Yeni "Coğrafiya" dərsliyi çapdan çıxıb Noy 10, 2022 | 05:11 / YENİ NƏŞRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun həmmüəllif olduğu “Coğrafiya” dərsliyi çapdan çıxıb.

Landau məktəbinin sifarişi ilə ərsəyə gələn və imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri, müəllimlər üçün nəzərdə tutulan bu dərs vəsaiti AR Təhsil Nazirliyinin təsdiq etdiyi fənn kurikulumunun tələbləri və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına tam uyğundur və bütün proqramı əhatə edir.

567 səhifəlik vəsait  "Coğrafiyanın elminin inkişaf tarixi", "Kartoqrafik təsvirlər", "Kainat və Günəş sistemi", "Litosfer", "Atmosfer", "Hidrosfer", "Biosfer və coğrafi təbəqə", "İqtisadi və sosial coğrafiya ", "Təbii ehtiyatlar", "Dünya əhalisinin coğrafiyası", "Dünya təsərrüfatı", "Bəşəriyyətin qlobal problemləri" başlıqları altında tərtib edilib.

Hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib. Vəsaitin sonunda orta məktəb coğrafiya kursunda istifadə edilən əlavə materiallar da verilib.

Qeyd edək ki, 12 bölmədən ibarət kitabın 5 bölməsi Z.Eminov tərəfindən hazırlanıb.