AMEA akad. H Ə.Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə elmlər doktoru Məhəmməd Əhməd oğlu Məmmədovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilib.
İnstitutun baş direktoru, c.e.d Zakir Eminov bu münasibətlə yubilyarı İnstitut kollektivi adından təbrik edib, ona can cağlığı, elmi fəaliyyətində nailiyyətlər arzu edib.
Yubilyara ünvanlanmış təbrik məktubunun mətni:
HÖRMƏTLİ MƏHƏMMƏD MÜƏLLİM!
AMEA akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmağınızın 70 illiyi və çoxillik elmi yaradıcılıq fəaliyyətiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir. Sizə uzun ömür, möhkəm can sağlığı və elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayır.
Siz, 1952-ci ildə vətənimizin qədim Laçın diyarında, üçsüz-bucaqsız dağların qoynunda anadan olmuşunuz. 1970-ci ildə doğma diyarınızda orta təhsil aldıqdan sonra ömür coğrafiyanızın əsasını Azərbaycan BDU-nun Coğrafiya fakültəsini tamamlamısınız. Ömür səlnamənizin sonrakı mərhələsini isə AMEA Coğrafiya İnstitutu ilə bağlamısınız. Nəhayət 1980-cı illərdə həmin institutun aspiranturasına daxil olmusunuz. Artıq bu gün 50 illə yaxındır ki, coğrafiya elminin meşə torpaqlarının öyrənilməsi sahəsində elmi təcrübəniz və müvafiq elmi fikirlərinizin potensialı da çox-çox artmışdır. Uzun illərdir bu sahədə apardığınız elmi-yaradıcılıq işləriniz və elmi-kütləvi təcrübəniz bunları təsdiq edir. Elmi hesabatlarınız, onlardakı yeni coğrafi fikirləriniz yəqin ki coğrafiya elminin hərtərəfli inkişafında gərəkli təcrübə olmuşdur. Bunlar 40-dan çox elmi əsərlərinizdə bir daha özünü əks etdirir.
Əziz Məhəmməd müəllim!
Azərbaycan Respublikasında meşə torpaqlarının xüsusilə dağ çəmən, dağ qonur-meşə və dağ-qonur torpaqlarının formalaşmasına, onların müxtəlif genetik təsnifatının öyrənilməsində sizində payınız çoxdur. Çünki onların müasir vəziyyəti, deqredasiyası və səbəbləri sizin tərəfinizdən daha yaxşı öyrənilmişdir.
Hazırda Azərbaycanda adi badamın, püstənin və zeytun plantasiyalarının kompleks öyrənilməsi məsələsini, onların coğrafiyasının gələcək istiqamətlərini arayıb - araşdırırsınız. Yəni elmi-yaradıcılığınızın və ömür coğrafiyasının gözəl və uğurlu anlarını yaşadırsınız.
Bu yolda Sizə Coğrafiya İnstitutunun kollektivi daha böyük uğurlar diləyir.
Hörmətlə,
AMEA akad.H.Əliyev adına Coğrafiya
İnstitutunun direktoru c.e.d. Z.Eminov
Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. H.Haqverdiyev