İqlimşünas alim Real TV-də quraqlıqla əlaqədar elmi açıqlama verib Avg 24, 2022 | 12:08 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev Real TV-nin qonağı olub.

Qlobal quraqlığın Azərbaycana təsiri mövzusunda fikirlərini bölüşən alim bu istiqamətdə gedən proseslərin əsasında duran antropogen amillərlə yanaşı texnogen amillərin rolunu izah etməyə çalışıb. Onun sözlərinə görə bu məsələdə günəş aktivliyinin dəyişməsi, Yerin fırlanma oxunun orbit müstəvisində əmələ gətirdiyi sarsıntılar, dəyişmələr və digər geofiziki amilləri də nəzərə almaq lazımdır. Hazırda Avropada olduğu kimi, Azərbaycanda da temperaturların artması, yağıntıların azalması və s. quraqlığı sürətləndirir. Yağıntıların azalması səbəbini aydınlaşdıran  alim aparılan tədqiqatlar  əsasında dağətəyi zonalarda yağıntıların miqdarının azalmasının, lakin yuxarılara qalxdıqca nisbətən artdığının müşahidə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Yer üzərindəki qızmış hava kütlələri çox yuxarı qaxmalıdır ki, soyumağa məruz qalsın, yəni kondensasiya səviyyəsinə çatsın və suyun buxar – maye halına keçməsinə şərait yaransın. İqlimşünas alim təbii fəlakətlərin sayının xeyli artmasını günəş aktivliyinin çoxalması ilə izah edərək onun mart ayından etibarın ikiqat  artmasını, bu səbəbdən həmin ayda baş verən təbii fəlakətlərin sayının da hədsiz dərəcədə artığını diqqətə çatdırıb.

H.Nəbiyev həmçinin temperaturlar artarsa Yer kürəsində təzyiq sahələrinin yerləşməsində, qütbətrafı ərazilərdə buzların sürətlə əriməsi nəticəsində baş verə biləcək dəyişmələr, antisiklonların yaranması, təsərrüfat sahələrində aqroiqlim şəraitinə adaptasiya, temperatur dəyişmələrinin Xəzərin səviyyəsinə təsiri və s. məsələlərə aydınlıq gətirib.