the Kura-Araz lowland and adjacent territories on the base of remote sensing data” (“ Kür-Araz ovalığında və ona bitişik ərazilərdə yerüstü proseslərin məsafədən zondlama məlumatları əsasında ekoloji-geomorfoloji təhlili”) adlı məqaləsi ilə konfransda iştirak edib.