Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Vikipediya qrupunun rəhbəri Aida Aslanova Türkiyədə keçirilən türkdilli ölkələrin vikipediyaçılarının “VİKİDATA-2022 İstanbul” konfransında 10 nəfərdən ibarət istifadəçi qrupu tərkibində ölkəmizi təmsil edib.
Rəqəmsal İnformasiya Assosiasiyası və Türk Dilləri Vikimedia Qrupu tərəfindən təşkil edilən konfransda dünyanın 10 ölkəsi və muxtar bölgəsindən türk dillərində danışan könüllülər 21-23 oktyabr 2022-ci il tarixlərində Üsküdar Universitetində bir araya gəliblər. Azərbaycan, Başqırdıstan, Gürcüstan, İran Azərbaycanı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Saxa, Tatarıstan və Türkiyədən olan türk vikipediyaçıların iştirak etdikləri konfransın keçirilməsində məqsəd türkdilli könüllülərin Vikidata haqqında bilik və bacarıqlarını təkmilləşdirmək, bununla da öz mədəniyyətləri və dilləri haqqında məlumatları internetdə əldə etmək üçün dəstəkləməkdir.
Konfrans nümayəndələri Vikidata layihəsində məlumatların necə sorğulanması və paylaşılması, Vikidatadan istifadə ilə bağlı təqdimatlar və seminarlarda iştirak edib, sinxron tərcümələrlə müxtəlif dillərdə həyata keçirilən təlimləri dinləyib, özləri də ölkələrindəki və Türkiyədəki ortaq fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda Vikidatanın 10 illiyi münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, iştirakçılara müxtəlif hədiyyələr verilib və onlar Boğaz turu ilə səyahətə çıxıblar.