Coğrafiyaçı mütəxəssis sahilboyu əraziləri rəng çalarlarına görə müəyyən edib Sen 14, 2022 | 01:09 / MÜHÜM HADİSƏLƏR

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin mütəxəssisi  Ramin Atakişiyev Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə Abşeron yarımadasının sahil zolağının bəzi sahələrində (Sumqayıt şəhərinin Corat qəsəbəsi, Bakının Kürdəxanı, Mərdəkan və Hövsan qəsəbələri) dron aparatının köməyi ilə tədqiqat işi aparıb.

Tədqiqatın məqsədi əvvəlcədən seçilmiş ərazilərdə kənar müdaxilələr nəticəsində Xəzər dənizinin sahilə yaxın sahələrində müxtəlif rəng çalarlarının yaranma səbəblərinin öyrənilməsi və qeyd olunan sahələrdə çirklənmə vəziyyətinin qiymətləndirilməsidir.

Mütəxəssis qeyd edib ki, monitorinq keçirilən ərazidə vizual müşahidələr zamanı dəniz səthinin sahildən təqribən 150 metr aralı məsafəyədək 3 rəng çalarlarında qəhvəyi, sarımtıl və mavi rənglərdə olması qeydə alınmışdır ki, bu da ilkin baxışda dənizin müxtəlif mənbələrdən çirklənməsi nəticəsinə gəlinir. Müşahidələr  aparılan zaman sahildən 10-50 metr aralığında olan qəhvəyi rəngin olması həmin ərazidə yosunların mövcudluğunu, sahildən 50-70 metr aralığında sarımtıl rəng həmin sahədə dərinliyin 20-30 sm aralığında dəyişməsi nəticəsində dənizin dibində qumsallığın görünməsini, mavi rəng isə açıq dənizdə suyun şəffaf olmasını deməyə əsas verir.

O həmçinin diqqətə çatdırıb ki, sahil zolağından müəyyən məsafə  aralıda götürülmüş dəniz suyu nümunəsi üzərində  aparılmış kimyəvi və mikrobioloji təhlillərin nəticəsinə görə suyun çirklilik dərəcəsi, xəstəlik törədən bakteriyaların normadan artıq miqdarı da təyin edilib.